İdman
İmperiyanın “şikəst övlad”ı - Orda biz də var idik...
İndi o turniri kimsə xatırlamır. Amma vaxt vardı ki, Azərbaycanın futbol ictimaiyyəti o turnirdə iştirak edən klublarımızdan qələbə istəyirdi. Gec də olsa, Azərbaycan klubları bu turnirdə qələbə qazanmağı bacardı. Ancaq turnirin səviyyəsi yetərincə aşağı düşdükdən sonra. Rusiya və Ukrayna klublarının bu turnirə ögey münasibətindən sonra Azərbaycan klubları şimalda "at oynatmağa" başladı. Ukrayna klublarının biganəliyini anlamaq mümkündü. Ancaq Rusiya klublarının yox... Axı bu turnirin planını məhz Rusiya qurmuşdu. Özü də məkrli planını. Bir vaxtlar keçirilən "Birlik Kuboku"nu deyirik. İndi tək-tük azarkeşin yadında qalan o turnirin tarixini bir daha vərəqləyəcəyik.
Nə MDB SSRİ oldu, nə də "Birlik Kuboku" sovet çempionatı
SSRİ dağıldıqdan sonra Rusiya birlikdən ayrılan ölkələr üzərində hegemonluğunu qorumaq üçün Müstəqil Dövlətlər Birliyini (MDB) yaratdı. Rusiya Futbol İttifaqı da "Birlik Kuboku"nu təşkil etdi. Məqsəd eyni idi - MDB SSRİ-nin davamçısı olmalı, "Birlik Kuboku" isə SSRİ çempionatını əvəz etməliydi. Ancaq nə MDB SSRİ, nə də "Birlik Kuboku" Sovet çempionatı ola bildi. "Niyə"sini sonra izah edəcəm. İndi isə Rusiya Futbol İttifaqı tərəfindən təşkil edilən, FİFA-nın da dəstəklədiyi turnirin necə başlamasından danışaq.
Plan SSRİ dağılan kimi qurulmağa başlasa da, ilk turnir 1993-cü ildə baş tutdu. Ukrayna təmsilçiləri bu turnirdə iştirak etmədi. Belədə əvvəlcədən gözlənildiyi kimi, Moskva "Spartak"ı maneəsiz çempion oldu. "Ağ-qırmızılar"a yarımfinalda gürcülər az-çox müqavimət göstərsə də (1:2), bu, onların çempionluğuna mane olmadı. Rusiya klub futboluyla digərləri arasında səviyyə fərqini aydınlaşdırmaq üçün "Spartak"ın keçirdiyi oyunlara nəzər salmaq kifayətdi. Moskvalılar qrup mərhələsində turnirdə ilk dəfə ölkəmizi təmsil edən "Neftçi"ni 8:0, Riqa "Skonto"sunu 7:0 hesabıyla məğlub etdi. Finalda isə Minskin "Belarus" klubunu təmsilçimiz kimi, fantastik 8:0 hesabıyla məğlub edən ruslar digər ölkələrə ortadakı səviyyə fərqini göstərdi. Maraqlıdı ki, cəmi 4-5 il əvvəl ruslarla SSRİ çempionatında bərabər mübarizə aparan komandalar artıq onlara müqavimət belə göstərə bilmirdi. Sovetlərin artıq mövcud olmadığı bu bir neçə il klublar arasındakı səviyyə fərqini əks istiqamətlərə bir xeyli uzaqlaşdırmışdı.
İkinci turnir də birincidən fərqlənmədi. Yenə də ruslar rəqiblərini əzə-əzə finala qədər irəlilədi. Finalda isə özbəklərin "Neftçi"sini 7 top fərqiylə məğlub edərək ikinci dəfə kuboku Moskvada saxladı.
1995-ci ildə isə nəhayət, ukraynalılar turnirə qatılmaq qərarı verirlər. Ancaq Ukraynada ölkə çempionu olan Kiyev "Dinamo"su süni örtükdə keçirilən oyunlarda futbolçularının zədələnməsindən ehtiyat edərək turnirə qatılmaqdan imtina etdi. Onları bu turnirdə Donetsk "Şaxtyor"u əvəz etdi. Donetsklilər qrupu yüzfaizlik nəticəylə tamamlasa da, yarımfinalda gözlənilməz şəkildə Tiflis "Dinamo"suna yenildi (0:1). Belədə iki ildi yarımfinalda uduzan gürcülər nəhayət, final arzularını gerşəkləşdirsə də, Moskva "Spartak"ı bundan artığına imkan vermədi. Gürcülər final görüşündə rəqibinə 1:5 hesabıyla məğlub oldu.
"Dinamo"nun gəlişi dönüş anı oldu
Növbəti il bəlkə də bu turnirin dönüş anı oldu. Belə ki, Rusiya
çempionu "Alaniya" ilə yanaşı turnirdə Ukrayna çempionu "Dinamo" da
çıxış etdi. "Ağ-göylər" çıxış etdikləri ilk turnirdəcə qalib adını
qazandı. Ukraynalılar finalda həmyerlimiz Nazim Süleymanovun da
şərəfini qoruduğu Vladiqafqaz klubunu 1:0 hesabıyla məğlub etdi.
1997-ci ildə bir illik aradan sonra "Spartak"ın turnirə qatılması
"Birlik Kuboku"na marağı bir az da artırdı. Əvvəlcə "Dinamo", daha
sonra "Spartak"ın bu turniri ardıcıl qazanması fonunda SSRİ
birinciliyinin gərginliyi "Birlik Kuboku"nda özünü göstərməyə
başladı. Bu illər ərzində yalnız iki dəfə digər ölkələr finala
vəsiqə qazanmağı bacardı. Əvvəlcə Moldova "Zimbru"su finala qədər
gəlsə də, burda "Spartak"a 0:3 hesabıyla məğlub oldu. Bir il sonra
isə Latviya "Skonto"su "Spartak"ın müqavimətini qıra bilmədi -
1:2.
2002-ci ildə isə SSRİ birinciliklərindəki "Dinamo" - "Spartak"
qarşılaşmalarının həvəskarları sonuncu dəfə nostalji hissləri
yaşadılar. "Olimpiyski" manejində 27000 tamaşaçının izlədiyi oyunda
"Dinamo" "Spartak"ı 4:3 hesabıyla üstələdi. Bundan sonra meydan
keçmiş postsovet məkanının kiçik futbol ölkələrinə qaldı.
Məqsəd nə idi, nəticə nə oldu?
...Belə ki, yarışın sponsorunun turnirə pul yatırmasından imtina etməsi ruslarla ukraynalıları bu turnirdən soyutdu. Onlar bura əsas yox, əvəzedici heyətləri göndərdilər. Bundan istifadə edən "Dinamo" (Tiflis), "Şerif", "Paxtakor" kimi komandalar illərlə həsrətində olduğu uğuru qazandı. Ukraynalılarla rusların yaratdığı bu fürsətdən təmsilçilərimiz də yararlandı. "Neftçi", "İnter" və "Xəzər Lənkəran" müxtəlif vaxtlarda kuboku başları üzərinə qaldırdı. Əslində, bu turnir artıq Ukrayna - Rusiya qarşıdurması yox, kiçik (futbol mənasında) postsovet ölkələrinin futbolda qələbəyə aclıqlarını yatırma məkanına çevrildi. Artıq oyunlar da Moskvada yox, Sankt-Peterburqda keçirilirdi. Düzdü, arada Moskva "Lokomotiv"i və Kazan "Rubin"i əsas heyətin bir neçə oyunçusu ilə yenidən bu kuboku Rusiyaya qazandırdı. Ancaq bu da kubokun 1996-2002-ci illər aralığındakı "qızıl dövr"ünü qaytarmadı. 2012-ci ildən isə artıq klubların turnirə barmaqarası münasibətindən bezən təşkilatçılar "Birlik Kuboku"nu gənc milli komandalar arasında keçirmək qərarına gəldi. Beləliklə, keçmiş SSRİ çempionatının bərpası məqsədiylə qurulan "Birlik Kuboku" adi gənclər turnirinə çevrildi.
Bizimkilərin "Birlik Kuboku"nda izləri
Təmsilçilərimiz turnirin ilk illərində olduqca zəif çıxış etdilər. 90-cı illərin əvvəllərində millimizin seçmə mərhələlərdə aldığı biabırçı nəticələr fonunda klublarımız da bu turnirdə ruslar qarşısında 0:8, 0:5 kimi məğlubiyyətlər alırdılar. Ara-sıra tacik, türkmən klublarını məğlub etməyimiz xırda təsəllidən başqa bir şey deyildi. Burdakı ilk uğurumuz və ya o dövr üçün uğur saydığımız nəticə isə 1998-ci ilə aid idi. O vaxtlar ölkədaxili yarışlarda rəqib tanımayan Gəncə "Kəpəz"i "Dinamo" (Ukrayna), "Tulevik" (Estoniya) və MHSK (Özbəkistan) ilə birgə mübarizə apardığı qrupda ikinci yeri tutaraq 1/4 finala vəsiqə qazanmışdı. Bu o vaxtlar ölkə futbolu üçün böyük olmasa da, hər halda, uğur sayılırdı. Lakin gəncəlilərin bundan artığına nail olmasına Latviya "Skonto"su imkan vermədi. Latışlar təmsilçimizi 3:2 hesabıyla məğlub etdi. Sonrakı illərdə yenə təmsilçilərimiz ikinci mərhələ üzünə həsrət qaldılar. Yalnız Ukrayna və Rusiya klubları bu yarışda iddialarından geri çəkdikdən və Azərbaycan futboluna pul axını başladıqdan sonra klublarımızın turnirdə uğurları ardıcıl gəlməyə başladı. İlk uğur "Neftçi"dən gəldi. 2005-ci ildə finala qədər irəliləyən "Neftçi"nin yolunu Moskva "Lokomotiv"i kəsmişdi. Amma həmin il "Neftçi"nin "Birlik Kuboku"nu ikinci kimi tamamlamasından çox, klubun 1/4 finalda Ermənistan "Pünik"ini 2:0 hesabıyla məğlub etməsi daha böyük sevincə səbəb olmuşdu. Növbəti il isə "ağ-qaralar" Azərbaycan futbolunda tarix yazdı. Yarımfinalda yenə ermənilərlə qarşılaşmalı olan "Neftçi" daha bir gərgin oyuna hazırlaşarkən ermənilərin Moskvadan qaçdığı məlum oldu. Texniki qələbəylə finala adlayan "flaqman" burda Litva "Kaunas"ını 4:2 hesabıyla məğlub edərək bütün ölkəni sevincə qərq edir.
Daha sonra 2008-ci ildə "Xəzər Lənkəran" Özbəkistan "Paxtakor"unu finalda 4:3 hesabıyla məğlub edərək ikinci dəfə kuboku Azərbaycana gətirdi - bu dəfə Lənkərana.
2011-ci ildə isə Bakı "İnter"i "Neftçi" və "Xəzər Lənkəran"ın uğurunu təkrarladı. Finalda Belarus "Şaxtyor"unu oyunsonrası penaltilər seriyasında məğlub edən "bankirlər"in 1/4 finaldakı oyunu daha yaddaqalan olur. Belə ki, təmsilçimiz bu mərhələdə Ermənistan "Mika"sını 4:0 hesabıyla məğlub etdi. "Ağ-göylər" turnirə əsas yox, ikinci komandasını göndərən "Zenit"in "uşaqlar"ına da dərs keçdi - 5:0.
"İnter"in qazandığı turnir klublar arasında təşkil edilmiş sonuncu "Birlik Kuboku" oldu. Növbəti ildən MDB və Baltikyanı ölkələrin çempionlarını gənclər yığmaları əvəz etdi.
Turnirə maraq niyə azaldı?
Əslində, bu sualın cavabı elə yuxarıda verilib. Turnirə marağın azalmasına səbəb onun əlverişsiz vaxtda, əlverişsiz yerdə, əlverişsiz şərtlərlə keçirilməsi oldu.
1. Turnirin keçirilmə vaxtı dövrələrarası fasiləyə, bəzi ölkələrdə isə mövsümün əvvəlinə təsadüf edirdi ki, burda da az-çox imkanlı klublar sintetik meydançalarda zəif komandalara qarşı oynamaqdansa, hansısa Avropa ölkələrində təşkil olunmuş təlim-məşq toplanışını daha məqsədəuyğun sayırdılar.
2. Yuxarıda vurğuladıqlarımızın üzərinə oyunların sintetik meydanlarda keçirildiyini də gəlsək, imtina edən klublara haqq qazandırmamaq mümkün deyil. Avropada Çempionlar Liqası və Avropa Liqası kimi turnirlərdə nəticə qazanmağı qarşılarına məqsəd qoymuş və milyonlarla avroya oyunçu transfer etmiş klublar həmin transferlərini (milyonlarını) "Olimpiyski"nin manejində itirmək istəmirdilər.
3. Sponsorun yoxluğu isə turniri məhvə aparan əsas səbəb oldu. Planlarını Avropaya uyğun qurmuş klublar yuxarıdakı iki hala güzəştə gedə bilərdi: pul olsaydı! "Birlik Kuboku" isə yarandığı gündən sponsor cəhətdən korluq çəkib. 2000-ci ildə "Rosneft"in kompaniyası olan İTERA turnirə sponsorluq etsə də (hətta o dövrlər turnirin adına da İTERA sözü əlavə edilmişdi), 2002-ci ildən sonra onlar da turnirə pul buraxmaqdan imtina etdilər.
Artıq adi gənclər turnirinə çevrilən "Birlik Kuboku"u bu il də keçiriləcək. 2015-ci il yanvarın 16-da start götürəcək turnirdə 12 gənc yığma üç qrupda mübarizə aparacaq. Bunlar Estoniya, Belarus, Finlandiya, Türkmənistan, Rusiya, Moldova, Latviya, Qırğızıstan, CAR, Litva, Tacikistan və Qazaxıstandı.
«Bizim klubların onlar qarşısında heç bir şansı olmazdı»
"Birlik Kuboku" haqda bir neçə dəfə bu turniri yerində izləmiş "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin də fikirlərini öyrəndik.
- Mahir bəy, "Birlik Kuboku"yla bağlı fikirlərinizi
bilmək maraqlı olardı..
- Bir neçə dəfə bu turniri canlı izləmişəm. "Birlik Kuboku" ideya
olaraq çox gözəl idi. Baxmayaraq ki, Rusiya və Ukrayna klubları
digər klubları səviyyəcə aşkar üstələyirdi. Bu turnir həm də
oyunçuların daha səviyyəli klublara transferi baxımından əhəmiyyəti
idi. Turnirin dağılması səbəblərinə gəlincə, ilk növbədə maliyyə
vəziyyətini qeyd etməliyik. Turnirə yetərincə maddi vəsaitin
ayrılmaması Rusiya və Ukrayna klublarını bu turnirdən ayrı saldı.
Rusiya Futbol İttifaqı hər nə qədər turnirə sponsor tapmağa çalışsa
da, buna nail ola bilmədi. Əvvəlcə Rusiya və Ukrayna klubları, daha
sonra isə Gürcüstan kimi digər ölkələr turnirə ikinci heyətlərini
göndərməyə başladılar. Bununla da turnir bütün əhəmiyyətini itirdi.
Turnirə marağın azalmasına digər səbəb isə oyunların süni örtükdə
keçirilməsi idi.
- Sizcə, bu turniri qazanmış üç klubumuzdan ("Neftçi",
"Xəzər Lənkəran" və "İnter") hansının uğuru daha
böyükdü?
- Məncə, "Neftçi"nin bu kuboku qazandığı il daha yaddaqalan oldu.
Çünki ilk növbədə biz ilk dəfə bu kuboku qazandıq, ikincisi isə
"ağ-qaralar"ın qalib gəldiyi il Rusiya və Ukrayna klubları ikinci
heyətlə oynasalar belə, səviyyəcə seçilən komandalar var idi.
"Xəzər Lənkəran" turnirin qalibi olanda da çətin rəqiblər var idi.
Bu çempionluğu da fərqləndirmək olar.
- 90-cı illərə nisətən 2000-ci illərdə Azərbaycan
klublarının maddi vəziyyəti düzəlməyə başladı. Sizcə, bu turniri
qazanmış üç klubumuz turnirin səviyyəcə yüksək olduğu dövrlərdə
kubok uğrunda mübarizə aparsaydı, yenə həmin uğuru təkrarlaya
bilərdilər?
- Klublarımızın buna nail ola biləcəyinə inanmıram. Çünki həmin
dövrlərdə Rusiya və Ukrayna klubları turnirə əsas heyətlə qatılırdı
ki, belə olan halda, bizim klubların onlar qarşısında məncə, heç
bir şansı olmazdı. Elə indinin özündə də Rusiya və Ukrayna klubları
ilə Azərbaycan klubları arasında böyük uçurum var. O vaxt maddi
vəziyyət qaydasında olsaydı, klublarımız uzağı yarımfinala qədər
irəliləyə bilərdilər.
-Sizin üçün bu turnirin ən yaddaqalan oyunu hansı
olub?
-Turnirin iki oyununu bu mənada fərqləndirə bilərəm. Canlı
izlədiyim oyunlardan həm 1998-ci ilin 1/4 finalında baş tutmuş
"Skonto" - "Kəpəz", həm də 2008-ci ilin "Xəzər Lənkəran" -
"Paxtakor" final oyununu (4:3) fərqləndirmək olar.
1998-ci ildə baş tutmuş oyunun əhəmiyyəti ondan ibarət idi ki, ilk
dəfə hansısa klubumuz turnirdə 1/4 finala vəsiqə qazandı.
Baxmayaraq ki, həmin dövrdə MHSK ilə oyunda türkmən hakimin
köməkliyi ilə növbəti mərhəyə vəsiqə qazanmışdıq. 1/4 finaldakı
rəqibimiz "Skonto" idi. O dövrlərdə heç də zəif olmayan
latviyalılarla oyun (2:3) gərgin keçmişdi. Matçın böyük hissəsi 2:2
davam etsə də 79-cu dəqiqədə latviyalıların qoluyla məğlub olduq.
Oyuna çox azarkeşin gəlməsi də yaddaqalan məqamlardan idi.
"Xəzər Lənkəran" - "Paxtakor" oyununda da tribunalarda çoxlu
azarkeş vardı. Oyunu bir çox məşhur futbol adamı da izləmişdi. Səhv
etmirəms,ə matçda Blatter də var idi. Oyun özü də çox maraqlı
keçmişdi. "Xəzər Lənkəran"ın qələbəsi də oyunu yaddaqalan etdi.
"Birlik Kuboku"nun bütün finalları:
1993 Spartak - Dinamo-93 8:0
1994 Spartak - Neftçi (Fərqanə) 7:0
1995 Spartak - Dinamo(Tiflis) 5:1
1996 Dinamo (Kiyev) - Spartak-Alaniya 1:0
1997 Dinamo (Kiyev) - Spartak (Moskva) 3:2
1998 Dinamo (Kiyev) - Spartak (Moskva) 1:0
1999 Spartak (Moskva) - Dinamo (Kiyev) 2:1
2000 Spartak (Moskva) - Zimbru 3:0
2001 Spartak (Moskva) - Skonto 2:1
2002 Dinamo (Kiyev) - Spartak (Moskva) 4:3
2003 Şerif - Skonto 2:1
2004 Dinamo (Tiflis) - Skonto 3:1
2005 Lokomotiv (Moskva) - Neftçi (Bakı) 2:1
2006 Neftçi (Bakı) - Kaunas 4:2
2007 Paxtakor - Ventspils 0:0 p-9:8.
2008 Xəzər Lənkəran - Paxtakor 4:3
2009 Şerif - Aktobe 1:1 p-5:4
2010 Rubin - Aktobe 5:2
2011 İnter (Bakı) - Şaxtyor (Soliqorsk) 0:0 p-6:5
2012 Rusiya U-21 - Belarus U-21 2:0
2013 Rusiya U-21 - Ukrayna U-21 4:2
2014 Ukrayna U-21 - Rusiya U-21 4:0
komanda.az
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi