Toğrul Əsgərov ikiqat olimpiya çempionu olmaq arzusundadır
Bizi izləyin

İdman

Toğrul Əsgərov ikiqat olimpiya çempionu olmaq arzusundadır

Qarşıdan İlk Avropa Oyunları gəlir. Hər kəs ilk dəfə ölkəmizdə keçiriləcək bu mötəbər turnirə hazırlaşır. İdmançılarımız doğma divarlar arasında keçiriləcək yarışda qələbə qazanmaq üçün çalışır. Hətta güləşçilərimiz də...

I Avropa Oyunlarına qədər bir çox sınaqlardan keçən sərbəst güləşçilərimiz də idmansevərləri sevindirmək üçün əlindən gələni edir, məşq proseslərini axsatmamağa çalışırlar.

Sərbəst güləşçi olimpiya çempionu Toğrul Əsgərov bir müddət zədə problemi üzündən istənilən çıxışı göstərə bilmirdi. Bu üzdən Toğrula qarşı tənqidi reaksiyalar da az olmadı. Yenidən şans qazanan güləşçi bu dəfə ümidləri doğrultmaq, Olimpiya çempionatındakı kimi Avropa Oyunlarında da qızıl medal qazanmaq istəyir.

Publika.az-ın əməkdaşı ilə söhbətləşən güləşçi həmçinin Rio-de-Janeyroda keçiriləcək yay olimpiya oyunlarında növbəti dəfə qızıl medal qazanaraq 2 olimpiya titulunu daşımaq niyyətində olduğunu deyib.

- Son yarışda iki diqqətçəkən qələbə qazandınız, 3-cü görüşə zədə üzündən çıxmadınız. İndi necəsiz?

- Bilirsiniz ki, öncə amerikalı güləşçi ilə görüşdüm, ikinci rəqibim ukraynalı idi. Məğlub etsəm də, zədə aldım. Buna görə də 3-cü görüşə çıxa bilmədim. Məşqçilər də risk etməyimi istəmədi. Çünki qarşıda İlk Avropa Oyunları bizi gözləyir.

- Bu, yeni zədə idi?

- Əvvəlki zədəm sağalıb, hər şey normaldır. Bu zədəni topuğumdan aldım. Yeni zədə idi. Ümid edirəm, tez zamanda sağalaram.

- Məşqlərə qatılırsız?

- Məşqlərimi edirəm, axşamlar da ayağımı fizioterapiyadan keçirirəm. Demək olar ki, indi yaxşıdır. Güman ki, 10 günə tam sağalacaq. Bilirsiz ki, qarşıda aprelin 11-12-də dünya kuboku var. Mən də həmin yarışa 70 kq-da qatılacam.

- İlk Avropa Oyunlarına hazırlıq necə gedir?

- Elə bunun üçün çalışırıq. Ümid edirəm ki, mən də ölkəmizi medalla təmin edərəm. Yəqin ki, 65 kq-da çıxış edəcəm. Düzdür, indi turnirlərə 70 kq-da çıxıram. Olimpiadada və Avropa Oyunlarında 65 kq-da güləşəcəm.

- Bu yeni çəki sizin üçün çətinlik yaratmır ki?

- Xeyr, heç bir çətinliyi yoxdur. Sadəcə daha çox çalışmalıyam. İnşallah ümidləri doğruldarıq.

- Bu yarışlardan sonra Rio-de-Janeyrodakı Yay Olimpiadası var. Azərbaycan Toğrul Əsgərovdan növbəti qızıl medalı gözləsin?

- Elə məqsədimiz də budur. Azərbaycanda ikiqat olimpiya çempionu olan yoxdur. Çox istəyirəm ki, olimpiya oyunlarında ikinci dəfə qızıl medal qazanım. Nə yaşım var ki, mənim üçün hələ çox şey qabaqdadır. Bunun üçün mübarizə apara bilərəm.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm