Belə çıxır ki, Şuşanın adından istifadə olunur... - Millət vəkilləri danışdı
Bizi izləyin

İdman

Belə çıxır ki, Şuşanın adından istifadə olunur... - Millət vəkilləri danışdı

2009-cu ilin iyul ayında Azərbaycanda daha bir klub yaradılmışdı. “Şuşa-09” adı ilə fəaliyyət göstərən klubun ilk prezidenti Azəri Hüseynov olub.

Yarandığı gündən klubun baş məşqçilik postuna oturan Nadir Qasımov hələ də sadiqlik nümayiş etdirir. Komandanın adı dəyişikliyə də məruz qalıb. Ötən ilin sonlarında “Şuşa”ya “Qarabağ” da “calandı”. “Şuşa-Qarabağ” adının komandaya hansı mənada təsir edəcəyini yəqin ki, rəhbərlik daha yaxşı bilir. Amma komandanın maliyyə vəziyyəti acınacaqlıdır. Dəfələrlə açıqlamalarında sponsor axtardıqlarını bildirən Qasımov bəlkə də özü də bilmədən Şuşanı cılızlaşdırır. 6 il keçib “Şuşa”nın yaranmasından. Nə dəyişib? Hansı inkişafa nail olunub? Bu komandanı belə kasıbçılıqla saxlamağa ehtiyac varmı?

Ara qarışdı, klub saxtakarlıqla satıldı

Yaranandan bir müddət sonra klub “Şuşa” PFK kimi fəaliyyət göstərməyə başladı. I divizionda çıxışı ilə heç də pis təsir bağışlamayan klubda sonradan ara qarışdı. Bununla da Azər Hüseynov rəhbərlik postunu tərk etməli oldu.

Bildiyiniz kimi, komandanın prezidenti və təsisçisi Azər Hüseynov Ramin Musayevdən xəbərsiz komandanı özlərini "Qalatasaray"ın Azərbaycandakı təmsilçisi kimi təqdim edən şəxslərə satmışdı. Lakin məsələdən hali olan baş məşqçi Nadir Qasımov PFL prezidenti Ramin Musayevin də dəstəyi ilə işə müdaxilə edərək bunun qarşısını almışdı.

5 il ərzində “Şuşa” PFK kimi fəaliyyət göstərən klub, ikinci dövrədən etibarən çempionatda "Şuşa Qarabağ" adı altında çıxış edəcək.

Nadir Qasımov həm məşqçi, həm də yeni prezident?

Maraqlıdır ki, klubun prezidenti də elə Nadir Qasımov özü olacaq.

Qeyd edək ki, Şuşa təmsilçisi qış fasiləsinə 15 oyunda 9 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət və 28 xalla yollanıb. Komanda turnir cədvəlində 5-ci pillədədir.

Yeni prezident Nadir Qasımov komandanın Vergilər və Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirib.

Millət vəkilləri nə düşünür?

Yuxarıda qeyd olunan suallara cavab vermək çətindir. “Şuşa-Qarabağ” adıyla sponsor axtarmaq heç də birmənalı qarşılanmır. Maraqlıdır maliyyə dayağı olmadan komanda yaratmağın nə mənası var? Belə çıxır ki, Şuşanın adından istifadə olunur... Hər halda, bu məsələyə qarabağlı millət vəkillərinin də münasibətini öyrənməyə çalışdıq.

Parlamentin üzvü, “Qarabağ” klubunun sadiq azarkeşi Aqil Abbas Şuşa təmsilçisinə AFFA-nın yardım etməli olduğunu vurğuladı:

“Demək olar ki, Azərbaycandakı klubların hamısında maliyyə problemi var. “Şuşa” klubu birinci liqada çıxış edirdi, normal oyun nümayiş etdirirdi. Maliyyə sıxıntısı problemlərin yaranmasına səbəb oldu. Tək bizdə yox, digər böyük ölkələrdə də klubların maliyyə problemi var. Fransanın “Lans” klubunun maliyyə problemi var idi, hətta çempionatdan çıxarılma dərəcəsinə gəlmişdi.

Şuşasevərlər və şuşalılar “Şuşa” (“Şuşa Qarabağ”) klubu yaradıblar. İndi də imkanları yoxdur, klub fəaliyyətini dayandıra bilər. Amma müvəqqəti dayandıra bilər. İnanmıram həmişəlik olsun. Yəqin ki, toparlanıb yenidən komandanı vəziyyətdən çıxaracaqlar. Yaxşı olar ki, AFFA da belə komandalara kömək etsin. Məsələn, bu yaxınlarda oldu. Sevindim ki, AFFA “Bakı”ya 10 milyon pul ayırır, klubun yaşaması üçün. Bilirsiniz ki, “Bakı” da maliyyə problemiylə üzləşib. Bütün oyunçuları gedib, indi azyaşlılar, öz yetirmələri oynayır. Pul almasalar da...

Məncə, AFFA Şuşa klubuna da pul ayıra bilər, burada bir problem görmürəm. Yəqin ki, Rövnəq Abdullayev bu işə bir əncam çəkəcək. O, çəkməsə də, Qarabağ icması köməyini əsirgəməz, içi mən qarışıq.

Vaxtilə “Qarabağ” klubu da dayanmaq üzrə idi. Futbolçular maaş ala bilmirdi, yatmağa yerləri yox idi. Onda biz o komandanı saxladıq. Qoymadıq ki, fəaliyyətini dayandırsın. İndi “Qarabağ” dünyaya meydan oxuyur. Bunları ona görə deyirəm ki, “Şuşa”ya da kömək etmək mümkündür”.

Deputat Rövşən Rzayev “Şuşa Qarabağ” klubunun fəaliyyətinə belə münasibət bildirdi:

“Əgər klub yaradılırsa, AFFA-nın qaydalarına uyğun yaradılmalıdır. Onlarla birgə məsələni əvvəldən həll etməlidirlər ki, sonradan belə problemlər olmasın. Mən vaxtilə “Şuşa” futbol klubu yaratmaqla bağlı onlarla görüşmüşəm. İstərdim ki, onların yaxşı imkanları olsun. Amma hazırki vəziyyətləri barədə heç nə deyə bilmərəm. Bağlanmaması üçün onu AFFA ilə həll etmək lazımdır.

Hamımız bir azərbaycanlı kimi istərdik ki, bizdə futbol klubları çox olsun, onlar öz arzularına uyğun olaraq imkanlarından istifadə edə bilsinlər. Amma mən ürəkdən istəyirəm ki, bizim bu klubumuz fəaliyyət göstərsin”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm