Qaydalara “sığmayan” döyüş iki azərbaycanlı qardaşı üz-üzə qoydu - FOTOLAR
Bizi izləyin

İdman

Qaydalara “sığmayan” döyüş iki azərbaycanlı qardaşı üz-üzə qoydu - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxıb. Qarşılaşmada rəqib gözlənildiyi kimi Pavel Kuş deyil, ukraynalı Aleksandr Boyko olub. Rəqibin dəyişməsinə səbəb Kuşun zədələnməsi və döyüşdən imtina etməsi olub.

29 yaşlı idmançımız Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində 1-ci raunddaca döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib. Beləliklə, 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb.

Ukraynadan qalib qayıdan idmançı redaksiyamızın qonağı oldu. Bəxtiyar Abbasov Publika.az-ın əməkdaşı ilə söhbətləşərkən qaydasız döyüşü seçməsi və uğurları barədə danışdı:

Qısa məlumat...

Bəxtiyar Abbasov Şahmar oğlu - 1985-ci il noyabrın 30-da Xocavənd rayonu Qaradağlı kəndində anadan olub. Qardaşı tanınmış döyüşçü Şəhriyar Abbasovun təşəbbüsü ilə idmana başlayıb. 8 yaşından idmana yazılıb. Sambo və cüdo növləri ilə məşğul olmağa başlayıb. 2008-ci ildən isə peşəkar döyüşə həvəs göstərib və qardaşının da məşqçiliyi ilə qarışıq döyüş növləri üzrə çalışmalara start verib.

“Qaradaşım döyüşə keçdi, məndə də həvəs yarandı”

- Nəyə görə sambo, ya cüdoda dayanmadız? Məsələn, cüdoda qala bilərdiz, olimpiya növüdür.

- Sambo və cüdo növləri üzrə idman ustasıyam. Hətta respublika çempionatının, müxtəlif beynəlxalq turnirlərin qalibiyəm. Samboda 5 dəfə respublika çempionatının qızıl medalçısıyam, həmçinin dünya kubokunun qalibi olmuşam. Amma uşaqlıqda davaya meylli idim, çox dəcəl olmuşam. Sonra qardaşım döyüş növünə keçdi. Bundan sonra məndə də bu növə maraq yaratdı.

- İki qardaşın da bu cür ağır bir idman növü ilə məşğul olması ailədə necə qarşılandı?

- Anam döyüş növünə keçməyimə narazı idi. Amma artıq razılaşıb. Sambo və cüdoda burdakı kimi zədələr olmur. Anam mənim necə ağır zədələr keçirdiyimi görüb.

- İdmançı həyatınıza son qoyacaq dərəcədə zədə almısızmı heç?

- Ağır zədələr olub, nokauta düşmüşəm. Demək olar ki, koma vəziyyətində də olmuşam. Çiynimdəki vətərlər cırılıb, başqa problemlər də olub və əməliyyat keçirtmişəm. Hamı deyirdi ki, idmanı bitir. Amma idmansız qala bilmirəm.

Qardaş döyüşü...

- Qardaşınız Şəhriyar Abbasovla qarşılaşmısızmı?

- 2009-cu ildə pankartionda dünya kuboku keçirilirdi. Elə oldu ki, qardaşımla finala çıxdıq. Amma təbii ki, o, məndən böyük olduğu üçün qələbəni ona verdim. Hərçənd razılaşmırdı...

- Özünüz verdiz qələbəni, yoxsa doğrudan da, qardaşınız üstün idi?

- (gülür) Belə deyim, bizdə böyüklə kiçik arasında həmişə hörmət, pərdə var. Amma nə qədər güclü olsam, nə vaxt qarşılaşsam, qələbəni qardaşıma verərəm.

- Yəqin ki, siz döyüşərkən qardaşınız rinqin kənarından ayrılmır...

- Döyüşdüyüm zaman məndən çox o həyəcanlanır. Kənardan onun səsini eşidirəm, görürəm necə olur. Elə o döyüşəndə mən də eyni hisləri keçirmişəm. Qardaşımın tələbələri də rinqdə olanda həyəcan keçirirəm.

- Bəs döyüşdüyünüz zaman hansısa səhvinizə görə sizi danladığı vaxt olubmu?

- Təbii ki, olub. Həm qardaşımdır, həm də məşqçimdir. Amma bu durumdan inciməmişik. Çünki biz əslində çox mehriban qardaşıq. O mənə həm dost, həm də ata kimi olub. Çünki 1999-cu ildən atam rəhmətə gedib. O zaman 13 yaşım var idi, həmin vaxtdan məni o böyüdüb.

- O, döyüşəndə siz onun səhvini tutmusuz?

- Belə ki, sən səhv etdin demirəm. Sadəcə “Bunu belə etsən daha yaxşı olmazdımı” bildirirəm o da razılaşır.

- Həm MMA-da döyüşlərə çıxmaq, həm də Avropa Oyunlarına hazırlaşmaq sizin üçün çətin deyil? Fərqli idman növləridir.

- Yox əksinə, çox rahatdır, yenə deyirəm, mən elə sambo və cüdodan gəlmişəm. Sağ olsunlar, Sambo Federasiyasının prezidenti Ceyhun müəllim, güləşin böyük məşqçisi Firdovsi müəllim və Cüdo Federasiyasının məşqçisi Ağayar müəlllim mənə çox dəstək olurlar. Yığma komandalarla təlim-məşqlərə gedə bilirəm. Çünki bunlar mənə çox lazımdır. Yarışlar olanda da çıxıram. Özümə də xeyri var. Onu da deyim ki, Avropa Oyunlarına samboda namizədəm. Sonuncu dəfə respublika çempionatında finala çıxdım. İnşallah zədələrim olmasa, çıxıb ölkəmizi təmsil edəcəyik. 90 kq-da güləşəcəm.

İdmançı üçün ən böyük xoşbəxtlik

- İdmançı üçün əsas olan nədir sizcə?

- İdmançı üçün ən böyük xoşbəxtlik əli qalxandadır. Şəxsən mənim üçün belədir. Kiçik yarış da olsa, böyük yarış da olsa, mən hamısına eyni yanaşıram.

- Deyirsiz ki, uşaqlıqda davakar olmusuz. Bəs indi?

- Yox, indi düzəlmişəm (gülür.) Uşaq vaxtı çox dalaşqan idim. Mənim üstümdə valideynlərim çox əziyyət çəkirdilər. Az qala hər gün evimizə şikayətə gələnlər olurdu. Qardaşımın da mənim üstümdə dalaşdığı anlar çox olub. Amma indi elə şeylərdən uzağam.

- Rinqdəki davanın kənarda da davam etdiyi anlar olubmu?

- Rinqdən əvvəl çəki zamanı bəzən mübahisə olur. Amma döyüşdən sonra öpüşüb görüşürük.

- Məşq rejiminiz necədir?

- Gündə iki dəfə məşq edirəm: səhər 9-da, axşam 5-də.

- Dostlarla görüşməyə vaxt tapırsız?

- Dostlarımın çoxu idmançıdır. Ona görə də bu barədə problem olmur. Amma idmançı olmayan dostlar da var. Onlar da sağ olsunlar, anlayırlar. Çalışırıq ki, görüşü şənbə və bazar günlərinə salaq.

- Sizin haqda səhv düşünənlər olub? Məsələn “Bəxtiyar özündən razıdır” sözlərini eşitmisiz?

- Elə bir insanam ki, həyatda və ya şəkildə görənlər “Bəxtiyar özünü dartır, yekəxanadır” deyə fikirləşir. Çox adam bunu mənə deyib. Amma tanıyandan sonra yanıldığını etiraf edib.

- Qorxduğun idmançı varmı?

- Həyəcanım olub, amma qorxum olmayıb. Qorxduğum idmançı da yoxdur. Dünyanın 1 nömrəli idmançısı Ben Askren ilə də döyüşmüşəm. Amma qorxmamışam. Mənim üçün rəqib hamısı eynidir. Güclü-zəif fərq etməz, hamısıyla qalib gəlmək üçün döyüşürəm.

- Qardaşınız peşəkar idmanı buraxdıqdan sonra məşqçiliyə başlayıb. Sizin də belə fikriniz var?

- Xeyr, belə bir fikrim yoxdur. Məşqçilik ağır olduğu qədər məsuliyyət də tələb edir. Amma nə qədər gücüm var döyüşəcəm, özü də təmənnasız. Qarşılıq güdmürəm. Əsas məqsədim Azərbaycanı tanıtmaqdır.

- Övladlarınızın idmana marağı necədir?

- Böyük oğlum 2-ci sinifdə oxuyur. Onu cüdoya qoymuşam. İstəyirəm ki, olimpiya idman növü ilə məşğul olsun. Qızımı idmana qoymamışam. Düzdür, qızın idmanla məşğul olmasına heç vaxt pis baxmaram. İdmançı xanımlarımız var ki, tanıyıram, dostuq. Amma özüm qızımın idmanla məşğul olmasını istəmirəm. Yəqin ki, ağırdır ona görə... Kiçik oğlum da hələ 7 aylıqdır. O da böyüsün, yəqin güləşə qoyaram (gülür). Amma təbii ki, idmanla yanaşı dərsləri ilə də yaxşı məşğul olmalıdırlar.

- Azərbaycanın hansı tanınmış idmançılarıyla əlaqəniz var?

- Elnur Məmmədli, Mövlud Mirəliyev yaxın dostumuzdur. Güləşçi Cəbrayıl və bir çox idmançılarla da yaxınıq.

- Maraqlıdır, idmançılar bir araya toplaşanda nədən danışır?

- (gülür) Çox şeydən danışırlar. İdmanda qalan idmanından, uzaqlaşanlar biznes fəaliyyətindən danışır. Təbii ki, idmandan şikayət edənlər də olur. Onlara da deyirəm ki, çox şey insanın özündən asılıdır.

“O döyüşümdən çox narazıyam”

- Hansı döyüşünüzə daha çox hazırlaşmısız?

- İnanırsız, ən çox hazırlaşdığım döyüşdə uduzmuşam. O döyüşümə sonradan diskdə baxanda inana bilmirəm ki, bu mənəm?! Sanki həmin döyüşdə donmuşdum. Elə bilirəm ki, özüm deyiləm. O döyüşümdən çox narazıyam.

- Bütün döyüşlərinizin görüntüsünü izləyirsiz?

- Günü bu gün də izləyirəm. Buraxdığım səhvləri təhlil edirəm. Son qalib gəldiyim yarışdan əvvəl iki dəfə uduzmuşdum. Səbuhi müəllim dedi ki, “Əla, çox gözəl döyüşdün”. Amma Şəhriyar deyir ki, “bir yerdə düz etmədin”(gülür).

- Bundan sonra 84 kq-da davam edəcəksiz?

- İnşallah, qismət olsa, belə davam etmək istəyərəm.

- Kiminlə döyüşmək istərdiz?

- Məni 77 kq-da udmuş Ben Askrenlə yenidən qarşılaşmaq istərdim. Amma 84 kq-da...

- İdealınız olan idmançı varmı?

- Amerikalı döyüşçü Dan Henderson. Onun xarakterindən xoşum gəlir. Çünki 45 yaşı var, hələ də döyüşür. Çox ürəkli idmançıdır.

Aygün İlqarqızı

FOTOLAR: İsmi Şahzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm