Abışovun yubileyi, Reynaldonun rekordu
Bizi izləyin

İdman

Abışovun yubileyi, Reynaldonun rekordu

“Qəbələ”nin futbolçusu Ruslan Abışov üçün Premyer Liqanın 23-cü turu iki yubileylə əlamətdar olub.

Publika.az xəbər verir ki, “Xəzər Lənkəran”la qarşılaşmada Azərbaycan çempionatlarında 150-ci matça çıxan müdafiəçi 10-cu qolunu vurub. Bununla da komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan 28 yaşlı futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib. İlk görüşünü “Neftçi”nin heyətində keçirən arxa xətt oyunçusu paytaxt təmsilçisində 115 matçda 7, “Xəzər Lənkəran”da isə 17 qarşılaşmada 1 qol vurub. “Qəbələ”də ilk mövsümünü keçirən Abışov 18 oyunda 2-ci dəfə fərqlənməklə qol sayını 10-a çatdırıb.

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo isə Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub. Son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub. AZAL və “Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.

Azərbaycan çempionatında debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qolunu 53-cü matçında vurub.

Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. 2009/10 mövsümünün gedişində “Qarabağ”a gələn 2010/11 və 2011/12 mövsümlərində də klubun formasını geyinən gürcüstanlı 71 oyunda 29 dəfə fərqlənmişdi. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb. İndi ilk üçlüyə daxil olmaq üçün Reynaldoya daha 3 qol lazımdır.

1. Müşfiq Hüseynov – 109

2. Samir Musayev – 44

3-4. Mahir Əliyev, Yalçın Bağırov – 33

5. Reynaldo Silva – 30

Oxumağa davam et
Reklam
Reklam

Gündəm