İdman
Maradona və Messinin forması sahibini gözləyir - Argentina kimin üzərində dayanacaq?
Argentina millisində 10 nömrəli formanı kimin geyinəcəyi ilə bağlı müzakirələr başlayıb. Dieqo Maradona və Lionel Messi kimi əfsanələrin daşıdığı bu nömrənin yeni sahibi hələ müəyyənləşməyib. Namizədlər arasında “Komo”nun gənc ulduzu Niko Pas, Xulian Alvares, Enzo Fernandes, Aleksis Mak Allister və Franko Mastantuono var.
Publika.az xəbər verir ki, İspaniyanın “AS” nəşrinin məlumatına görə, Argentina millisinin baş məşqçisi Lionel Skaloni tələsik qərar vermək niyyətində deyil. Mütəxəssis 10 nömrəli formanı konkret futbolçuya həvalə etməzdən əvvəl gözləməyi üstün tutur. Məsələnin rəsmi turnirlər ərəfəsində həll olunacağı gözlənilir.
Məlumata əsasən, Messinin milli komandadakı karyerasını başa vurması ilə Argentina futbolunun ən məşhur nömrəsi boş qalıb. 18 il ərzində bu formanı geyinən ulduz 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə dünya çempionatını, 2024-cü ildə isə yenidən Amerika Kubokunu qazanıb.
Messi Argentina millisinin heyətində 171 oyuna çıxıb və 126 qol vurub. Onun 118 qolu məhz 10 nömrəli forma ilə qeydə alınıb. Hücumçu həmçinin yığmanın tarixində ən çox qol vuran, ən çox məhsuldar ötürmə edən və ən çox oyun keçirən futbolçudur.
Beş namizəd, bir forma
Namizədlər arasında hazırda ən çox diqqət çəkən futbolçu Niko Pazdır. “Komo”da Sesk Fabreqasın rəhbərliyi altında çıxış edən yarımmüdafiəçi bu mövsüm məhsuldarlığı ilə seçilir. “AS”ın məlumatına görə, o, 13 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Texniki bacarığı, hücumları qurmaq və komanda yoldaşları üçün imkanlar yaratmaq qabiliyyəti Pazı əsas namizədlərdən birinə çevirir.
“Atletiko Madrid”in hücumçusu Xulian Alvares də bu yarışda ciddi namizəd hesab olunur. O, Argentina millisinin son illərdəki uğurlarında mühüm rol oynayıb. Böyük oyunlarda özünü göstərmək bacarığı və beynəlxalq təcrübəsi Alvaresin üstünlüklərindəndir.
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes isə liderlik keyfiyyətləri ilə seçilir. 2022-ci il dünya çempionatında parlayan futbolçu sonradan milli komandanın əsas oyunçularından birinə çevrilib. İngiltərə klubunda kapitan sarğısını daşıması onun komanda daxilindəki mövqeyini göstərir.
“Liverpul”un üzvü Aleksis Mak Allister də 10 nömrəli formanı geyinmək üçün uyğun namizədlərdən sayılır. O, karyerası ərzində müxtəlif klublarda bu nömrə ilə çıxış edib. Oyunun qurulmasında, hücumların təşkilində və müdafiəyə dəstək verməkdə çoxşaxəli imkanlara malik olması Mak Allisteri fərqləndirir.
“Real Madrid”də çıxış edən Franko Mastantuono isə digər namizədlərdən fərqli olaraq özünü Avropada tam təsdiqləmək üçün zamana ehtiyac duyur. “River Pleyt”dəki uğurlu çıxışından sonra böyük ümidlərlə Madrid klubuna transfer olunan futbolçu hələlik müntəzəm oyun praktikası qazana bilməyib.
10 nömrənin ağır tarixi
Argentina millisində 10 nömrəli forma Mario Kempes, Dieqo Maradona və Lionel Messi kimi futbol əfsanələri ilə bağlıdır. Kempes 1978-ci ildə ölkəsinə dünya çempionluğu qazandıran komandanın əsas simalarından olub. Maradona isə 1982, 1986, 1990 və 1994-cü illərdə dünya çempionatlarında bu nömrə ilə meydana çıxıb.
Daha sonra formanı Ariel Orteqa və Xuan Roman Rikelme kimi futbolçular geyinib. 2010-cu ildən 2026-cı ilədək isə 10 nömrə Messinin adı ilə assosiasiya olunub.
Maraqlıdır ki, bu forma hər zaman hücumameyilli futbolçulara məxsus olmayıb. Serxio Aquero, Anxel Di Mariya və Paulo Dibala kimi oyunçular da Messinin olmadığı matçlarda 10 nömrə ilə meydana çıxıblar. Hətta 1997-ci ildə Amerika Kubokunda qapıçı Naço Qonsales də bu formanı geyinib. Həmin vaxt Argentina millisində nömrələrin futbolçuların adlarının əlifba sırasına uyğun bölüşdürülməsi ənənəsi tətbiq olunurdu.
Beləliklə, Skaloni qarşısında yalnız futbolçunun texniki imkanlarını deyil, həm də bu nömrənin simvolik əhəmiyyətini nəzərə almaq kimi çətin seçim dayanır. Argentina yeni Messini axtarmasa da, komandanın gələcək uğurlarında liderlik edə biləcək futbolçuya ehtiyac duyur.
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
ABŞ01:43ABŞ-da bütün hava limanlarında uçuşlar dayandırıldı - Təcili qərar
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir







.png)




.jpg)























