Azərbaycanlı “Robin Qud”: “Varlı insanlardan pul oğurlamıram”
Bizi izləyin

İdman

Azərbaycanlı “Robin Qud”: “Varlı insanlardan pul oğurlamıram”

Zaur Kamran oğlu Qəhrəmanov 1994-cü il mayın 7-də Bakıda anadan olub. Bir il sonra ailəsi ilə birlikdə Rusiyaya köçsə də, Zaur 10 yaşında olarkən Qəhrəmanovlar vətənə qayıtmağa qərar verib. Valideynləri onun hiperaktiv uşaq olduğunu görüb idmana yazdırıblar.

Kamandan Oxatma idmanına gələnə qədər o, özünü bir çox idman növlərində sınayıb. Təbii ki, kamandan oxatma Qəhrəmanovlar ailəsi üçün heç də yad idman növü deyil. Çünki Zaurun anası Zemfira Qəhrəmanova da bu idman növündə bir çox turnirlərin qalibi və mükafatçısı olub. Həmçinin SSRİ çempionudur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Zaur Qəhrəmanov Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı idmana gəlişindən və bu idmanı ona sevdirən şəxsdən danışdı.

- Neçə ildir kamandan oxatma ilə məşğulsan?

- Bu idman növü ilə 4 ildir ki, peşəkar şəkildə məşğul oluram.

- Bir çox idman növü ilə məşğul olmusan. Niyə oxatmada dayandın?

- Anam bu idman növü üzrə SSRİ çempionu olub, hazırda da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası atıcılıq kafedrasında baş müəllimə vəzifəsində çalışır. Elə o, məni bu idman növünə gətirdi.

- Zemfira xanım "oğlum səni də bu idmana yazdırım" dedi?

- Yox, elə demədi. Mən bu günə qədər bir çox idman növündə özümü sınamışam. Hər bir idman növündə nəticələrim var. Boks və yüngül atletikada təhsil çempionatında mükafatçı olmuşam, taekvondoda kəmər sahibiyəm, cüdoda isə Bakı çempionatında ilk 5-liyə düşmüşəm. Sadəcə bu idman növü daha çox ürəyimcə oldu.

- Artıq 4 ildir ki, məşğul olduğun kamandan oxatma idmanında hansı nailiyyətlərin var?

- Dəfələrlə Respublika çempionu, Beynəlxalq turnirlərin mükafatçısı, dünya çempionatlarının, Avropa çempionatlarının iştirakçısıyam. Bundan əlavə, Azərbaycanda keçirilən beynəlxalq federasiya kubokunun qızıl və bürünc medalının sahibiyəm. Həmçinin komandamız İslam Həmrəylik Oyunlarında 2 yerin sahibi olub. Məncə bunlar hələ ki, yüksək nəticə deyil.

- Şəxsi məşqçin kimdir?

- Natiq Fazilov. O, mənim sevimli şəxsi məşqçimdir.

- Zemfira xanım sənin idmanına qarışırmı? Səhvlərini, nəyi düz edib-etmədiyini bildirir?

- Mən özüm də istəmirəm, anam da səhvlərim barədə nə isə demir. Düzdür, mənim ilk müəllimim anam Zemfira Qəhrəmanova olub. Sonradan Natiq müəllimin rəhbərliyi altda məşqlərimə davam etmişəm. İndi mənim harada səhv etdiyimi, necə etmək lazım olduğunu o deyir.

- “İlk müəllimim anam olub” dedin. Onda sənə bu idmanı sevdirən də məhz o olub...

- Bəli, düzgün vurğuladınız. Mən hər şeyə görə ilk öncə anama minnətdaram.

- Milliyə necə dəvət almısan?

- Milli komandaya 2012-ci ildən dəvət almışam. Natiq müəllim özü dəvət etdi.

- Millidə legioner idmançılar da var. Yerlilərlə əcnəbilər arasında münasibət necədir?

- Elə də münasibətimiz yoxdur. Amma biz onlara öz qonaqpərvərliyimizi göstəririk. Mentalitetimizə uyğun rəftar edirik. Bir sözlə, aramızda hörmət var.

- Səncə oxatmayla məşğul ola bilmək üçün nə tələb olunur? Ağıl, güc, yoxsa sərrast atıcılıq daha önəmlidir?

- Saydıqlarınızdan üçü də vacibdir. Amma bu idmanda da ağıl ilk öncə gəlir.

- Atışa başlamadan öncə nə düşünürsən?

- Özümə inamı düşünürəm. Əks halda, başqa şeylər ağlımdan keçəndə atış alınmır.

- Zədə problemi yaşamısan?

- Şükürlər olsun ki, belə problem yaşamamışam. İnşallah da olmaz.

- Qarşıdan I Avropa Oyunları gəlir. Buradakı namizədlər sırasında varsan?

- Əlbəttə ki, varam, amma yüz faiz iştirak edib-etməyəcəyimi deyə bilmərəm. Çünki gələcəyi Allahdan başqa heç kəs bilməz.

- Əgər iştirak hüququ əldə etsən, İlk Avropa Oyunlarında özünü hansı yerdə görürsən?

- Əlbəttə, birinci yerdə olmaq istəyərdim. Himnimizi səsləndirib bayrağımızı ucaltmaq istəyərəm. Hər şey ola bilər və inşallah yaxşı olacağını düşünürəm.

- Səninlə bağlı bir yazı oxudum. Orada “Bizim “Robin Qud” deyə bəhs edilmişdi. Doğrudan da, özünü “Robin Qud” kimi hiss edirsən?

- Xeyr, çünki mən varlı insanlardan pulu oğurlayıb, kasıblara paylamıram (gülür).

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm