Tarixə düşən məktəb direktoru: “O dövrdə bir xanımın...”
Bizi izləyin

İdman

Tarixə düşən məktəb direktoru: “O dövrdə bir xanımın...”

İllər əvvəl bitirdiyin məktəbə gedib, direktorla söhbət etmək doğrudan da qəribə hisdir. Bu anı yaşayan bilər. Elə mən də 9 il öncə məzunu olduğum məktəbə getdim. Səfərimin məqsədi direktorumuz, əməkdar müəllimə Bəsti Ələkbərova ilə söhbətləşmək idi.

Məktəbdə onun otağının qabağından keçərkən mütləq sakitliyə riayət edirdik. Bu tək qorxudan yox, həm də ona olan hörmətdən irəli gəlirdi. 30 ildən çoxdur ki, direktor kimi fəaliyyət göstərən keçmiş voleybolçu Bəsti Ələkbərova ilə sərbəst şəkildə söhbət edə bilmək mənə 9 il sonra qismət oldu.

B.Ələkbərova ilə Qazax şəhəri Səlim Əfəndiyev adına 1 saylı tam orta məktəbdə görüşdük. Dəhlizlərdə sakitlik idi, tətilə görə heç kim yox idi. Yalnız Bəsti müəllimə iş başında idi. Keçmiş idmançı ilə söhbətimizə elə idmanla başladıq:

Xatırlatma...

Bəsti İbrahim qızı Ələkbərova 1949-cu ildə Qazaxda anadan olub. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) qəbul olub. 1971-ci ildə ali təhsilini bitirdikdən sonra Qazax şəhər 1 saylı orta məktəbinə Bədən Tərbiyəsi müəlliməsi təyin olunub. 1984-cü ildən isə həmin məktəbin direktoru kimi fəaliyyət göstərir.

“Heydər Əliyevin 1969-cu ildə verdiyi qərar...”

- Bəsti müəllimə siz 10 il voleybol üzrə milli komandanın üzvü olmusuz. Belə demək olarsa, idmanımızın inkişafına tövsiyə vermisiz. Maraqlıdır, ailəniz idmanla məşğul olmaq istəyinizi necə qarşılamışdı?

- Düzdür, o dövrdə bir xanımın idmanla məşğul olması çətin idi. Hər ailə qızının idmana getməyini istəmirdi. Lakin ümummilli lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı, 1969-cu ildə verdiyi qərar nəticəsində (Azərbaycan qızlarının da Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olması) bu problem aradan qalxdı. Yəni qızlarımız da rahat şəkildə idmanla məşğul olmağa başladı. Bunların nəticəsində mən də voleybol üzrə milli komandanın üzvü ola bildim. Etiraf edim ki, bizim ailədə də bu mövzuda bir az çətinliklər oldu. İstəyirdilər universitetə daxil olum. Lakin Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki ADBTİA) qəbul ola bilmək üçün çox təkid etdim. Elə məşqçilərim də mənim bu yöndə təhsil almağımda çox israrlı idilər. İndi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmək də böyük fəxrdir. Qızlarımızın son dövrlərdə idmandakı nailiyyətləri diqqət çəkir. Bunun da səbəbi cənab prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmana olan diqqət və qayğısıdır.

- Milli komandanın tərkibində məşqlərə, yarışlara qatılarkən Bakıda, evdən uzaqda qalmalı idiz. Bu zaman rayondan çıxmış bir qız üçün çətinliklər olmurdu?

- Bəli, milli komandada azərbaycanlı qızları çox az idi. Cəmi 2 nəfər idik. Bütün bunlara baxmayaraq, bizə qalmaq, yatmaq, yemək üçün əla şərait yaratmışdılar. Gündə 3 dəfə də məşqlərimiz olurdu. Komandamızda əksəriyyət ruslar idi. Biz də qaynayıb, qarışırdıq.

- Başqa milllətin idmançıları ilə bizimkilər arasında qısqanclıq olurdumu?

- Əlbəttə olurdu. Onlar istəmirdilər ki, biz yığmanın tərkibində olaq. Amma məşqçim Şamil müəllim həmişə çalışırdı ki, Azərbaycan qızları komandanın əsas üzvləri olsunlar. Yerlilərin irəli çəkilməsində onun böyük rolu olub. Milli komandada hörmət qazanmışdım. Çalışırdım Qazaxın adını yüksəklərə qaldırım.

- Hansı məşhur idmançılarla bir komandada çiyin-çiyinə mübarizə aparmısız?

- SSRİ idman ustası, Olimpiya çempionu İnna Rıskal ilə birlikdə oynamışam. Yüksək səviyyəli idmançılar çox idi. Bu gün Azərbaycanda voleybol geniş yayılıb. Hazırda oynayan Aynur Kərimova ilə yaxşı tanışam. Onu mənimlə eyni vaxtda oynamış, eyni vaxtda karyerasını bitirən məşqçi hazırlayır. Bu səbəbdən də Aynurla münasibətim var.

- Qazaxda da voleybol komandası vardı...

- Elədir, Qazaxdakı komandmız çox nüfuzlu idi. Qazax komandası respublika çempionu olub. Bu, çox böyük nailiyyətdir. Rusları udmaq heç də asan deyildi. Mənim vaxtımda qızlar həmişə birinci yerə çıxırdı. Bu məktəbə müəllim olaraq təyin olunduqdan sonra da 3 il millidə oynadım. Həmçinin Qazaxın voleybol komandasının baş məşqçisi idim. Həm oynayırdım, həm də uşaqları öyrədirdim.

- Çətin deyildi?

- Cavanlıq (gülür).

- O zaman ailəli deyildiz?

- Xeyr, 1977-ci ildə ailə qurdum. Bundan sonra da idmançı karyeramı başa vurdum, müəllimə kimi fəaliyyət göstərdim. 1984-cü ildən isə həmin məktəbin direktoru oldum.

“Milli komandanın böyük məşqçisi bizim məktəbin şagirdi olub”

- Direktorluğa necə gəldiz?

- Məktəbdə ilk partiya sədri idim. Bura da çox çətin, ağır məktəb idi. Mənim də gənc vaxtım idi. Burada respublikanın əməkdar müəllimləri işləyirdi. Güclü nüfuza sahib direktoru vardı. Dursun müəllim Lenin ordeninə sahib idi. Bütün bunlara baxmayaraq, kollektiv özü məni seçdi. Sağ olsunlar, Əfəndiyev Ənvər, Qasımov Yolçu, Hacıyev Qara kimi müəllimlər mənə çox kömək etdilər. Nüfuzlu direktor olmağım üçün çox çalışdılar. Direktor olanda Qazax komandasının məşqçiliyini də dayandırdım. Vaxt keçdikcə voleybol unuduldu. Bu gün Qazaxda bir çox idman növləri inkişaf etsə də, təəssüf ki, voleybol yoxdur.

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı nə düşünürsüz?

- Ölkəmizdə Avropa Oyunlarına hazırlıq yüksək səviyyədədir. İnanıram ki, Azərbaycan idmançıları da öz sözlərini deyəcəklər. Hətta çox istəyirəm ki, Avropa oyunlarında tamaşaçı qismində iştirak edə bilim. Bu, mənim ən böyük arzumdur. Çalışacam ki, Azərbaycan idmançılarını canlı görə bilim. Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudov bizim məktəbin şagirdi olub. O, bu məktəbin yetişdirməsidir. Biz onunla fəxr edirik. Cənab prezidentin ona Şöhrət ordeni verməsi qürurlu hisdir. Bilirsiz ki, F.Umudov dünyanın ən yaxşı məşqçisi seçilib.

- Firdovsi Umudov necə şagird olub?

- Firdovsi Umudov məktəbi çox yaxşı qurtardı. O yaxşı idmançı olsa da, dərslərə də laqeyd deyildi, gözəl şagird idi. Özü də universitetə qəbul olmaq istəyirdi. Onu da məşqçisi idman sayəsinə yönəltdi. Biz həmişə Firdovsini fənn olimpiadalarına göndərirdik. O, riyaziyyatı çox yaxşı bilirdi.

- Qazaxa gələndə sizə baş çəkirmi?

- Bəli. Elə bu yaxınlarda Qazaxa gəlmişdi, gəlib mənimlə görüşdü, hal-əhval tutdu. Firdovsi Azərbaycanın ən layiqli oğullarındandır.

- İdmançılara güzəşt edirsizmi?

- Əlbəttə idmançılara mütləq güzəşt olmalıdır. Onlar tez-tez təlim-məşq toplanışlarında olurlar. Həm müəllimlər, həm də mən onlara güzəşt edirik. Özləri də qoçaq uşaqlardır, oxumaqları da pis deyil. Məşqçilərlə danışıqlar olur, təhsil naziliyinin və rayon təhsil şöbəsinin də razılığı ilə onlara imkan yaradırıq.

Azərbaycanda yeganə məktəb direktorudur ki...

“Bu gün deyərdim ki, Azərbaycanda yeganə direktor mənəm ki, Bədən Tərbiyəsi müəlliməsiyəm. Hamı düşünürdü ki, Bədən Tərbiyəsi müəlliməsi bu işin öhdəsindən gələcəkmi? Amma 31 il məktəb direktoru olmaq hələ Qazax tarixində olmayıb. 20-22 il işləyənlər olub. Ancaq mən hələ də işləyirəm. Fəxr edirəm ki, Qazax rayonunda uzun müddət fəaliyyətim olub. Həmçinin rayon qadınlar şurasının sədri vəzifəsində çalışıram. 1995-ci ildən bu vəzifəni yerinə yetirirəm. Fəxr edirəm ölkəmizlə, prezidentimizlə. Doğrudan da, Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasındadır”.

- İdman tədbirlərinə dəvət alırsız?

- Əlbəttə. Azərbaycan respublikasının fəxri bədən tərbiyəsi işçisi adına da layiq görülmüşəm.

“Məktəbdə 3 əməkdar müəllim fəaliyyət göstərir”

“İşlədiyim müddətdə şagirdlərimiz məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəblərə qəbul olublar. Qeyd edim ki, bizim məktəbimizin çox böyük müəllim kollektivi var. Bu məktəbə təyin olunduğum zaman burada 120 nəfər müəllim işləyirdi, 1200 nəfər də şagird var idi. Fəaliyyət göstərdiyim müddətdə cənab prezidentin də sərəncamı ilə bizim məktəbimiz iki dəfə “ilin ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. (2008-2009 və 2012-2013-cü dərs ilində).

Məktəbin şagirdləri Respublika üzrə fənn olimpiadasında, rayon olimpiadasında yüksək nailiyyətlər əldə edib. Həmin şagirdlər də 600-dən yuxarı balla ali məktəblərə daxil olublar. Bundan əlavə məktəbdə 3 əməkdar müəllim fəaliyyət göstərir – tarix müəllimi Mirzəyev Mustafa Şövkət oğlu, Carçıyev Şadət Qasım oğlu və mən - Bəsti Ələkbərova. Rayonumuzda sadəcə 6 əməkdar müəllim var, bunun da 3 nəfəri bizim məktəbin müəllimləridir”.

- Müəllim kollektivinizdə bu məktəbin məzunu olanlar da var?

- Bizim məktəbdə yetişdirdiyim əksər şagirdlər bu gün özümlə çiyin-çiyinə çalışırlar. Münasibətlər çox yaxşıdır.

- Bəs onların bu gün də müəllim “qorxusu” var?

- Əlbəttə. Özünüz bilirsiz ki, müəllim nüfuzu hər yerdə çox yüksəkdir. Şagirdlərimiz bu gün bizimlə çiyin-çiyinə çalışsalar da, məktəbin direktoruna, onlardan böyük olan müəllimlərə həmişə qayğı, diqqət göstərir, hörmətlərini saxlayırlar. Bilmədiklərini də böyüklərindən öyrənməyə çalışırlar.

- Direktor olsaz da, idmandan gəlmisiz. İdmançı şagirdləri daha çox sevirsiz, yoxsa kitaba bağlı olanları?

- Əvvəlcədən bildirim ki, doğrudan da mən idmana çox üstünlük verirəm. Çünki idman Azərbaycanı tanıdır. Bayrağımızı idman ucaldır. Amma təbii ki, oxuyan şagirdləri də çox sevirəm. İstedadlı uşaqlarımız da var. İngiltərədə, Türkiyədə təhsil alan uşaqlarımız var. Təhsilə də yüksək qiymət verirəm, çünki təhsil millətin gələcəyidir.

“Uşağı sinifdə təhqir etmək olmaz”

“Direktorluq ən məsuliyyətli işdir. Bir nömrəli məktəbdə həm müəllim kollektivinə, həm də şagirdlərə rəhbərlik etmək məsuliyyət tələb edir. Burada çox nüfuzlu müəllimlər olub”.

- Ya müəllimdən, ya başqa bir şeydən narazı olan tələbələri necə yola salırsız?

- Təbii ki, elə anlar olur. İllərdir məktəbdə işləyən bir şəxs kimi deyirəm ki, indiki şagirdlər çox fərqlidir. Daha müstəqildirlər. Komputer, internet dövründə yaşayırlar, bunun da təsiri var. Amma onları elə qarşılayıb yola salıram ki, məndən incimirlər. Bəzən olur ki, müəllim əsəbi olanda istəmədən xoş olmayan söz deyir. Uşaq da onu götürə bilmir axı... Bu günün şagirdləri öz müstəqilliklərini çox yaxşı bilirlər. Uşağı sinifdə təhqir etmək olmaz. Müəllim ancaq dərsi, tərbiyəsi ilə məşğul olmalıdır.

İdmançı xatirələri

“Xatirələrim çoxdur. Fəxr edirəm ki, Qazaxın idman şərəfini ləyaqətlə təmsil etmişəm. Fəxr edirəm ki, Qazaxın voleybol komandası respublika çempionu olub. 4-5 dəfə bu şərəfə layiq görülmüşük, mən də həmin heyətdə olmuşam. Elə bunun nəticəsində məni yığmaya seçmişdilər. Bu anları heç vaxt unuda bilmərəm. İdmançı kimi bir çox ölkədə olmuşam. O dövrdə İrana, Kanadaya getmək çətin idi. Amma mən Azərbaycan yığmasının tərkibində MDB ölkələrinin hamısında və 9 başqa ölkədə olmuşam. Bu ölkələrdən gətirdiyim medalları, mükafatları indiyədək saxlayıram. Evdə bir guşə ayırmışam”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm