“İmperator”dan küsən “Təcili yardım”
Bizi izləyin

İdman

“İmperator”dan küsən “Təcili yardım”

Türkiyə futbolu son illərdə çox dəyişib. Dəyişib deyəndə, geriləyib. 2000-ci illərdə Türk dünyasının rəğbətini qazanan futbolçuların davamı gəlmədi. İndi fəxr olunası bir nəfər var, o da Arda Turandır. Amma 13 il əvvəl Türkiyə millisi dünya çempionatında parlayanda heyətdəki bütün futbolçular ulduz olmuşdu. Həmin ulduzların arasında bir qürbətçi türk də vardı. Türkiyədə oynamasa da, özü də türk idi, adında da türk sözü var idi. O, Yıldıray Baştürk idi. Türkiyə millisinin formasını 49 dəfə geyinsə də, ölkəsinin heç bir klubunda oynamayan Yıldıray karyerasını Bundesliqaya həsr etdi. Publika.az II taym layihəsi çərçivəsində Almaniyada ulduzu parlayan türkəsilli Yıldıray Baştürk haqqında məlumat verəcək.

Baştürk Çempionlar Liqasının finalında oynayan ilk türk futbolçu kimi tarixə düşüb. “Bayer” 2000/01 mövsümündə Çempionlar Liqasının finalına kimi fantastik yürüş edəndə heyətdə o da vardı. 1998-2008-ci illərdə Yıldıray Baştürk Türkiyə futboluna töhfə verən oyunçulardan olub. Millidə oynadığı matçların sadəcə ikisində qol vurub. Türkiyə yığması ilə 2002-ci ildə dünya üçüncüsü olub. Bir il sonra isə Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.

Altıntop qardaşlarıyla ortaq cəhəti

Yıldıray Baştürk 1978-ci il dekabrın 24-də Almaniyanın Herne şəhərində anadan olub. O da əkiz qardaşlar - Hamit və Halil Altıntop kimi peşəkar şəkildə futbola 1996-cı ildə Almaniyanın “Vattenşayd” klubunda başlayıb. Bu klubda məşqlərə çıxsa da, heç bir rəsmi oyunda iştirak etməyib. Buna görə komandasını dəyişməyə qərar verib.

1997-ci ildə “Vattenşayd”dan ayrılan Baştürk Bundesliqa klublarından "Bohum" a transfer olundu. İlk matçını 1997-ci il avqustun 8-də "Duysburq"a qarşı keçirdi. Oynadığı birinci mövsümdə 17 matça çıxan 19 yaşlı futbolçu bu komandada ümumilikdə 104 oyun keçirdi və 13 qola imza atdı.

2001-ci ildə "Bayer" onu “rənglərinə bağladı”. Yeni komandasına tez uyğunlaşan Baştürk zaman keçdikcə leverkuzenli azarkeşlərin rəğbətini qazandı. Bəstəboy olmasına baxmayaraq, ikili mübarizələrdən çəkinməyən, çox vaxt da qalib ayrılan, “korpus”dan məharətlə yararlanmağı bacaran Yıldıray “Bayer”in Çempionlar Liqasında xarüqələr yaradan “qızıl heyət”inin bir parçasıydı. O, Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 73 oyunda 8 qolla yadda qaldı. 2004-2007-ci illəri “Herta”da keçirən Yıldıray 71 dəfə meydana çıxaraq, 14 dəfə rəqib qapıçıları məyus etdi.

Zədənin səbəb olduğu yoxuşlu sonluq

2006/07 mövsümünü çempion kimi başa vuran "Ştutqart" yayda Baştürkü transfer etdi. “Təcili yardım” kimi hər getdiyi klubun dərdinə dərman olan Baştürk burda da əsas rollardan birini oynadı. Tez bir zamanda şvabiyalıların yarımmüdafiə xəttinin dirijoruna çevrilən qürbətçi türk xüsusilə də mövsümün ikinci yarısında komandaya faydalı oldu. Amma növbəti mövsümün əvvəlində aldığı zədə onun karyerasının sonunu gətirdi. 2008/09 mövsümündə heç cür zədələrdən canını qurtara bilmədi və dövrələrarası fasilədə “Ştütqart”la yollar ayrıldı.

2010-cu ildə “Blekbern” ondan faydalanmaq istədi. Əvvəlcə əvəzedici komandada oynamağa başlayan Yıldıray sonradan əsas komandanın iştirak ərizəsində yer alsa da, meydana vur-tut bircə dəfə çıxa bildi. Mövsümün sonunda ingilislər də ondan üz döndərincə Baştürk karyerasını bitirməyə qərar verdi.

“İmperator” üçün oynamaram”

2008-ci ildə keçirilən Avropa çempionatında milli komandanın heyətindən çıxarıldığı üçün Yıldıray Baştürk Fatih Terimlə bağlı sərt fikirlər səsləndirmişdi. O, "İmperator"un rəhbərliyi altında bundan sonra heç vaxt oynamayacağını söyləmişdi. Yıldıray Almaniya mətbuatına açıqlamasında belə demişdi: “Türkiyə üçün sevərək oynayıram. Ancaq Fatih Terim rəhbərliyində bundan sonra heç vaxt oynamaram. Bunun mənası yoxdur”.

“Arzusundayam...”

2011-ci ildə karyerasını başa vurarkən Baştürk belə bir fikir bildirmişdi:

“Artıq karyeramı bitirmək vaxtıdır. 33 yaşım tamam olacaq. Doğrudur, bu yaşda futbolla vidalaşmaq bir qədər tez olsa da, karyeramı zirvədə olarkən bitirmək istəyirəm. Gələcəkdə isə məşqçi kimi çalışmaq arzusundayam. İnanıram ki, məşqçilik karyeram da uğurlu olacaq”.

“Almaniyadakı türklər, Türkiyədəki türklərdən daha intizamlıdır”

Yıldıray Baştürk karyerasını bitirdikdən 2 il sonra nə işlər görməsi barədə belə danışıb:

“Futbolçu karyeramı bitirdikdən sonra evləndim. İki dəfə ata oldum. Yaxın zamanda baş məşqçilik lisenziyası əldə etmək istəyirəm.

Yıldıray jurnnalistin “"alman türklərinin" (Türk mənşəli) gerçək ölkəsi haradır?”- sualına belə cavab vermişdi:

“Alman türkləri”nin düşüncəsi, bacarığı və dili çox fərqlidir. Almaniyada yaşayan türklərə Türkiyədə "almançılar" deyirlər. Bəzi oyunçular bir müddət sonra özləri-özlərinə belə sual verirlər: Mən türkəm yoxsa alman? Almaniyada yaşayan türk, Türkiyədə yaşayan türkə nisbətən daha çox öz üzərində çalışır, idman edir. Onlar daha intizamlıdır. Özünü inkişaf etdirmək üçün hər şeyi edir. Türkiyədə bir neçə matç yaxşı oyun sərgilədiyi zaman futbolçular göylərə qaldırılır. Küçəyə çıxdıqları zaman hər kəs tərəfindən tanınır. Avropaya transfer olandan sonra qazandıqları nüfuz tədricən gözdən itir. Təbii ki, Arda Turan istisnadır”.

Dediyi gerçəkləşdi...

Bunlardan başqa, onun sanki “öncə görücülük” “qabiliyyəti” də var. O, Emre Canın gələcəyinin olduğunu, nəhəng klublarda oynayacağını demişdi. Proqnozu hələ ki özünü doğruldur. Almaniyada anadan olan Can 2014-cü ildən “Liverpul”un formasını geyinir.

Uğurları

DÇ-2002: 3-cü yer

Konfederasiyalar Kuboku: 3-cü yer

Çempionlar Liqası: Finalçı - 2001/2002

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm