«Qəbələ»də rekord bayramı – 300, 30,
Bizi izləyin

İdman

«Qəbələ»də rekord bayramı – 300, 30,

Premyer Liqanın 28-ci turunda səfərdə AZAL-la qarşılaşan “Qəbələ” 4:0 hesabı ilə qalib gəldi. “AZAL Arena”da əldə olunan bu böyükhesablı qələbə rekord və yubileylərlə yadda qaldı.

Publika.az xəbər verir ki, Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan “Qırmızı-qaralar” klub tarixinin yeni rekorduna imza atıb. Roman Qriqorçukun yetirmələri 23-cü turdan başlayan uğurlu seriyada 2 dəfə ev, 3 dəfə səfərdə 3 xal əldə edib.

Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qırmızı-qaralar” bunadək ən yaxşı halda 4 ardıcıl qələbə qazanmışdı. Qəbələ təmsilçisi 2012/13 mövsümünün ilk, 2013/14 mövsümünün isə ikinci yarısında 4 qələbəni sıralamışdı.

AZAL-la oyunda vurulan qollar “Qəbələ” üçün yubiley xarakteri daşıyıb. Bu matçadək Premyer Liqada 298 top vuran “qırmızı-qaralar” 300 həddini aşıb. Tarixi qolun müəllifi Viktor Mendi olub. 2006-cı ildə Premyer Liqada debüt edən komanda 300-cü qolunu 265-ci oyununda vurub. “Qəbələ” Mendinin qolundan sonra daha 2 dəfə fərqlənərək, bu rəqəmi 302-yə çatdırıb. Bunlardan 162-si ev, 140-ı səfər qarşılaşmalarına təsadüf edib.

300-cü qolun müəllifi Mendi qırmızı-qara formada 30-cu dəfə fərqlənib. Premyer Liqada 26, kubokda 4 dəfə rəqib qapılarına yol tapan seneqallı hücumçu yubileyə 120-ci matçında çatıb. Klub tarixinin ən məhsuldar futbolçusu olan Mendi ilk qolunu 2011-ci ildə vurub. O, 2011/12 mövsümündə 8, 2012/13 mövsümündə 6, 2013/14 mövsümündə 7, cari mövsüm 5 çempionat qoluna sevinib. Onun kubok qollarından biri 2011/12, üçü 2013/14 mövsümünə təsadüf edib.

AZAL-la qarşılaşmada dubla imza atan Cavid Hüseynov Premyer Liqada özünün yubiley – 30-cu qolunu vurub. Cari mövsüm 8-ci dəfə fərqlənən yarımmüdafiəçi karyerasının rekorduna imza atıb. O, “Qəbələ”də keçirdiyi ilk çempionatadək heç vaxt belə məhsuldarlıq nümayiş etdirməmişdi. Hüseynov indiyədək eyni mövsümdə ən yaxşı halda 6 dəfə rəqib qapısına yol tapmışdı. Bu da ötən mövsüm “Bakı”nın heyətində baş vermişdi. Cavid həm də “Qəbələ”də 5 və daha çox penalti vurub, hamısından dəqiq istifadə edən ilk oyunçu olub.

“Qəbələ” tarixində 34-cü, Premyer Liqada 17-ci dəfə böyükhesabla qalib gəlib. 2015-ci ildə ilk dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanan “Qırmızı-qaralar” bunadək Roman Qriqorçukun baş məşqçiliyi dövründə belə nailiyyət əldə etməmişdi. Komandamız sonuncu böyükhesablı qələbəsini 123 gün əvvəl - 2014-cü il dekabrın 3-də “Ağsu” ilə kubok matçında qazanmışdı – 3:0. Premyer Liqada isə son belə uğur 396 gün əvvəl - ötən il fevralın 2-də “Sumqayıt”la səfər matçında qazanılıb – 3:0. Komandamızın 3-dən çox fərqlə 3 xala sevinməsi isə sonuncu dəfə 1071 gün əvvəl qeydə alınmışdı. 2012-ci il aprelin 29-da “Qəbələ” öz meydanında “Bakı”nı 4 cavabsız qolla məğlub etmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm