Kasilyas Mourinyo və Xabi Alonsoyla soyuq münasibətindən danışdı, Messidən imtina etdi
Bizi izləyin

İdman

Kasilyas Mourinyo və Xabi Alonsoyla soyuq münasibətindən danışdı, Messidən imtina etdi

İker Kasilyasın çətin günləri arxada qalıb. Joze Mourinyonun dövründə futbola “həsrət qalan” təcrübəli qolkiper həmin mövsümü karyerasının ən uğursuz dövrü hesab edir. İndi o, müntəzəm olaraq, “Real”ın əsas heyətində yer alır. Cari mövsümdə La Liqada 15 oyunda meydana çıxan İker “Atletiko”yla kubok oyunundan sonra İspaniya mətbuatına maraqlı müsahibə verib. Müsahibə götürən jurnalist təxribatçı suallarla Kasilyasdan Mourinyoyla bağlı fikir almağa çalışsa da, ispan qapıçı soyuqqanlı və peşəkar davranıb.

- “Real” Kral kubokunun 1/8 final mərhələsinin ilk oyununda əzəli rəqib “Atletiko”ya məğlub oldu. Hakim səhvlərinə görə?

- Elə düşünmürəm.

- Bu fikirlə razısan ki, Dieqo Simeonenin komandası kobud oynayır?

- Sadəcə olaraq, onların öz oyun üslubu var. Hər halda, komanda titul qazana bilir.

- Səncə, “Atletiko”, yoxsa “Çelsi” daha kobud futbol oynayır?

- İnanmıram ki, hansısa komanda meydana məhz kobudluq etmək üçün çıxsın.

- Məşqçilərdən hansını yaxşı sayırsan: Ançellotini, yoxsa Mourinyonu?

- Ançelottini. Bilirsiz ki, Jozeylə münasibətim soyuq olub. Onunla paltardəyişmə otağında da danışmırdıq. Artıq o, başqa komandada işləyir. Ona görə də bu haqda danışmaq istəmirəm. Ona uğurlar arzulayıram. “Real”a qələbələr qazandırdığı üçün ona təşəkkür etmək lazımdır.

- Çempionlar Liqasında “Çelsi” “Real”a rəqib olsa, Mourinyonun əlini sıxacaqsan?

- Problemsiz. Bəlkə də sonuncu dəfə qaşılaşanda bir-birimizə arxa çevirmişdik. Amma indi üz-üzə gəlsək, görüşərəm. İnanıram ki, o da mənim kimi edərdi.

- “Barselona”da yaşanan kiçik böhran “Real”ın lehinədi?

- Mən böhran olduğunu düşünmürəm. Bütün turnirlərdəki nəticələrə baxsaq, “Barsa”da hər şey yolundadır. Əgər onlar liderdən 5-6 xal dala düşsəydi, onda sizinlə razılaşmaq olardı.

- İspaniya mətbuatı dayanmadan Lionel Messiylə baş məşqçi Luis Enrike arasındakı münaqişədən yazır. İstərdin ki, Leo sizin komandaya gəlsin?

- Etiraf edim ki, onların arasında nə baş verdiyini dəqiq bilmirəm. Bu üzdən şərh verə bilmərəm. Messini komandamda gormək istərdimmi? Xeyr. Bizdə də kifayət qədər dünya səviyyəli ulduz futbolçular var.

- Messini başqa hansısa klubun formasında təsəvvür edirsiz?

- Məncə, “Barselona” onun üçün rahat yerdi.

- Cari mövsüm sənin üçün “Real”ın heyətində sonuncu ola bilər?

- Ümid edirəm ki, sonuncu olmayacaq.

- Karyeranı burda bitirmək istəyirsən?

- Əlbəttə.

- Sabiq komanda yoldaşın Xabi Alonso müsahibələrinin birində demişdi ki, karyerasında birlikdə oynadığı ən yaxşı qapıçı Manuel Noyerdir...

- Alonsonun nə dediyi məni maraqlandırmır. Hər bir insan fikir bildirməkdə azaddır. Etiraf edim ki, son bir neçə ildə onunla da münasibətim ideal olmayıb. Əsas odur ki, onunla meydanda problemimiz olmayıb. Birlikdə xeyli titul qazanmışıq.

- Öz mövqeyində Xabi Alonso yaxşı oynayırdı, yoxsa Toni Kroos daha yaxşıdır?

- Hər ikisi yüksək səviyyəli futbolçulardır. Xabi uzun illər “Real”ın vacib oyunçularından biri olub. İndi növbə Tonidədir.

- “Real”ın prezidenti Florentino Peresin sənə qarşı münasibətini bir kəlməylə necə xarakterizə edərdin: yaxşı, pis, ədalətli, yoxsa laqeyd?

- Ondan narazılığım yoxdur. Mənə qarşı həmişə isti münasibət göstərib.

- Millini AÇ-2016-dan sonra tərk edəcəksən?

- Ola bilər.

- 2015-ci ildən nə gözləyirsən?

- Ötənilki uğurları təkrarlamağa çalışacağıq. Ən azı Çempionlar Liqasında yarımfinala kimi irəliləməkdir. Amma bu turnirdə həmişə qələbəni hədəfləmişik.

- Özünü dünyanın ən yaxşı qapıçısı sayırsan?

- Yenidən bu adı qazanmaq üçün var gücümlə çalışıram. Son mövsümün ən yaxşısı şübhəsiz Manuel Noyerdir. Amma onunla rəqabət aparacam.

- İndiyə kimi bir komandada oynadığın futbolçulardan hansını ən yaxşı hesab edirsən?

- Beləsi çox olub. Mən Roberto Karlos, Zidan, Ronaldo, Raul, Yerro, Redondo, Beyl, Kriştiano, Ramos kimi əfsanələrlə eyni paltardəyişmə otağını paylaşmışam.

- Hansının nüfuzu komandada daha böyük olub?

- Serxio Ramos qalib ruhlu ideal kapitandır. Məncə hər bir komandanın onun kimisinə ehtiyacı var. Mən başqa yönlü liderəm, bir az sakitəm və soyuqqanlıyam. Kriştiano bizim üçün meydanda həyati önəm daşıyır. Paltardəyişmə otağında Pepe və Marseloyla birlikdə o, əsl dostluq nümunəsi göstərir.

- Futboldan başqa, komanda bir yerdə çox vaxt keçirir?

- Bəli, tez-tez şam yeməyində yığışırıq.

- Hesabı kim verir?

- Adətən sonuncu gələn xərcə düşür. Odur ki, çox yatmaq maddi imkanlara ciddi zərbə vurur...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm