İdman
BAKI-2015-ə doğru: Zabitlərin məşğuliyyəti bahalı idman növünə necə çevrildi? - VİDEO
Publika.az bu il səbirsizliklə gözlənilən I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir. (http://publika.az/p/59719)
Bu dəfə zəngin idman növlərindən biri sayılan stolüstü tennis haqqında məlumat veriləcək. Stolüstü tennisin yaranması və idmançılar haqqında oxucuları məlumatlandırmağa çalışacağıq.
Siqar qutuları, şərab “probka”ları
Stolüstü tennis və ya Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli-geri vurmasıyla oynanan bir oyundur. Bu oyun 19-cu əsrin 80-ci illərində Hindistan və Cənubi Afrikadakı İngilis ordu zabitləri tərəfindən oynanıb. Siqar qutularının qapaqlarını raketka, şərab şüşəsi tıxaclarını da top olaraq istifadə ediblər. Kitabları isə tor əvəzi istifadə ediblər. Zaman keçdikcə inkişaf edən bu idman növü çıxardığı səsə görə “pinq ponq” da adlandırılıb.
1902-ci il İngiltərədə Pinq Ponq Federasiyası yaradılıb. Lakin ad haqqının “Parker Brothers” firmasına məxsus olması və avadanlığın çox bahalı olması üzündən 3 il sonra bağlanıb.
Buna baxmayaraq, digər istehsalçıların ümumi bir ad olan stolüstü tennis adı altında satdıqları avadanlıqlarla bu idman İngiltərə və Avropada səssizcə yayılıb. 1921-ci ildə İngiltərədə yeni bir stolüstü tennis federasiyası qurulub.
1926-cı ildə İngiltərə, İsveç, Macarıstan, Hindistan, Danimarka, Almaniya, Çexoslovakiya və Avstriyanın iştirakıyla Berlindəki yığıncaqda Beynəlxalq Stolüstü Tennis Federasiyası yaradılıb. İlk dünya çempionatı 1927-ci ildə Londonda keçirilib.
Sürətlə başqa ölkələrdə də yayılmağa başlayan bu idman növü ölkəmizə 1939-1940-cı illərdə “ayaq açıb”. Tədricən diqqət çəkməyə başlayan stolüstü tennis Böyük Vətən müharibəsindən sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə bir bölmə olaraq inkişaf etdirilib.
Problemsiz olmayıb
50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılıb. Marağın artdığını görən şəxslər isə bunu böyük bir federasiyaya çevirmək fikrinə düşüblər. Elə həmin andan federasiya yaradılıb və ölkədaxili yarışlar təşkil olunmağa başlayıb. Paytaxtımızın ilk çempionları V.Lazorkin və R.Yaşagina olublar.
O dövrün ən güclü tennisçiləri arasında M.Şeydabəyovun, K.Bağırovun, V.Lazorkinin, R.Şapayevanın, O.Spiridonovun, A.Knijnikin və başqalarının adlarını çəkmək olar.
Azərbaycanda N.Novikov, R.Kotsev (hər ikisi SSRİ-nin əməkdar məşqçisi), Y.Oparin, İ.Mazin (hər ikisi Azərbaycanın əməkdar məşqçisi) kimi məşqçilər yetişib.
Onların əziyyəti sayəsində 1961-ci ildə Mais Şeydabəyov SSRİ çempionu adını qazanıb. Popova isə 6 dəfə SSRİ çempionu olub, 1984-cü ildə isə Avropanın mütləq çempionu adına layiq görülüb.
Ancaq SSRİ-nin dağılması idmana da təsirini göstərdi. Bu səbəbdən bütün idman sahələrində, həmçinin stolüstü tennisdə əməyi olanlar, bir çox adlı-sanlı idmançılar və məşqçilər ölkəni tərk etdilər.
Müstəqillik dövründə yenidən bu idman növünün inkişaf etdirilməsinə can yandırılıb. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyanın daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU), 2007-ci ildən də Şərqi Avropa Liqasının üzvüdür.
Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlayıb.
2007-ci ilin iyununda Azərbaycanda stolüstü tennis üzrə ilk dəfə beynəlxalq turnir keçirilib. Bakı Olimpiya Kompleksində təşkil olunan yarış ilk SSRİ çempionu, azərbaycanlı Mais Şeydabəyovun xatirəsinə həsr edilib. Turnirə müxtəlif ölkələrdən 14 yaşadək oğlan və qızlar qatılıb.
O dövrdə bəzi cüzi nəticələr olsa da, problemlər hələ də davam etməkdədir. 2010-cu ildə Azərbaycan stolüstü tennis tarixində ilk dəfə olaraq 4 nəfər idman mütəxəssisi Könül Mikayılova, Aleksandr Zudov, Fərhad İsmayılov və Zaur Mikayılov “Beynəlxalq dərəcəli hakim” adına layiq görülüblər.
Prezident dəyişikliyi
2005-2013-cü illər aralığında Azərbaycanın Stolüstü Tennis Federasiyasına İsmət Abbasov rəhbərlik edib. 2013-cü ildən qurumun rəhbəri Şahin Mustafayevdir. Onun gəlişindən sonra federasiyada məşqçi dəyişikliyi də baş verib.
Keçən ilin yanvar ayından Leşek Kuxarski stolüstü tennis üzrə Azərbaycan yığmasını çalışdırır. Millimizin bu il Bakıda keçiriləcək İlk Avropa Oyunlarına hazırlaşmasına və həmin oyunlarda göstərəcəyi nəticələrə görə məhz bu şəxs cavabdeh olacaq. Leşek Kuxarski əvvəllər məşhur idmançı olub. Onun reytinq göstəricisi Avropada 4-cü, dünyada 11-ci sayılır.
Polyak mütəxəssis Azərbaycan yığmasında böyük məşqçi Aleksandr Zudov ilə birgə çalışır.
Ötən il Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə komandamız Polşada, Çində bir sıra təlim-məşq toplanışlarında iştirak edib. Polşada hazırlıqlar üçün çox gözəl şərait var. Buna görə də milli komanda adətən əsas hazırlıq mərhələsini Polşada keçirməyi üstün tutur.
Baku 2015-də sürətli şou
İlk Avropa Oyunlarına hazırlaşan idmançılar sırasında stolüstü tennisçilərimiz də var. Bakı 2015 Avropa Oyunlarında stolüstü tennis iştirakçıları Bakı İdman Zalında yarışacaqlar. İyunun 13-19-da baş tutacaq yarışlarda ümumilikdə 128 idmançı 4 medal dəsti uğrunda gərgin mübarizə aparacaq. İyunun 15-də və 19-da final görüşləri olacaq. Yarışlarda həm kişi, həm də qadın idmançılar təkbətək və komanda halında mübarizə aparacaq. Təkbətək yarışların qalibləri Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün kvalifikasiya imkanlarına sahib olacaqlar.
I Avropa Oyunlarında ölkəmiz üç oğlan və üç qız idmançı ilə təmsil olunacaq. Heyət hələlik bəlli deyil. Məlumata görə, I Avropa Oyunlarına bir-iki ay qalmış yarışda iştirak edəcək idmançılarımızın adları müəyyənləşəcək. Baş məşqçi Leşek Kuxarskinin Bakı 2015-lə bağlı fikirlərini diqqətinizə çatdırırıq:
“Bu il Bakı bütün Avropanın diqqət mərkəzində olacaq. 4 oğlan və 3 qız tennisçimiz var ki, onlar bu yarışda iştirak etməyə əsas namizədlərdir. Biz qarşıdakı aylarda bu idmançılar arasında seçim aparacağıq. Fikrimcə, əsas heyətə düşmək üçün çox güclü rəqabət olacaq. Həm reytinq, həm də şəxsi göstəricilər baxımından üstün olan idmançılara yer verəcəyik. Hələ vaxta var. Yaxşı hazırlaşmalıyıq”.
Aygün İlqarqızı
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi