Narkotikin acı nəticəsi - dünya çempionumuz dünyasını dəyişdi
Bizi izləyin

İdman

Narkotikin acı nəticəsi - dünya çempionumuz dünyasını dəyişdi

Bu gün səhər saatlarında ölkə idmanı sarsıdıcı xəbər aldı. Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.

Publika.az xəbər verir ki, onun ölümünə səbəb narkotik vasitələrdən istifadə etməsi ehtimal olunur. 32 yaşlı Emin vaxtilə güləşçi olub. O, 1999-cu ildə Danimarkada keçirilən yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu olub.

Emin Bəşirovla bağlı araşdırma apardıq. Məlum oldu ki, onun 2002-ci ildən federasiya ilə heç bir əlaqəsi olmayıb. Publika.az-ın aldığı məlumata görə, Emin Bəşirovun o vaxtdan federasiya və milli komanda ilə əlaqəsi tamam kəsilib.

Digər tərəfdən, onun ölüm səbəbinin narkotikdən asılı olmadığı deyilir. E.Bəşirov uzun müddət xəstə yatırmış. Hətta son vaxtlar ciyərləri şişib və qan qusurmuş.

Düzdür, sabiq güləşçinin əvvəllər narkotikdən istifadə etməsi bildirilir, amma ölüm səbəbi narkotik deyil. İdmançı dünən dəfn olunub.

Emin Bəşirovun vəfatı ilə bağlı mətbuatda yayılmış xəbərlərə münasibət bildirən AGF baş katibi Əjdər Cəfərov mərhumun federasiya ilə hər hansı bağlantısının olmadığını bildirib:

"Mərhum Emin Bəşirov, 1998-2002-ci illərdə yeniyetmə və gənclərdən ibarət yığma komandanın tərkibində ölkəmizi təmsil edib. 1999-cu ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Dünya çempionu, 2000 və 2002-ci illərdə yeniyetmə və gənclər arasında Avropa çempionatlarının bürünc medalına sahib olub. Ancaq 2002-ci ildən sonra heç bir güləş yarışında iştirak etməyib. Güləşdən tamamilə uzaqlaşıb, idmançı kimi karyerasını başa vurub. Onun şəxsi məşqçisi Qərib Əliyevdən aldığımız məlumata görə, ömrünün son günlərinə qədər yataq xəstəsi olub. Uzun davam edən xəstəlikdən sonra vəfat edib.

Yeniyetmə və gənclik illərində ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin".

1983.05.25 təvəllüdlü Emin Bəşirovun güləşdəki nəticələri

- Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998)

- Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999)

- Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002)

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm