Hərbçi, yoxsa döyüşçü? - “Qardaşım oğluna qarşı qəddaram, çünki...”
Bizi izləyin

İdman

Hərbçi, yoxsa döyüşçü? - “Qardaşım oğluna qarşı qəddaram, çünki...”

Natiq Arif oğlu Qasımov 1978-ci il mayın 28-də Qubadlı rayonunun Qayalı kəndində ziyalı ailəsində anadan olub. Hazırda qaydasız döyüşlə məşğul olur. 37 yaşında olmasına baxmayaraq, döyüşməyə davam edir.

Natiq Qasımov Publika.az-ın ənəkdaşı ilə söhbətləşərkən idmana gəlişindən və qaydasız döyüşü seçməsindən danışdı.

- İdmana necə başladız?

- 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseydə oxuyarkən boksla məşğul olurdum. 1995-ci ildən kikboksinqlə məşğul olmağa başladım. Bundan sonra 1996-cı ildə gənclər arasında Azərbaycan çempionu oldum. 1998-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutdum, 1999-cu ildə Avrasiya çempionatında qızıl medal qazandım. 2001-ci ildə klublararası dünya kubokunda 2-ci yerin sahibi oldum. Ümumiyyətlə, qaydasız döyüş deyəndə bütün idman növlərinin sintezi anlamına gəlir. Elə mən də bir neçə idmanla məşğul olduğum üçün özümü qaydasız döyüşdə sınamağa qərar verdim. 1999-cu ildən paralel olaraq məşqçiliyə başladım. İndi tələbələrim Camal Məmmədov 2 dəfə dünya çempionu, Elməddin Məmmədov Azərbaycan çempionu, Avropa birinciliyinin mükafatçısıdır. Saday Qasımzadə öz yaşıdları arasında həm dünya çempionu, həm də dünya kubokunun qalibidir.

- Qaydasız döyüşlərdə iştirak etmək çətinlik yaratmırdı?

- Əvvəlcə çətin gəlirdi. Amma necə deyərlər nə əkərsən, onu da biçərsən. Düzdür, zədə baxımından təhlükəlidir. Ancaq idmançı hazır olanda zədə ehtimalı da az olur. Bu yaxınlarda Ukraynada Avropa çempionatı keçiriləcək, mən də iştirak edəcəm.

- Həm məşqçilik etmək, həm də döyüşlərə hazırlaşmaq – necə vaxt çatdırırsız?

- Bütün həyatımı idmana baglamışam. Bu, mənim yaşam tərzimdir. Hələ Uşaq və Gənclər İdman Məktəbinə (UGİM) də rəhbərlik edirəm. Bir sözlə, hamısına vaxtım var.

- İdmançının həyatı məşqlərdə, səfərlərdə keçir. İstirahətinizə, ailənizə necə vaxt ayırırsız?

- Düz deyirsiz. Bu, bizim yaralı yerimizdir. Amma idman həm də mənim istirahətimdir. Bunu da ailəm başa düşür. Axı mən idmançıyam.

- Ailəlisiz və övladlarınız var. Onlar atasıyla az vaxt keçirdiklərinə görə şikayət etmirlər?

- 2 qızım, 1 oğlum var. Əlbəttə, çalışıram boş vaxtlarımda onların yanında olum.

- Karyeranızı bitirəcək qədər ciddi zədəniz olubmu?

- Yadımdadır, boks üzrə Azərbaycan çempionatına 2 gün qalmış məşqdə qolumu 2 yerdən sındırdım. O vaxtlar bu mənim idman həyatımda dərin iz buraxmışdı. Uzun müddət unuda bilmədim. Hətta qolum sağalandan sonra həkimlər icazə vermirdilər. Allaha şükürlər olsun, bir müddət sonra yenidən qayıtdım. Özümü toparlayıb peşəkar rinqə döndüm.

- Acıdığınız, yazığınız gəldiyi rəqib olub?

- Bəli olub. Olur ki, rəqib güclü olsa da, hansısa bir zərbədən sonra nokauta düşür. Bax belə olanda mənə çox pis təsir edir.

- Rəqibinizə vurduğunuz ən ağır zərbə hansı olub?

- Qələbə qazanmaq mənə görə rəqibə vurulan ən ağır zərbədir.

- Tələbəniz dünya kubokunun sahibi və dünya çempionu Saday Qasımzadə qardaşınız oğludur. Maraqlıdır, əmi - qardaşoğlu məşqi necə keçir?

- Digər tələbələrimlə onun arasında fərq qoymuram. Hamısı mənim üçün eynidir. Hətta məşq zamanı Sadaya qarşı daha qəddar oluram. Tələbkarlıq olmasa, nəticə də olmaz.

- Qarşınıza qoyduğunuz məqsəd nədir?

- Böyük yarışlarımız var. Həmin yarışlarda iştirak edib tələbələrimlə birlikdə qələbə qazanaraq, dövlətimizin üçrəngli bayrağını xarici ölkələrdə dalğalandırmaq, vətənə başıuca dönmək istəyirik. Bir arzum da var, inşallah torpaqlarımızı düşmən tapdağından azad edərək fəaliyyətimizi doğma Qubadlıda davam etdirək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm