Millətin əsəbləriylə oynayan “mazoxistlər”
Bizi izləyin

İdman

Millətin əsəbləriylə oynayan “mazoxistlər”

Futbol oynayan hər bir komanda və futbolçu titul qazanmaq arzusunda olur. Titula əlçatmaz zirvə kimi baxanlar da var. Amma buna qadir, layiq, malik olub hansısa səbəblərdən əli ətəyində qalan komandaları xatırlatmaq istəyirik. Təəssüf ki, stadiondan xoşbəxt ayrılan azarkeşlər olduğu kimi, məyus olanlar da var.

Publika.az vaxtilə böyük uğurlar qazanan, hazırda isə əvvəlki nailiyyətlərinə həsrətlə baxan bir neçə klubu təqdim edir.

“Spartak”ın izi-tozu qalmayıb

Stajlı futbolsevərlərin qəlbində hələ də öz yerini qoruyan bu komanda vaxtilə Rusiya futbolunun flaqmanı sayılırdı. SSRİ-i dağılandan sonra “hakimiyyət”i ələ keçirən “Qullar” sonuncu çempionluğunu 21-ci əsrin ilk illərində görüb. “Dəmiryolçular”la “Hərbiçilər”in çevrilişindən sonra “Spartak” hələ də özünə gələ bilmir. Heç bu mövsümdən də nəsə gözləməyə dəyməz.

10 ildir “Topçular”ın səsi gəlmir

“Arsenal”ın dünya futbolundakı çəkisini xırdalamağa ehtiyac yoxdur. Həmişə favoritlər sırasında olan Arsen Vengerin kollektivi finişə birinci çata bilmir ki, bilmir. Hətta komandanın məktəbli pərəstişkarları da titulsuz mövsümlərdən bezib. 10 ildir “Topçular” Premyer Liqanı “partlada” bilmir. Rəhbərlik komandanı uşaq bağçasına döndərib. Venger yetişdirir, rəhbərlik satır. Son 10 ildə bu komanda üç nəsil heyət dəyişib. İndi də vaxtı bitmiş “eksponatlar”la Çempionlar Liqasına düşməyə çalışır.

PSJ: evdə xoruz, çöldə fərə

Ərəblərin sərmayəsindən sonra yeni həyata başlayan PSJ Fransada dirçəldi. Çempion-zad oldu. Uğursuz mövsümlərdən sonra sarsılan nüfuzunu bərpa etdi. Amma komandanın azarkeşləri yenə darıxır. Avrokuboklarda qələbə üçün darıxırlar. Ulduzları yığıb ora tökməklə deyil. İbrahimoviç kimisinin özünü boss hesab eləməsi Kavani, David Luis kimi nüfuzlu futbolçulara ləzzət eləməz. Bəlkə də elə klub daxilində yaranan mənfi atmosferə görə PSJ cari mövsümdə sabit çıxış edə bilmir. Pul var, amma iddia böyümür.

Nə günlərə qaldın, “Milan”?

İtaliyadakı vəziyyət daha acınacaqlıdır. Burada artıq ayrı-ayrı klubların yox, birbaşa A seriyasının nüfuzu zərbə altında qalmaq təhlükəsiylə üz-üzədir.

“Milan” kimi böyük klub Çempionlar Liqasını qazanmaq bir yana, turnirdə iştirak etməyə belə həsrət qalıb. “Kalçopoli”dən sonra başını itirən “rossonyerlər” ləngər vurur. Böyük klubu çalışdırmağa hazır olmayan məşqçilər bir-birini əvəz edir, gah da bitmiş ulduzlar transfer edilir. Son iki ildə vəziyyət daha acınacaqlı hal alıb. “Milan” turnir cədvəlinin aşağı yarımkürəsindən xilas ola bilmir. Maliyyə problemi isə xirtdəyə çatıb. Gör işin harasıdır ki, əzəli rəqib “İnter”lə (onlar da pis gündədir) birləşmək versiyası müzakirə olunur. Azarkeşlərə yalnız səbr diləmək qalır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm