Yanvar nə ilə yadda qaldı? - Ronaldo, qitə çempionatları və bitən iki “roman”
Bizi izləyin

İdman

Yanvar nə ilə yadda qaldı? - Ronaldo, qitə çempionatları və bitən iki “roman”

2015-ci ilin ilk ayını da beləcə başa vurduq. Futbol dünyası yanvarda adətən transfer xəbərləriylə zəngin olsa da, bu dəfə iki qitədə keçirilən turnirlər də diqqət mərkəzindən kənarda qalmadı. İlin ilk ayının ən böyük hadisəsi isə şübhəsiz, “Qızıl top”un yeni sahibinə qovuşması oldu.

Publika.az yanvarda baş verən ən yaddaqalan futbol hadisələrinə bir daha nəzər salmaq qərarına gəldi.

Ronaldodan “qızıl het-trik”

Ənənəvi olaraq yanvarın ortalarında geridə qalan ilin ən yaxşı futbolçusunun adı məlum oldu. Bu dəfə “Qızıl top”a Kriştiano Ronaldo və Lionel Messidən başqa Manuel Noyer də iddialı idi. Mükafat “Real”ın portuqaliyalı ulduzuna qismət olsa da, bu seçim heç də birmənalı qarşılanmadı və günlərlə müzakirə olundu. Amma bu söhbət yanvarın 12-dən bağlanıb. Bundan sonra danışılanlar “arxadan atılan daş topuğa dəyər” məsəlini xatırladır.

“Qızıl top”un təqdimat mərasimində ilin yekunlarına aid digər nominasiyaların da qalibləri məlum oldu. 2014-cü ilin rəmzi yığması açıqlandı (Bura iki braziliyalı müdafiəçinin düşməsi isə çoxlarını təəccübləndirdi. DÇ-2014-də Almaniyaya 1:7 hesablı biabırçı məğlubiyyətdən sonra bu seçim anlaşılmadı). “İlin ən yaxşı baş məşqçisi” nominasiyasında nəhayət ki, dünya çempionatındakı qələbəyə məhəl qoyuldu. Almaniya millisinin çalışdırıcısı Yoahim Löv 2014-cü ilin ən yaxşı baş məşqçisi seçildi. İlin ən gözəl qolunun müəllifi Kolumbiya millisinin və “Real”ın hücumçusu Xames Rodriges oldu (DÇ-2014. Kolumbiya – Uruqvay 2:0).

Milanlılar fəallaşdı, “Şəhərlilər” əlini cibinə saldı

Yanvar soyuq ay olsa da, “transfer bazarı”nda əsl yay havası hiss olundu. FİFA-nın reqlamentinə əsasən, məhz bu ərəfədə futbolçu alıb-satmağa, komandaya əl gəzdirməyə icazə verilir. Söhbət yaz-payız sistemiylə keçirilən çempionatlara aiddir.

Əvvəlki illərdəki kimi səs-küylü keçidlər olmasa da, diqqətçəkən transferlər oldu. Əsasən də “yeni nəfəs” axtarışında olan məşhur futbolçuları qeyd etmək olar. Nəhəng klublardan Milan “İnter”inin fəallığı xüsusi diqqət çəkdi. 1990 və 2000-ci illərdə “şoppinq”in daimi müştərisi olan “neradzurra” son illərdə passivləşmişdi. Görünür, qlobal iqtisadi böhran milanlıların transfer iştahasını pozubmuş. Yanvarda “İnter” bir neçə diqqətçəkən transfer həyata keçirtdi. Dünya səviyyəli ulduzlar - Lukas Podolski və Xerdan Şaqiri bundan sonra “göy-qaralar”a xidmət edəcək. “İnter”in əzəli rəqibi - “Milan” da heyətini gücləndirib. Fernando Torresi “evinə” (“Atletiko”ya) göndərən “qara-qırmızılılar” Alessio Çerçi və Mattia Destronu “rənglərinə bağladı”.

İngiltərədə “Mançester Siti” Vilfrid Boninin transferinə 36 milyon avro xərcləməklə “bazar”ın ən bahalı müştərilərindən birinə çevrildi. “Mançester Yunayted” Viktor Valdesi rəsmən sıralarına qatmaqla diqqət çəkdi. Artıq yayda “Real”a yollanacağı deyilən David De Xeanın gedişi mançesterliləri şoka salmayacaq.

Yeri gəlmişkən, “Real” da yanvarda iki transferlə dünya mətbuatının diqqətini cəlb etdi. “Kruzeyro”dan Lukas Silvanı heyətə qatan “Kral klubu” uzun müddətdir adı az qala bütün Avropa nəhəngləriylə yanaşı hallanan 16 yaşlı norveçli vunderkind - Martin Edeqorun da transferini həll etdi.

Stiven Cerrardın “Liverpul”da son mövsümünü keçirdiyi də məhz yanvarda bəlli oldu. Kapitan yayda “gəmi”ni tərk edəcək. Onun gələcək klubu da məlumdur. KİV onu “İnter” və “Mançester Siti”yə “göndərməyə” çalışsa da, təcrübəli yarımmüdafiəçi Avropanı tərk etməyə qərar verdi. Yəqin ki, düz etdi. Cerrard “Los-Anceles Qeleksi”ylə müqavilə imzalayıb.

Asiya kuboku - “Meşəyə insan gəlib”

Ənənəvi olaraq, dünya çempionatından sonrakı ildə qitə çempionatları keçirilir. Yanvarda Asiya kuboku baş tutdu. Afrika Millətlər Kuboku hələ də davam edir. Kopa Amerika isə yayda keçiriləcək.

Başa çatan Asiya kuboku bu dəfə Avstraliyada düzənləndi. Baxmayaraq ki, turnirin gedişində bəzi ərəb ölkələri “Kenqurular”ın iştirakına ağız büzdülər, ümumi mənzərə göstərdi ki, qitədə güclü komandaların sayı azdı. Yalnız 1/4 finalda sensasiya baş verdi. BƏƏ yaponları, İraq isə İran millisini turnirdən kənarlaşdırdı. Yekunda isə meydan sahibləri qalib gəldi. Maraqlıdır ki, “Yaşıl qitə” təmsilçiləri finalda məhz qrup mərhələsində məğlub olduğu Cənubi Koreyayla üz-üzə gəldi və qisasını aldı. Avstraliya həm titula sahib çıxdı, həm də 2017-ci ildə Rusiyada təşkil olunacaq Konfederasiyalar kubokuna vəsiqə qazandı.

AMK-da meydan sahiblərini “dartırlar”

Afrika Millətlər Kuboku digər qitə birinciliyinin qrup mərhələsi başa çatan ərəfədə başladı. Artıq yarımfinalçılar da məlumdur. Asiya kubokundan fərqli olaraq, “Qara qitə”də sensasiyanın sayı-hesabı yoxdu. Ən böyük sensasiya isə təşkilatçı Ekvatorial Qvineyanın tarixində ilk dəfə yarımfinala yüksəlməsidir. Amma hakimlərin şübhəli qərarları da diqqətdən yayınmır.

D qrupunda “ebola”ya bərabər “1:1” xəstəliyi də turnirə rəng qatdı. İş o yerə çatdı ki, reqlamentə əsasən, eyni göstəricilərə malik Mali və Qvineya milliləri arasında püşk atıldı və qvineyalılar qrup ikincisi kimi mübarizəni davam etdirməli oldu.

Trezeqe və Rikelme futbolla vidalaşdı

Sərtliyinə, dözümlülüyünə və gərginliyinə görə, el arasında futbol kişi oyunu sayılsa da, bu oyunun duyğusal tərəfi də var. İstənilən məşhur futbolçunun karyerasını başa vurması bir hadisədir və insana duyğusal anlar yaşadır. Həmin futbolçunun oyununu göz önündə canlandırırsan və dərin bir köks ötürərək deyirsən: bu da getdi...

Yanvarda futbol aləminə yaxşı tanış olan iki futbolçu butslarını mismardan asdı. David Trezeqe və Xuan Roman Rikelmeni bir daha rəsmi oyunlarda yaşıl meydanlarda görməyəcəyik. Təqaüdə çıxmaq qərarını birinci fransız forvard açıqladı. “Səyahətçi” kimi bir çox klubun şərəfini qoruyan Trezege karyerasına Argentinanın “Platense” klubunda başlamışdı. Amma onu ilk dəfə “Monako”da tanıdılar. “Yuventus”da isə məşhurlaşdı. Onun ulduz saatı isə AÇ-2000-in finalında “qızıl qol”u vurduğu an oldu. “Yuventus”dan sonra dünya səyahətinə çixan David Hindistana kimi gedib çıxdı. O, butsları soyunsa da, futbolu tərk etmək istəmir.

Argentina futbolunun 21-ci əsrin əvvəllərində ən parlaq nümayəndələrindən olan Rikelme də bir neçə gün əvvəl futboldan getdi. “Boka Xuniors”un liderlərindən biri 2003-cü ildə “Barselona” tərəfindən böyük ümidlərlə transfer edilsə də, özünü göstərə bilmədi. Onun yerinə isə Ronaldinyo gətirildi. Roman isə “Vilyarreal”da özünü təsdiqlədi. Amma onun ən yaxşı illərini “Boka Xuniors”da keçirdiyini söyləmək olar. Rikelme karyerasını onu yetişdirən “Argentinos Xuniors”da başa vurdu.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm