“Hafka” ilə Monako knyazının əməkdaşlığı təsdiqləndi
Bizi izləyin

İdman

“Hafka” ilə Monako knyazının əməkdaşlığı təsdiqləndi

“Hafka” ilə Monako knyazının əməkdaşlığı təsdiqləndi

Azərbaycanlı biznesmen Hafiz Məmmədovun Fransada sahibi olduğu “Lans” klubu barədə “Axar.az”ın xəbəri təsdiqini tapdı - Fransanın iki komandası olan “Monako” ilə “Lans” arasında görüşün Bakıda keçiriləcəyi məlum oldu.

Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək komandalar paytaxtımızda görüşəcəklər. “Qol.az”ın məlumatına görə, H.Məmmədov artıq bu məsələni Monako knyazı II Albertlə sonuncunun ölkəmizə səfəri zamanı müzakirə edib. “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “Futbol +” qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hər iki şəxs arasında yaxşı münasibətlər var: “Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər.

“Monako” - “Lans” matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır”. Y.Seyidov bildirib ki, yalnız bu qərardan sonra oyun ölkəmizdə keçirilə bilər. Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, bu barədə ilk xəbəri “Axar.az” yayıb. Xəbərdə deyilirdi ki, “Hafka” ləqəbli məşhur iş adamının sponsor olduğu “Lans” klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan «Lion»a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə «Lans» «Monako»ya qarşı keçirəcək. Mötəbər qaynaqdan daxil olan xəbərdə bildirilirdi ki, H.Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var: “Bir qədər əvvəl “Hotel de Paris” otelində Monako ilə görüşüblər.

Görüşdə H.Məmmədov “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib. Sadəcə “Lans” “Monako”nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur”. Onu da yada salaq ki, “Hafka” İngiltərə çempionatının 2-ci dəstə klubu “Lids”i də almaq niyyətindədir. Hazırda bu yöndə danışıqlar gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm