“...Çempionluq intriqası bitib” - Veteranların fikri
Bizi izləyin

İdman

“...Çempionluq intriqası bitib” - Veteranların fikri

Milli komandanın təlim-məşq toplanışıyla əlaqədar Azərbaycan çempionatında kiçik fasilə yaranıb. Amma fasilə ərəfəsində baş tutan 23-cü turun oyunlarından sonra ictimaiyyət arasında “bitdi” fikri formalaşmağa başladı. Onsuz da ilin əvvəlində artıq müəyyən ictimai rəy formalaşmışdı. “Qarabağ”ın çempionluq titulunu qorumağa daha yaxın olduğunu idman mətbuatı da vurgulayırdı. 23-cü turda “Neftçi” üzərində qələbədən sonra agdamlıların sevincini görməyə dəyərdi. Bu sevinc çempionluq sevincinə oxşayırdı.

Fasilədən sonra çempionatın hansı əhval-ruhiyyədə bərpa olunacağı məlumdur. Amma hələ heç nə tam aydın olmayıb. Biz elə düşünürük ki, çempionluq intriqası ölüb. Bəs fubolun işində olanlar, futbolu daha yaxından təqib edənlər necə? Publika.az veteran futbolçulara “Çempionluq intriqasının bitdiyini düşünmək olarmı?” sualıyla müraciət edib.

Aslan Kərimov, (U-15-in baş məşqçisi):

“Qarabağ” “Neftçi” üzərində qələbədən sonra böyük bir addım atdı. Çempionatın bitməyinə hələ bir neçə oyun var. Belə deyərdim, “Qarabağ”lılar çempionluğa çox yaxındırlar. Əsasən də bu qələbədən sonra. Nəzəri baxımdan əlbəttə ki, digər komandaların da çempion olmaq şansları var. Amma təbii ki, “Qarabağ”ı keçməkdən ötrü gərək heç bir oyunda məğlub olmasınlar. Həmçinin gərək “Qarabağ” da xallar itirsin. Bu da əlbəttə ki, mümkün olan şey deyil”.

Kamal Quliyev, (“Neftçala”nın baş məşqçisi):

“Deməzdim ki, çempionluq intriqası bitib. Çünki futbol sürprizlərlə doludur.

Qarşıda hələ çox oyunlar var. Qarşıda həm “Neftçi”ni, həm də “Qarabağ”ı hansı nəticələrin gözlədiyini bilmirik. Amma əlbəttə ki, “Qarabağ” bu şansı əldən verməz. İnanmıram ki, “Qarabağ” bu xal fərqini itirər və çempionluq şansını əldən verər.

Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun idman direktoru:

“Futbol elə bir oyundur ki, orada nə isə bir sürpriz etmək mümkündür. Düzdür, hazırda “Qarabağ”ın ikinci yerdəki komanda ilə arasında 9 xal fərq var. Buna baxmayaraq, qarşıda hələ 14 oyun var, marafon uzundur. Hər şey dəyişə bilər. Ona görə də indidən nə isə demək çətindir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm