İdman
“İntriqa yuvası” dağılmalıdır - İslahatlar yolu ilə
AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında qəbul olunan qərarlardan sonra ictimaiyyətdə qurumun islahatlara başlayacağı ilə bağlı nikbinlik yarandı. Ancaq hadisələrin sonrakı axarı göstərir ki, İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar sadəcə manipulyasiya xarakteri daşıyır və kosmetik dəyişikliyə hesablanıb.
Onlardan biri mütləq sıradan çıxarılmalıdır
AFFA-da islahatlar hökmən vacibdir. Özü də köklü islahatlar. Azərbaycan futbolunda ciddi dəyişikliyə və uğura bu islahatlar həyata keçirilmədən nail olmaq mümkün deyil. Bəs bu islahatların xarakteri necə olmalıdır? AFFA-da dəyişikliyə nədən başlanılmalıdır?
Sözsüz ki, ciddi islahatlar AFFA prezidentinin iradəsi sayəsində gerçəkləşməlidir. Bu islahatlar zamanı ixtisarlar həyata keçirilməli, qurbanlar da verilməlidir. AFFA prezidenti özünə yaxın kadrlardan da imtina etməlidir, Azərbaycan futbolunun inkişafı naminə. Bu məsələnin məğzini açaq.
Heç kimə sirr deyil ki, AFFA-da 2 qruplaşma var. AFFA-nın baş katibi Elxan Məmmədovun və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin rəhbərlik etdiyi qruplaşmalar. Bu qruplaşmalar bir-biriylə amansız mübarizə aparmaqla yanaşı, həm də Azərbaycan futboluna nəzarət edirlər. Daha doğrusu, bu qruplaşmalar futbol təsərrüfatına bütünlüklə nəzarət etmək üstündə mübarizə aparır.
Ayrılıqda götürdükdə, Ramin Musayev klub futbolunun, Elxan Məmmədov isə milli komandaların inkişafında maraqlıdır. Tərəflər arasında sağlam rəqabət olmadığı üçün hər bir qruplaşma həm də rəqibin nəzarət etdiyi sahənin inkişaf etməməsində maraqlıdır. AFFA İcraiyyə Komitəsinin indiyə qədər qəbul etdiyi əksər qərarlar da məhz bu qruplaşmaların maraqlarına xidmət edib. Hər bir qruplaşma çalışıb ki, öz mənafeyinə xidmət edən qərarlar qəbul edilsin. İki qruplaşmanın amansız intriqası son nəticədə Azərbaycan futboluna böyük zərbə vurur. Bunu AFFA-nın prezidenti də bilməmiş deyil. İslahatlara məhz bu 2 qruplaşmadan başlamaq lazımdır. Onlardan biri mütləq sıradan çıxarılmalıdır. Azərbaycan futbolu bir mərkəzdən idarə olunmalıdır. Belə olan təqdirdə nəticələrə görə də məsuliyyət hissi yaranacaq. Həm klub futbolunun, həm də milli komandaların inkişafına cavabdehlik yaranacaq. Bir-birinə badalaq vurmağa çalışan qruplar olmadığı təqdirdə, qərarlar da sağlam düşüncə əsasında qəbul ediləcək.
PFL-i ləğv et, intibahın əsasını qoy
Bəs AFFA prezidenti bu iki qruplaşmadan hansını seçməlidir? Elxan Məmmədovu, yoxsa Ramin Musayevi? Azərbaycan futbolunun hazırkı mənzərəsini əsas götürsək, AFFA prezidenti baş katibə stavka etməli, Ramin Musayevi qurban verməlidir. Peşəkar Futbol Liqası Azərbaycan futbolunda artıq qurumdur. Azərbaycan çempionatının oyunlarını AFFA da təşkil edə bilər. PFL-in yaranışı futbolumuzda intriqanın əsasını qoyub. İndi futbolumuzu bu intriqa burulğanından xilas etmək istəyiriksə, PFL bir qurum kimi ləğv edilməlidir.
Azərbaycan futbolu Elxan Məmmədovun nəzarətinə verilməlidi. Niyə Elxan Məmmədovun? Çünki baş katiblə PFL prezidentinin cəmiyyətdəki obrazı da fərqlidi. Elxan Məmmədov Musayevə nisbətən daha savadlı və ciddi fiqur kimi qəbul edilir. Ramin Musayevin futbola yanaşması “lağ-lağı” prizmasından o tərəfə keçmir. PFL prezidenti hətta mətbuatla da münasibətlərini bu prizma daxilində qurur. Üstəlik, onu da nəzərə alaq ki, Elxan Məmmədov hakimiyyətin yuxarı təbəqələrində də qəbul edilir, savadlı və ciddi kadr kimi tanınır.
PFL-in ləğvi ilə Azərbaycan futbolunda intibahın əsasını qoymaq olar. İntriqa aparan 2 qruplaşmadan biri sıradan çıxmayana qədər Azərbaycanda futbolun inkişafı mümkünsüz olacaq. Çünki bu qruplaşmaların mübarizəsində şəxsi maraqlar Azərbaycan futbolunun maraqlarını daim üstələyib. Çıxış yolu birdir: “İntriqa yuvası” dağılmalıdı - islahatlar yolu ilə.
AFFA-nın “beyin mərkəzi” olmalıdır
Bundan sonra isə AFFA-nın fəaliyyətini işlək və çevik etmək üçün qurum daxilində ixtisarlar aparılmalıdır. AFFA-da xeyli şöbələr var ki, onlar demək olar heç bir iş görmür, yalnız məvacib almaqla kifayətlənirlər. AFFA-nın hansısa şöbəsinin nə vaxtsa təklif və layihə verdiyinin şahidi olmusuz? AFFA İcraiyyə Komitəsində bu gün qəbul edilən, sabah ləğv olunan qərarlar bir tərəfdən intriqaların göstəricisidirsə, digər tərəfdən Azərbaycan futbolunun xüsusiyyətlərinin və ictimai rəyin öyrənilməməsinin nəticəsidir.
AFFA-da elmi-analitik qrup fəaliyyət göstərməlidir. Bu qrup bir növ AFFA-nın “beyin mərkəzi” funksiyasını həyata keçirməlidir. Qəbul olunacaq qərarlar əvvəlcə bu mərkəzdə analiz olunmalı, razılaşdırılmalıdır. Qərarların Azərbaycan futbolunun spesifik xüsusiyyətlərinə, ənənələrinə uyğun olub-olmadığı öyrənilməlidir.
Azərbaycan futbolunda qəbul olunan qərarlar digər ölkələrdə qəbul olunmuş qərarların təkrarıdır. Bu da sonradan müəyyən problemlər yaradır. “Beyin mərkəzi” nəinki ictimai rəyi öyrənməli, həm də ictimai rəyi formalaşdırmağı bacarmalıdır. Bu mərkəz vasitəsilə AFFA qəbul olunacaq bütün qərarların müzakirəsini apara, onları daha da təkmilləşdirə bilər. Məhz bundan sonra qərarlar İcraiyyə Komitəsinin müzakirəsinə verilməlidir.
AFFA doğrudan da futbolun inkişafına nail olmaq istəyirsə, mütləq islahatlara getməlidir. Özü də köklü islahatlara. Ancaq o da aydındır ki, bu islahatlara başlamaq üçün iradə tələb olunur. AFFA rəhbərliyi bu iradəyə sahibdirmi?
Natiq Muxtarlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi