Çingiz Abdullayev: "Mən axı qapıda dayanmayacağam"
Bizi izləyin

İdman

Çingiz Abdullayev: "Mən axı qapıda dayanmayacağam"

«Neftçi» klubunun yeni yaradılan Müşahidə Şurasına sədr seçiən Xalq yazıçısı Çingiz Abdullayev Azadlıq Radiosuna müsahibəsində yeni vəzifəsindən, görəcəyi işlərdən danışıb.O sosial şəbəkələrdə onun yeni vəzifısinə ironiya ilə yanaşanların da cavabını verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Çingiz bəy, «Neftçi» klubunun rəhbərliyinə gətiriləcəyinizlə bağlı xəbər sosial şəbəkələrdə «yazıçı-futbol» konteksti altında şərh edildi. «Neftçi»yə rəhbərlik təklifinə sizin münasibətiniz necə oldu?

- Mən axı qapıda dayanmayacağam, meydançaya çıxıb oynamayacağam, ya məşqçilik etməyəcəyəm. Müşahidə Şurasının sədri ona görə oldum ki, «Neftçi»ni dünyada təmsil edim, bacardığım qədər kömək edim. Buna görə ora getmişəm. Elə bilirəm ki, hər bir azərbaycanlı hansı sahədə kömək edə bilirsə, əsirgəməməlidir. Bu baxımdan, razılıq verdim. İkincisi də, mən futbolu çox sevirəm. Tələbə vaxtı hüquq fakültəsində 5 il futbol komandasının prezidenti olmuşam. Yəni, işdən xəbərim var. Düzdür, bu, böyük səviyyədə deyildi, amma yenə də futboldan başım çıxırdı. O vaxt uğurlarımız da olmuşdu, tələbələr arasında yarışların qalibi olurduq. Mənə Müşahidə Şurasının rəhbərliyini təklif edəndə dedilər ki, yeniliklər olacaq, komandanın səviyyəsini qaldırmaq, beynəlxalq arenaya çıxması üçün istədiyin işi görə bilərsən. Həmişə mənə təsir edirdi ki, niyə Zaqafqaziyanın komandalarının uğurlu çıxışları olur, amma bizimkinin yox. Niyə bizim futbolun da uğuru olmasın?! Baxın, idmanın başqa sahələrində uğurlarımız, çempionlarımız var. İstəyirəm, bu, futbolda da təkrarlansın. Mən «Neftçi»də kitab yazası, yazıçılıq edəsi deyiləm ki. Nə də gedib məşqçilik edəsiyəm. Sadəcə, Şuranın sədri olacağam və bizdə hər şey şəffaflığını qoruyacaq. Maaşlar, qonorarı, komandanın işi, hər şey şəffaf, açıq olacaq.

- Sizə deyiblər ki, komandanı qaldırmaq üçün istədiklərinizi edə bilərsiniz. Siz nə etmək istəyirsiniz?

- Yazıçılar Birliyinə gələndə 29 yaşım var idi, hüquqşünasıydım və bir gün də olsa Yazıçılar İttifaqında işləməmişdim. Mən Süleyman Rüstəm, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Osman Sarıvəlli, Cabir Novruz, Balaş Azəroğludan necə işləməyimlə bağlı məsləhət alırdım. İndi də belə... Adam hesab etməməlidir ki, hamıdan ağıllıdır. Təbii ki, qocaman futbolçuları, məşqçiləri, ömür boyu futbolla məşğul olan adamları yığıb onlardan məsləhət alacağam ki, necə edək. Lazım olsa, xarici ölkələrə gedərəm, onlardan öyrənərəm, lazım olsa, bir peşəkarı köməkçi götürərəm. Yəni, mən peşəkarlarla məsləhətləşib qərar verəcəyəm. ​

- Bəs sizcə, konkret nə etmək lazımdır ki, «Neftçi» daha yüksək yarışlara qatıla bilsin?

- Mən əvvəlcə komandanın oyunçuları ilə görüşəcəyəm. Görünür, dəyişikliklər olacaq, təbii ki, komanda dəyişməlidir, daha uğurlu çıxışlar etməlidir. Amma indidən heç nə deyə bilmərəm. Axı bu komandanın əfsanəsi var. Bu komanda 60-70-ci illərdə doğulub, uğurlar qazanıb. O vaxtlar SSRİ miqyasında bizim də «Neftçi»miz var idi. Cavan vaxtımızda gedib baxırdıq oyunlarına, azarkeşlik edirdik. Təbii, istərdim ki, Azərbaycanın bütün futbol komandaları uğurlar qazansınlar, ancaq ilk növbədə «Neftçi»nin səviyyəsi qaldırılmalıdır. Çünki Azərbaycanda futbol «Neftçi» ilə bağlı olub. Yadımdadır ki, o vaxt hücumçular Banışevski, Markarov, Tuayev gələndə necə sevinirdik. İstəyirəm ki, indi «Neftçi»nin də oyunçularını görəndə adamlar beləcə sevinsin.

- Siz həm Yazıçılar Birliyində vəzifə tutursunuz, həm məhsuldar yazıçısınız, üstəgəl də futbol. Bütün bu işləri çatdıra biləcəksinizmi?

- Çatdıraram. Bizim idman sahəsində o qədər adam var ki, həm federasiya sədridir, həm də nazirdir. Siz elə bilirsiniz ki, nazirlər məndən az işləyir? Məsələn, Şahmat Federasiyasının rəhbəri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur. Elə bilirsiniz bankda iş azdır? Ya bizim hörmətli Kəmaləddin Heydərov neçə illər Taekvando Federasiyasına rəhbərlik elədi. Məgər Fövqəladə Hallar Nazirliyində iş azdır? Təbii ki, orda iş Yazıçılar İttifaqındakından milyon dəfə çoxdur. Amma görünür ki, kömək lazımdır. Hər bir azərbaycanlı düşünməlidir ki, ölkənin təbliğatı üçün nə etsin, idmanını qaldırmaq üçün hansı işi görsün. Hər birimiz fikirləşməliyik ki, Azərbaycandan tələb etmək əvəzinə biz nə edə bilərik. İnandırım sizi, hərə bir az töhfə versə, hamımız üçün yaxşı olacaq.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm