Yaxşı oğlan, zəhmətkeş, canavar, döyüşçü, silahdaş...
Bizi izləyin

İdman

Yaxşı oğlan, zəhmətkeş, canavar, döyüşçü, silahdaş...

Bu yay transfer bazarı “qaynayacaq”. Elə bir “məhsul” yetişib ki, Avropa nəhəngləri onun üstündə “qırğına çıxacaq”. Cəmi 21 yaşında adı dünyanın ən yaxşı futbolçuları ilə yanaşı çəkilən birisini başqa cür xarakterizə etmək çətindir. Fransa yığmasının və “Yuventus”un gənc yarımmüdafiəçisi Pol Poqba özünün 190 sm-lik boyu və ideal oyun tərzi ilə bütün planeti fəth etməkdədir.

Publika.az bu yazıda məhz onun haqda danışacaq.

Millisinin dünya çempionluğundan ilhamlanan uşaq

Qvineyalı rabitə işçisi Antuan Poqbanın ailəsindəki sonbeşik Polun futbola həvəsi ən kiçik yaşlarda özünü büruzə verib. Artıq 6 yaşında yaşadığı yerdən bir neçə kilometr uzaqlıqdakı “Ruassi-an-Bri” klubunun məktəbinə ayaq basıb. Bundan cəmi bir il əvvəl isə Fransa milli komandası öz evində keçirdiyi dünya çempionatında qızıl medallara sahib çıxaraq möhtəşəm uğur qazanmışdı. Bu mundial kiçik Poqbaya o qədər təsir etmişdi ki, gələcəkdə futbolçu olub Zidan, Anri və başqaları kimi yaşıl meydanlarda xarüqələr yaratmaq, titullar əldə etmək arzusu zirvə həddinə çatmışdı.

50 dəfə top çiləmək tapşırığı

Poqba balacalıqdan həmyaşıdlarından fərqlənib. İlk məşqçilərindən biri bunu onun yalnız istedadı ilə yox, həm də işə münasibəti ilə izah edir: “Məşqlərdən birində uşaqlar həm sol, həm sağ ayaq, həm də başla 50 dəfə top çiləmək tapşırığı almışdılar. Pol bunun öhdəsindən gələ bilmədi. Ancaq qarşıdakı iki gün ərzində yalnız bunu çalışaraq növbəti məşqdə eyni tapşırığı yerinə yetirdi”.

İlk klubunda 7 il keçirəndən sonrakı ünvan bir il müddətinə “Torsi” olur. Mövsümü kapitan kimi keçirən Polu tezliklə daha güclü klub – “Havr”ın seleksionerləri gözaltı edərək komandalarına gətirirlər. Onun klubun gənclərdən ibarət heyətindəki gözəl oyunu məşhur “Arsenal”, “Liverpul” və “Yuventus” kimi Avropa nəhənglərinin diqqətini cəlb edir. Uşaqlığını Pele, Maradona, Papen kimi dahilərin videokassetlərini izləməklə keçirən biri üçün bu durum normal sayılmalı idi.

Ferqyusonun “görmədiyi” istedad

2009-cu ildə İngiltərənin ən titullu klubu “Mançester Yunayted”ə transfer olunan Poqba, iki il aşağı yaş qruplarında oynayandan sonra əsas komandada debüt edir. Baş məşqçi Aleks Ferqyuson ona ancaq kubok matçlarında etimad göstərir və bunu Polun çox gənc olması ilə əlaqələndirir. Bu səbəbdən 19 yaşlı yarımmüdafiəçi Premyer-Liqada ilk oyununa yalnız 2012-ci ilin əvvəlində çıxır. Növbəti matçı iki ay gözləməli olan fransız futbolçu, yayda “Dumanlı Albion”u tərk edir. Səbəb isə yetərincə şans verilməməsi, aşkar tələbat olan vaxtlarda belə ehtiyat oyunçular skamyasına oturdulması idi. Poqbanın o günlər haqda xatirələri durumu aşkarlığı ilə ortaya qoyur: “Ferqyuson mənə həmişə “sənin vaxtın hələ gəlməyib” deyirdi. Razılaşa bilmirdim. 31 dekabr 2011-ci ildə MY “Blekbern”lə oynamalı idi. Ferqi Fletçer və Gibson kimi əsas heyət oyunçularının xidmətindən yararlana bilmirdi, digər üç mərkəz yarımmüdafiəçisi isə zədəli idi. Nəhayət, əsas komandada debüt edəcəyimi gözləyirdim. Ancaq ser Aleks başqa varianta üstünlük verdi: Karrik müdafiəyə çəkildi, mərkəzdə Ci Sun – Rafael cütlüyü oynadı. Çox iyrənc bir durum idi. Bütün xəyallarım məhv oldu. Məhz həmin gün Mançesterdən gedəcəyimə qərar verdim”.

“Qoca sinyora”nın uzaqgörənliyi

İtaliyada onu başqa münasibət gözləyirdi. 19 yaşlı vunderkindin böyük istedadını sezmək çətin deyildi. Qalırdı ona şans vermək. Ki, “Yuventus”un baş məşqçisi Antonio Konte bunu artıqlaması ilə edərək klubuna fantastik bir futbolçu qazandırdı. 27 iyul 2012-ci ildə tibbi müayinədən keçən Poqba, cəmi 4 gün sonra “ağ-qara” formada debüt etdi. “Benfika” ilə yoldaşlıq görüşündə dahi Andrea Pirlonun yerinə meydana çıxan fransız, tezliklə etimadı doğrultdu. Daha sonra A seriyasında debüt, ilk dubl (“Udineze” ilə matçdakı iki qolun ikisi də möthəşəm alındı: biri fasiləyə az qalmış 30 metrdən fantastik zərbə ilə üst dirəyin altına, o biri isə ikinci hissədə 23 metrdən uzaq “doqquzluğ”a) özünü gözlətmədi. 2013-cü il martın 10-da daha bir dəfə fərqlənən Poqba, “Yuventus” tarixində 19 yaşında A seriyasında 5 və daha çox qol vuran ikinci futbolçu (birincisi əfsanəvi Alessandro Del Pyero idi) olur. Bundan sonrakı dövrdə gənc yarımmüdafiəçi Pirlo, Markizio, Vidal kimi yüksək səviyyəli orta xətt futbolçuları ilə rəqabətdən üzüağ çıxaraq, Turin klubunun əsas heyət oyunçusuna çevrilir.

Hamı ona ideal futbolçu gözüylə baxır

Hazırda Rusiya yığmasının baş məşqçisi olan əfsanəvi mütəxəssis Fabio Kapello Poqbanı meydanda bütün işləri görə biləcək ideal futbolçu adlandırıb. Belə adamdan bu cür xoş sözləri eşitmək asan deyil. Pol gənc olmasına baxmayaraq, qısa müddətdə etdikləri ilə həm azarkeşlər, həm də mütəxəssislərin rəğbətini qazana bilib. O, ampluaca mərkəz yarımmüdafiəçisidir. Həm hücumların qurulmasında, həm də müdafiə olunmaqda komandasına kömək edir. Kollektivin döyünən ürəyi, lokomotivi funksiyasını yerinə yetirən müstəsna “post”da dayanıb. Burada oynayan futbolçuların çevik düşünmə qabiliyyəti olmalıdır. Daima dözümlülük və əməksevərlik nümayiş etdirən Poqba orijinal oyun gedişləri, hücumun istiqamətini gözlənilmədən çevirməklə yadda qalır. “Səkkizayaq” ləqəbini yalnız uzun ayaqlarına görə yox, həm də eyni anda bir neçə işi görmə qabiliyyətinə görə alıb. Şablon qaradərili futbolçu imicini yeniləyən yarımmüdafiəçi güclülərə güc, ağıllılara ağıl ilə qalib gəlir.

Poqbanın bütün xüsusiyyətləri ilə yanaşı, vurduğu qollar qeyd olunmalıdır. Fransız futbolçunun uzaqdan zərbələrlə topdan atəş açırcasına endirdiyi dəqiq zərbələr rəqib qapıçıların qorxulu yuxusudur. 25-30 metrdən qol vurma bacarığı onu məşqçilər üçün gizli silaha çevirir. Bu yolla istənilən an döyüşə atılaraq matçın müqəddəratını həll edən Poqba getdikcə istər “Yuventus”da, istərsə də Fransa yığmasında əvəzedilməz oyunçuya çevrilir.

100 milyon avro!

22 yaşını cəmi iki gündən sonra tamamlayacaq Poqbanın qısa karyerası ərzində üç dəfə transfer qalmaqalında “ilişməsi” də maraqlı məqamdır. Əvvəlcə, “Havr” onu “Torsi”dən, sonra isə “Mançester Yunayted” “Havr”dan qaydalardan kənar yolla almışdı. Hər iki transferdə futbolçu ilə klub arasındakı müqavilələrin amator, yəni həvəskar olması öz təsirini göstərmiş, daha çox pul verən tərəf oyunçuya sahib çıxmışdı. MY-də istədiyi, ancaq ala bilmədiyi məvacibi “Yuventus”dan alacağına söz alınca isə, əşyalarını toplayıb İtaliyaya köç etmişdi Poqba. Nəticəsi isə məlumdur. “Qoca Sinyora”nın pulsuz, heç bir transfer xərci ödəmədən aldığı futbolçunun qiyməti hazırda 100 milyon avro civarında ölçülür. Möhtəşəm seleksiya addımıdır.

“Ferrari” və “Mazerati” kimi çox bahalı maşınları var

Onun haqqında o qədər epitetlər səslənir ki, içindən seçmək mümkünsüz olur. Yaxşı oğlan, zəhmətkeş, kapitan, canavar, döyüşçü, silahdaş… 21 yaşında ideal futbolçu olan Poqba, meydandan kənarda da özünü müsbət tərəfdən göstərə bilib. O, Turinin mərkəzində yaşayır, “Ferrari” və “Mazerati” kimi çox bahalı maşınları var, ancaq heç vaxt köklərini unutmur. Atasının vətəni olan Qvineyaya mütəmadi baş çəkir, orada gücü çatdığı qədər yardımlar edir. Təvazökardır, komanda yoldaşları ilə ünsiyyətdə heç bir problemi yoxdur, onların hörmətini qazana bilib. Hər axşam anasına zəng edir, din (özü müsəlmandır) haqqında kitablar oxuyur, səs-küylü tədbirlərdən uzaq durur. Sadaladıqca bitmir müsbət xüsusiyyətləri. Bir sözlə, idealı axtarırsınızsa, uzağa getməyin, elə Poqbaya baxıb son nöqtəni qoyun.

Poqbanın “Qarabağ”la bağlılığı

Polun özündən böyük iki qardaşı var: Florentin və Matias. Əkizdirlər. Hər ikisi Qvineya yığmasının şərəfini qoruyur. Florentin ötən ilin payızında Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdam “Qarabağ”ına qarşı oynayan Fransa “Sent-Etyen”inin heyətində top qovur. Matias isə İngiltərənin aşağı divizionlarında çıxış edən “Krouli Taun”un formasını geyinir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm