Mirça Rednik: “Həyat sürprizlərlə doludu”
Bizi izləyin

İdman

Mirça Rednik: “Həyat sürprizlərlə doludu”

Klubun prezidenti Cici Bekali komandanın çıxışından narazıdı. Belə ki, hazırda “Styaua” 18 turda 32 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Təbii ki, bu vəziyyət Bekalini razı salmır. Üstəlik futbolçularların intizamsız hərəkətləri və məhz bu üzdən komandanın son bir neçə qarşılaşmada xal itirməsi Rednik variatını gündəmə gətirib. Çünki hazırkı baş məşqçi İlie Stan komandanı bu vəziyyətdən çıxarmaq gücündə deyil.


Bekali Rumıniya mediasına açıqlamasında Rednik variantının gündəmdə olduğunu etiraf edib: “Komanda transfer xərclərinə münasib oyun nümayiş etdirmir. Məni ən çox qıcıqlanıran isə komandanın daxilində nizam-intizam qaydalarının olmamasıdı. Futbolçular nə istəyirlərsə, onu da edirlər. Çıxış yolu kimi komandanın başına yeni baş məşqçinin gətirilməsini düşünürük. Bu Mirça Rednik də ola bilər. Ancaq onun təklifimizlə razılaşıb-razılaşmayacağını deyə bilmirəm”.

Yerli mətbuat isə Rednikin “Dinamo” və “Rapid”də çalışdığı dönəmlərdə “Styaua” ilə münasibətlərinin qaydada olmadığını, hətta bu komandaya əzəli rəqib gözü ilə baxdığını iddia edir və bu üzdən təklifə müsbət cavab verməyəcəyini iddia edir. Lakin “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi hamının təəccübünə səbəb olan açıqlama ilə diqqəti çəkib.

Rednik bildirib ki, “Styaua”da çalışmağın əleyhinə deyil: “Hazırda “Dinamo”, ÇFR və “Rapid”in işləri qaydasındadı. “Styaua”da isə problemlər var. Futbol da digər idman növləri kimi intizamı sevir. İntizam olmayan yerdə uğur olmaz. Mənim “Styaua” ilə nə futbolçu, nə də məşqçi kimi bağlılığım olmadığı üçün bu çətin ola bilər. Ancaq Bekali ilə işləmək də mümkündü. “Styaua”dan rəsmi təklif alsam, qərar verməyə tələsmərəm. Həyat sürprizlərlə doludu. Məşqçi həyatı isə sürprizlər toplusudu. Bəzən gözləmədiyin yerdən xəyanət, ən qatı düşmənindən isə mərdlik görürsən. Əsas odu ki, arxanda səni utandıra biləcək əməlin qalmasın”.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm