Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq idmançıların maliyyələşdirilməsinə aydınlıq gətirdi
Bizi izləyin

İdman

Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq idmançıların maliyyələşdirilməsinə aydınlıq gətirdi

Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi məsələsi ilə bağlı mətbuata açıqlama verib.

Əməliyyat Komitəsindən Publika.az-a verilən məlumata görə, Azad Rəhimov ilk növbədə Avropa Olimpiya Komitələrinin (AOK) 2012-ci il dekabr ayında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı verdiyi qərarından irəli gələn öhdəliklər barədə məlumat verib.

"Bu öhdəliklərə I Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bildirəm ki, bundan öncə keçirilmiş London, Soçi və digər Olimpiya Oyunları üçün də belə öhdəliklər mövcud olmuşdur. Beynəlxalq idman aləmində bu təcrübə geniş yayılmış və hər hansı bir istisna halı kimi qəbul edilməməlidir".

Gənclər və idman naziri qeyd edib ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək: "Oyunları izləyən beynəlxalq tamaşaçı kütləsi sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək. Bildirmək istərdim ki, oyunlar üçün ayrılmış və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm