Pilotun kapitanlıq etdiyi ölkə - Onlar necə irəliləyir? - FOTOLAR
Bizi izləyin

İdman

Pilotun kapitanlıq etdiyi ölkə - Onlar necə irəliləyir? - FOTOLAR

Butan millisi bir neçə ay öncə FİFA-nın reytinq cədvəlinin son pilləsində qərarlaşmışdı. İndi isə onlar DÇ-2018-in seçmə mərhələsində tur keçməkləriylə öyünürlər. Onların bu qəhrəmanlığı nəinki öz ölkələrində, bütün dünyada heyrətlə qarşılandı.

Publika.az da Butanın sıçrayışına biganə qalmadı.

Butan dünyanın ən qapalı ölkələrindən biridir. Çin və Hindistanın sərhəddində Himalay dağlarının yaxınlığında yerləşən ölkə FİFA-nın ərazicə ən kiçik üzvlərindən biri sayılır. Ölkə sərt idarəetməyə görə illərlə dünyadan təcrid olunmuş vəziyyətdə yaşayıb. 1974-cü ildən sonra Butan xariclə əlaqələrini nisbətən genişləndirib. Buna baxmayaraq, ölkəylə bağlı olan bəzi qadağalar çox-çox sonralar götürülüb. Məsələn, butanlılar televizor və internetdən yalnız 1999-cu ildən sonra kütləvi şəkildə istifadə etməyə başlayıblar. Hazırda adıçəkilən ölkəyə yalnız bir aviaşirkətin təyyarə endirmək icazəsi var. Təsəvvür edin bu ölkəyə təyyarə endirməyə dünyada sadəcə 8-10 pilotun haqqı çatır. Butana viza almaq da çox çətindir. Bütün bunlardan sonra bu ölkənin futbolunun niyə belə geridə qaldığını müzakirə etməyə ehtiyac yoxdur.

Futbol Butanda heç vaxt əsas idman növü olmayıb. Burda oxçuluq idmanı daha çox sevilir, nəinki futbol. Futbola burda daha çox həvəskar idman kimi baxırlar. Bu cəhətdən Butana Asiyanın San-Marinosu və Andorrası demək olar. Ancaq Avropanın imkanlı “cırtdan” ölkələrindən fərqli olaraq, kasıb Butanda futbolun geridə qalmasına maddi amillər də təsir edib. Belə ki, Butan millisi dəfələrlə maddi imkansızlıqdan seçmə mərhələ oyunlarından imtina etməli olub.

Burda ən çox qazanan futbolçu ayına 150 dollar alır. Butandakı futbolçuların çoxu məhz buna görə başqa işlərlə də məşğul olurlar. Məsələn, komandanın kapitanı Şedrup Tşerinqin əsas işi pilotluqdur. O, yerli "Druk Air" aviaşirkətində pilot kimi çalışır. Tşerinq pilot kimi futboldan qat-qat çox pul qazanır. Seçmə mərhələnin Şri-Lanka ilə ilk oyunundan (1:0) sonra kapitan komandanın düşərgəsini tərk edərək, əsas işi olan aviaşirkətə yollanmışdı. İkinci oyun öncəsi bütün komanda məşq etdiyi zaman o, pilot kimi təyyarə idarə edirdi. Pilot-futbolçu özünün futbola sevgisinin yaranmasıyla bağlı belə danışıb:

"İlk baxdığım turnir 1998-ci ildə Fransadakı dünya çempionatı olub. O, turnirdə mən Zinəddin Zidanın oyununa vuruldum. Ondan sonra bu oyuna həmişəlik bağlandım".

Tşerinq Zidan qədər güclü futbolçu olmasa da, vətəninin millisində kapitanlığa qədər yüksələ bilib.

Butanın qeyd etdiyimiz kimi kasıb ölkə olması və həvəskar futbolçulardan təşkil olunması hətta dünyanın ən zəiflərindən sayılan Asiya milliləri tərəfindən də istehzayla qarşılanırdı. Şri-Lanka millisinin kapitanı Butanla qarşılaşacaqlarını öyrənəndə bunu açıq şəkildə büruzə vermişdi: "Butanla oyunun hətta oyun təcrübəsi baxımından belə bizə nə isə qazandıracağını düşünmürəm".

Şri-Lanka millisinin kapitanının bu sözləri bəlkə də onun komandasının gələcək biabırçılığına yol açmış oldu. Butan millisi heç vaxt bu qədər təhqir olunmamışdı. Hətta Küveyt millisinə 0:20 hesabıyla yenildikləri zaman da.

Şri-Lankayla Butan milliləri arasındakı ilk oyun birincilərin meydanında baş tutdu. Oyuna maraq həddən artıq az idi. FİFA-nın 174-cü komandası ilə ən zəifinin oyununa vur-tut 400-500 azarkeş maraq göstərmişdi. Bəlkə də şri-lankalılar millilərinin bu zəiflərə uduzacağını ağıllarına gətirməmişdi. Ancaq onların ağıllarına gəlməyən başlarına gəldi. Butan heç kimin gözləmədiyi halda səfərdə 1:0 hesabıyla qalib gəldi. Bu oyundan sonra komanda qələbəni Şri-Lankadakı KFC yeməkxanasında qeyd etdi. Butanlı futbolçular isə ölkələrinə Şri-Lankadan bir çox hədiyyələr alaraq döndülər. Maraqlıdır ki, butanlı futbolçuların aldıqları arasında ən çox televizor var idi.

Butan futbolçuları ölkələrinə qəhrəman kimi qayıtdılar. Burda onlar Şri-Lanka ilə cavab matçından öncə buddist monastırına qapanaraq uğur üçün dua etdilər. Buddist rahib də futbolçulara xeyir-dua verdi. Futbolçular ikinci oyunda da xarakter nümayiş etdirdilər. 15 min azarkeşin izlədiyi oyunda Butan millisi son dəqiqədə vurduğu qolla 2:1 hesabıyla qalib gəldilər. Bu, Butan futbolu üçün yeni tarix idi. Futbolçular oyundan sonra göz yaşlarına hakim ola bilmirdilər. Matçdan sonra stadionun ətrafı insan kütləsiylə dolub daşırdı. Hamı millilərinin bu gözlənilməz uğurunu qeyd edirdi. Onlar artıq dünyanın ən zəifi deyildilər. FİFA-nın son açıqladığı reytinq siyahısı da bunu sübut edirdi. Butan artıq nə az, nə çox, düz 46 millini qabaqlayaraq 163-cü pillədə qərarlaşıb. Bir neçə ay əvvəl onlara yuxarıdan aşağı baxan Şri-Lanka yığması isə uçuruma doğru getməkdədir (186).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm