Kiçiklərin böyükləri - FOTOLAR
Bizi izləyin

İdman

Kiçiklərin böyükləri - FOTOLAR

Güclülər arasında zəif olmaq, yoxsa zəiflər arasında güclü? Hansını seçərdiz? Dünya futbolunun bir çox ulduzu bu sualla üz-üzə qalıb. Öz gücünə güvənib nəhəng klublara gedərək özünü doğruldanlar da olub, özü ilə eyni səviyyəli futbolçular arasında adiləşənlər də. Bəzi futbolçular da var ki, onlar öz kiçik klublarında böyüməyi daha üstün tutublar. Güclülər arasında adi futbolçu olmaqdansa, kiçik klubların əfsanəsi olmağı seçiblər.

Publika.az sizə kiçiklərdə “divləşən” bir neçə futbolçunu təqdim edir.

Pol Qaskoyn

İçki düşkünü, intizamsız, çılğın amma... çox bacarıqlı sözü elə bil Pol Qaskoyn üçün deyilib. Pol məhz futbolçu bacarığına görə hər bir klubun arzuladığı bir oyunçu olub. Ancaq intizamına görə heç bir klub onu istəməzdi. Onun şıltaq hərəkətlərinə də yalnız ulduza ac olan ortabablar dözə bilərdi. Qaskoyn bir kluba bağlı olan oyunçu tiplərindən deyildi. O, karyerasını bir neçə ortababla bağladı. Bu klublar arasında hansılar vardı? İtaliyadan "Latsio", İngiltərədən "Nyukasl", "Everton", "Tottenhem", Şotlandiyadan "Reyncers" və s. Maraqlıdır ki, dünya divlərində oynamamasına baxmayaraq, o, İngiltərə millisinin daimi üzvlərindən idi. Təsadüfi deyil ki, Qaskoyn 10 il şərəfini qoruduğu millidə (1988-1998) 57 oyuna çıxıb, 10 qola imza atıb.

Metyu Le Tissye

Həmyerlisi Qaskoyndan fərqli olaraq, Tissye bir komandaya bağlı idi. O, yetirməsi olduğu "Sautqempton"u karyerasının son illərinədək heç bir iddialıya dəyişmədi. Hücumçu 1986-cı ildə debüt etdiyi "Sautqempton"da nə az nə çox, düz 16 il keçirdi. Bu müddətdə sevimli klubunun heyətində çıxdığı 540 oyunda 209 dəfə rəqib qapılarına yol tapdı. "Müqəddəslər"dən fərqli olaraq, Tissyenin İngiltərə millisində işləri yaxşı getmədi. O, millidə cəmi 8 oyuna çıxdı. 1989/90 mövsümündə ilin ən yaxşı gənc futbolçusu seçilən Tissyeyə millidə yer tapılmadı. Qari Lineker, Alan Şirer, Teddi Şeringem kimi futbolçuların yer aldığı hücum xəttində Tissye lazım olmadı. Millidə əfsanəyə çevrilməsə də, o , "Müqəddəslər"in azarkeşlərinin qəlbində əbədi "taxt" qurdu.

Alan Şirer

O, dünya futbol tarixinin ən güclü hücumçularından biridi desək, yanılmarıq. Tissye kimi “Sautqempton”un yetirməsi olan Şirer, burda 4 il forma geyindikdən sonra başqa bir ortabab “Blekbern”ə transfer olur. “Göy-ağlar”ın da heyətində 4 il keçirən hücumçu, nəhayət, özünə doğma olan klubu tapır. Bu, “Nyukasl” idi. Alan nə az nə çox, düz 10 il “Sağsağanlar” üçün çalışır. Bu müddətdə dəfələrlə Premyer Liqanın bombardirlər siyahısında olan, İngiltərə millisinə daim çağırılan futbolçunu nəhənglərin formasında görən olmur. Şirer karyerasını 9 il öncə bitirsə də, Premyer Liqanın bombardirliyi adını hələ də özündə saxlayır. Belə ki, hələ heç bir futbolçu Şirerin 260 qolluq səddinə çata bilməyib.

Antonio Di Natale

Zəif və ya ortabablarda parlayan futbolçular böyüklərin maraq dairəsinə düşən kimi klubundan onu göndərməyi tələb edir. Bu, qəbul edilmədikdə isə futbolçunun bacarığında süni geriləmə özünü büruzə verir. Bu geriləmə futbolçu hər hansı varlı kluba satılmasına qədər davam edir. Ancaq bu məsələdə bəzi istisnalar var. İtalyan Antonio Di Natale kimi. İtaliya A seriyasının zirzəmisində qərarlaşan "Empoli"nin yetirməsi olan Di Natale düz 8 il bu klubun şərəfini qorudu. Arada "Göy-ağlar" tərəfindən aşağı liqa klunlarına icarəyə verilən futbolçu, klub A seriyasında çıxış edərkən vurduğu qollarla diqqət mərkəzinə düşdü. Nəhənglərin olmasa da, ortababların ən çox istədiyi oyunçular siyahısına düşən forvard nəhayət, 2004-cü ildə cəmi 100 min avroya başqa ortabab "Udineze"yə satılır. Udine təmsilçisi cəmi 100 min avroya heyətinə qatdığı futbolçunun xeyirini hələ də görməkdədi. Dəfələrlə İtaliya nəhənglərinin diqqət mərkəzinə düşən futbolçu klub rəhbərliyinə satılmasıyla bağlı heç bir təzyiq göstərmədi. Artıq karyerasının qürub dövrünü keçirən futbolçu hələ də "Ağ-qaralar"ın əsas üzvlərindən biridi. "Udineze" tarixinin ən sərrast bombardiri olan Di Natale, həmçinin bu klubda ən çox oyun keçirən futbolçudur. Antonio A seriyasının ən sərrastlarındandır. Hesabında 203 qol olan 37 yaşlı forvard İtaliya A seriyasının tarixinin ən sərrast 7-ci futbolçusudur.

Xoakin Sançes

Əslində ispan futbolçunun oynadığı klubları (Malaqa, Valensiya, Fiorentina) heç də zəiflərdən saymaq olmaz. Ancaq 5 ilə yaxın müddətdə İspaniya millisinin əsas heyət üzvü olan (2002-2007) yarımmüdafiəçinin İspaniyanın iki nəhəng klubu olan "Real" və "Barselona"da oynamaması maraqlıdı. Xoakin karyerasının böyük hissəsini "Betis"ə və "Valensiya"ya həsr edib. Hazırda isə 33 yaşlı futbolçu İtaliyanın ortababı "Fiorentina"nın uğurları üçün çalışır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm