Monopoliyaya qarşı çıxan “Raket”
Bizi izləyin

İdman

Monopoliyaya qarşı çıxan “Raket”

Futbol komandası sanki bir müəssisəyə bənzəyir. 4 xəttin hər birinin öz məsuliyyəti var. Qapı, müdafiə, yarımmüdafiə və hücum bir-birini tamamlayanda uğurlu nəticəyə çatmaq olur. Təsəvvür edin ki, mühasib işə gəlməsə, müəssisədə rejim çökər. Və yaxud başqa bir iş icraçısının yoxluğunda fəaliyyət donar. Futbolda bütün komanda əziyyət çəksə də, çox vaxt son zərbəni forvardlar vurur və əsas qəhrəman hesab olunurlar. Bu məqam artıq neçə illərdir ki müzakirə olunur. Hər dəfə “Qızıl top”un seçimində yenidən aktuallaşır. Almaniyada buna qarşı çıxan bir nəfər tapılıb artıq.

Publika.az xəbər verir ki, hazırda Bundesliqanın bombardirlər yarışında zirvəni hücumçu yox, ampluaca yarımmüdafiəçi olan Aryen Robben ələ keçirib. Bilirsiz bu nə deməkdir? 50 ildən çox yaşı olan Bundesliqa tarixində ikinci dəfə mövsümün bombardiri yarımmüdafiəçi ola bilər.

İndiyə qədər hücumçuların monopoliyasını dağıtmaq yalnız bir nəfərə - qeyri-adi həyat hekayəsi olan Mario Baslerə müyəssər olub. Yeniyetmə yaşlarında heç kim onun istedadını “görməyib”. Bir neçə ili “Kayzerslautern”in ehtiyat oyunçular skamyasında keçirib. Sonra aşağı liqalarda top qovub. Nəhayət, 1993-cü ildə Almaniyanın məşhur mütəxəssislərindən biri Otto Rehagel Baslerin istedadını hiss edib. Digər həmkarlarından fərqli olaraq, “Verder”i çalışdıran “Kral Otto” gənc xavbekin iş icrasına və ləngliyinə yox, onu başqalarından fərqləndirən oyunu oxuma qabiliyyətinə “vurulub”. Rehagel beynində qərar verir ki, Basler onun komandasının “dirijor”u ola bilər.

Qocaman mütəxəssis yanılmadı. Mario Bundesliqada oynamaga başlayandan sonra cərimə zərbələrinin mahir ifaçısı və qeyri-adi ötürmələr ustası kimi də tanındı. Hətta mövsümlərin birində bombardirlik bacarığını da nümayiş etdirdi. 20 qolla Dortmund “Borussiya”sının hücumçusu Hayko Herrlixlə bombardirlər siyahısında birinciliyi bölüşdü. Ondan sonra yarımmüdafiəçilərin məhsuldarlığında fasilə yarandı. Növbəti iki onillikdə yenə hücumçuIar bombardirlər yarışında “hakimiyyət”i ələ aldı.

Cari mövsümdə bu “hakimiyyət”in süquta uğrayacağı müzakirə olunur. Son üç ildə kayerasında xeyli yüksəlişə nail olan “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben indi olduqca ahəngli futbol oynayır. Onu komandanın ən faydalı oyunçusu hesab etmək olar. Top saxlamaq, ən çətin vəziyyətlərdə oyunu üzərinə götürmək, özünəməxsus keçid və qarşısıalınmaz zərbələr bacarığı Robbeni “Bavariya”nın liderinə çevirib. Təbii ki, bunda baş məşqçi Pep Qvardiolanın da rolu az deyil. Məhz onun oyun üslubunda Aryen özünü suda balıq kimi hiss edir. Hücuma sürətli keçməyi sevən ispan mütəxəssis üçün Robben əla silahdır. Eyni zamanda holland futbolçunun məhsuldarlığının artması da taktikanın təsiridir. 4-5-1-ə keçəndən sonra “ağırçəkili” Mario Mancukiçin yerinə daha universal olan Robert Levandovski gətirildi. Robben kimi, polyak forvard da sürətli hücumlarda özünü yaxşı göstərir. Həm də Mancukiçdən fərqli olaraq, Robertin məhsuldar ötürmələri də çoxdur.

“Bavariya”, daha doğrusu, Qvardiola çoxötürməli oynamağı xoşlayır. Belədə hücumçu cinaha çəkilərək rəqibin müdafiəçilərini də özüylə aparır və boş zona yaradır. Robben də belə şeylərin qənimidir də. Bu üsulla Robben Bundesliqanın cari mövsümündə “Hoffenhaym”ı, “Paderborn”u, “Maynts”ı və daha neçə komandanı məyus edib.

“Raket”in oyun planında artırmasında DÇ-2014-dəki uğurlu çıxışın da təsiri var. Yüksəlişə ötən ilin yayından başlayan holland hətta başla da fərqlənir. Onun klassik vinqer olduğunu nəzərə alsaq, əvvəllər belə məhsuldarlığa rast gəlinməyib. 2014/15 mövsümündə “Bavariya”nın lideri “Frayburq”, “Şalke” və “Köln”lə oyunlarda lazımi məqamlarda lazımi yerdə olub və başla qol vurub. Bu ifadəni hələlik Robbenin 2015-ci ildə gördüyü iş üçün də səsləndirə bilərik. Odur ki, mayda mövsüm başa çatanda o, Bundesliqa tarixində ikinci bombardir yarımmüdafiəçi olsa, çoxları buna təəccüblənməyəcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm