Dünyanın ən yaxşı “qara” qapıçıları
Bizi izləyin

İdman

Dünyanın ən yaxşı “qara” qapıçıları

İnsan taleyi müxtəlif olur. Birinin rəngi ag, bəxti qara olur, birinin rəngi qara bəxti ag olur. Alın yazısının əsl yeri burda görünür. Futbol dünyası bu gün irqçilikdən əziyyət çəkir. Az qala bütün ali qurumlar müxtəlif mübarizə metodlarından istifadə etsə də, bu mərəzdən tam qurtula bilmir. Amma bütün bunlar qaradərili futbolçuların alın yazısını dəyişmir...

Publika.az futbolda öz sözünü demiş və deməkdə olan “qara” qapıçılardan danışacaq.

Dida (İnternasional, Braziliya)

Onu tanıyırsızmı? Hələ də unutmamısız? 2002-ci ildə dünya çempionu olub, “Milan”ın heyətində iki dəfə Çempionlar Liqasını qazanıb. Bu il 42 yaşını qeyd edəcək Dida hələ də yüksək səviyyədə çıxış edir. Ötən mövsüm Braziliya çempionatını 3-cü yerdə başa vuran “İnternasional”ın əsas qapıçısı olub. 2014-cü ilin 10 oktyabrı Braziliya futbol tarixinin ən yaxşı qapıçılarından birinin karyerasına uğursuz gün kimi düşüb: “İnternasional” “Şapekoense”yə 0:5 uduzub, Dida isə oyunun sonlarında meydandan qovulub. Elə bundan sonra da əsas heyətdə yerini itirib.

Felipe Ovono (Ekvatorial Qvineya)

Didadan iki dəfə cavan olan Ovono 21 yaşında millisiylə bu yaxınlarda keçirilən Afrika Millətlər Kubokunun yarımfinalına kimi irəlilədi. Hələ ki, “ev”də “Deportivo”nun şərəfini qoruyur. Amma tezliklə Avropaya ayaq açacağı qaçılmazdır.

Bill Hamid (Di Si Yunayted, ABŞ)

Kökü Afrikayla bağlı olan 24 yaşlı amerikalı artıq 4 ildir “Di Si Yunayted”in əsas qapıçısıdır. Ötən mövsüm MLS-də 30 oyundan onunda qapısını toxunulmaz saxlayan Bill 110 seyvlə yadda qalmış və komandasının Şərq konfransındakı qələbəsinə töhfə vermişdi. Hamid ABŞ millisində də bir neçə oyun keçirib, amma DÇ-2014-ün iştirak ərizəsinə düşməmişdi.

Cefferson (Botafoqo, Braziliya)

Daha bir qaradərili braziliyalı qapıçı. 32 yaşlı Cefferson ötən mövsüm 6 “quru” oyun keçirib və çıxdığı 25 matçda 93 seyv edib. Onun bu məharəti “Botafoqo”nun B seriyasına yuvarlanmasına mane olmadı. Ötən il Braziliyadakı mundialda Cefferson da heyətdə idi, amma bir oyunda belə meydana çıxmadı. Əvəzində payızda Argentinayla yoldaşlıq oyununda Messinin penaltisini dəf etdi.

Silven Qbouo (Fil Dişi Sahili)

DÇ-2014-ə ehtiyat qapıçı kimi gedən 26 yaşlı Silven sonradan Bubakar Barrini əsas heyətdən sıxışdırdı. AMK-2015-də Fil Dişi Sahili milisinin heyətində çempion oldu. Amma zədə üzündən finalda əlcəkləri Barriyə təhvil verməli oldu. O isə penalti seriyasında qələbə qolunu vurmaqla qəhrəmana çevrildi. Qbuou hələ ki, vətənində oynayır.

Aleksandr Dominges (Ekvador)

Son mundialda o qədər qapıçı parladı ki, ekvadorlu tam kölgədə qaldı. Ancaq təəssüf. Vətənində “LDU Kito”nun şərəfini qoruyan 27 yaşlı Dominges turniri yüksək səviyyədə keçirmişdi. Xüsusilə də Fransayla oyun onun benefisinə çevrildi. Avropa nəhənginə fərqlənmək şansı verməyən Aleks 10-a yaxın seyvlə yadda qaldı və matçın ən yaxşısı seçildi. Düzdür, Ekvador qrup üçüncülüyündən uzağa gedə bilmədi.

Rais Mboli (Əlcəzair)

DÇ-2014-ün daha bir görünməz qəhrəmanı odur. Pley-offda Əlcəzair - Almaniya oyununu xatırlayın. Əsas vaxtda gələcək dünya çempionlarından qol buraxmayan Mboli oyunun qəhrəmanı seçildi. Baxmayaraq ki, əlavə vaxtda almanlar qalib gəlmişdi (2:1). Onun klub karyerası o qədər də parlaq alınmasa da (Krılya Sovetov, ÇSKA Sofiya, Filadelfiya Union), millidə hər şey tam fərqlidir.

Stiv Mandanda (Marsel)

O, Liqa-1-in ən yaxşı qapıçılarından biri, 2010-cu ildə Fransa çempionu, PSJ və “Lion”la çempionluq mübarizəsi aparan “Marsel”in kapitanıdır. Mandanda Fransa millisində nadir hallarda əsas heyətə düşsə də, böyük turnirlərdə daim iştirak ərizəsində adı olur. Zairdə doğulan Stivin 29 yaşı var, 2007-ci ildən “Marsel”in “1 nömrə”sidir.

Vinsen Enyeama (Lill, Nigeriya)

Son illər Afrikanın ən sabit və yaxşı qapıçısı hesab edilə bilər. “Quru oyun”lar üzrə mütəxəssisləşən Enyeama Liqa-1-in ötən mövsümündə 20 matçda qapısını toxunulmaz saxlamışdı. 37 oyuna görə bu göstərici fantastikdir. Cari mövsümdə isə 26 oyundan onunda meydanı qol buraxmadan tərk edib. DÇ-2014-də də iki qarşılaşmada rəqiblər Enyeamaya qol vura bilməmişdilər.

İdriss Karlos Kameni (Malaqa)

Hazırda ən yaxşı qaradərili qapıçı hesab olunur. 31 yaşı olsa da, 10 ildən artıqdır dünyanın ən güclü liqalarından sayılan Primeroda çıxış edir. “Espanyol”la başlayan La Liqa karyerasını “Malaqa”da uğurla davam etdirir. O qədər də sabit deyil. Amma oyunu alınanda onu məyus etmək mümkünsüz görünür. Cari mövsüm hələ ki, onun üçün pis getmir. Gilyermo Oçoanı rəqabətdə üstələyən Kameni 9 “quru oyun” keçirib (bunların arasında “Barselona”yla iki oyun da var). Komandasının avrokuboklara vəsiqə qazanması üçün əlindən gələni edir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm