“Bakı - 2015”in daha iki beynəlxalq idman elçisi müəyyənləşib
Bizi izləyin

İdman

“Bakı - 2015”in daha iki beynəlxalq idman elçisi müəyyənləşib

“Bakı-2015” Avropa Oyunlarının daha iki beynəlxalq idman elçisi müəyyənləşib.


Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, almaniyalı stolüstü tennisçi Dmitri Ovtçarov və yunanıstanlı qılıncoynadan Vassiliki Vuqiuka “Bakı-2015”də məşğul olduqları idman növlərini təmsil edəcək. Onlar Avropa Oyunlarının təbliği üçün media və sosial şəbəkələrdə keçiriləcək genişmiqyaslı marketinq kampaniyalarında və aksiyalarda iştirak edəcəklər.


D.Ovtçarov hazırda dünyada altıncı idmançı sayılır və Almaniyanın stolüstü tennis komandasının tərkibində Pekin Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, həmçinin təkbətək, həm də komanda tərkibində London Olimpiya Oyunlarında bürünc medala sahib olub.

V.Vuqiuka qılıncoynatmanın sablya növü ilə məşğul olur və hazırda dünya reytinqində altıncı yerdədir. O, 2010-cu ildə Budapeştdə qılıncoynatma üzrə dünya kuboku yarışlarında qızıl əldə edib. İdmançı 2012-ci və 2013-cü illərdə keçirilən Avropa çempionatlarında gümüş medal qazanıb.

“Bakı-2015”in baş əməliyyat direktoru Saymon Kleqq bildirib ki, beynəlxalq səviyyəli idman elçilərinin bir araya gəlməsi idman təqvimindəki bu yeni tədbirin əhəmiyyətindən xəbər verir. “Əminəm ki, həm Dimitri, həm də Vassiliki Oyunların təşviq edilməsində əllərindən gələni edəcək və Avropa idmanının inkişafında əhəmiyyətli rol oynayacaqlar”, - deyə o qeyd edib.

İyirmi altı yaşlı D.Ovtçarov bildirib ki, birinci Avropa Oyunları stolüstü tennisin statusunun qaldırılması və bu idman növünə yeni azarkeşlərin cəlb edilməsi üçün əla imkandır: “Həmçinin qitəni bir araya gətirəcək yeni və irimiqyaslı idman tədbirində iştirak olduqca xoşagələn bir haldır. Oyunların tezliklə başlanmasını və açılış mərasimində bu idman növünün geniş şəkildə təşviq edilməsini səbirsizliklə gözləyirəm”.

V.Vuqiuka deyib: “Qılıncoynatma Avropada məşhur idman növüdür. Bu idman növü ilə məşğul olan bir idmançı kimi Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təbliğ edilməsinə cəlb olunmaqda qürur duyuram. Dünya miqyasında keçirilən yarışlarda iştirak etmişəm və idmanın insanları necə bir araya gətirməsinin şahidi olmuşam”.

Avropa Oyunlarının beynəlxalq idman elçiləri sırasına həmçinin irlandiyalı boksçu Katie Taylor, britaniyalı taekvandoçu Jade Cons, fransalı gimnast Kseniya Mustafaeva, Danimarkanın kanoye sprinteri Holten Pulsen və Serbiyanın 3x3 basketbol komandasının oyunçuları - Dusan Domovik Bulut, Marko Savik, Marko Zdero və Decan Macstoroviç qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm