Kəkilli oğlan - İntizamsız, əsəbi, həm də cəsur - FOTO
Bizi izləyin

İdman

Kəkilli oğlan - İntizamsız, əsəbi, həm də cəsur - FOTO

Futbolun da bir dövrü vardı. Rivaldo, Bebeto, Batistuta, Samorano, Klyuvert oynayırdı onda... Messi və Ronaldonun adı “dəftər”ə düşməmişdi hələ. Hələ dünya çempionatı yaxınlaşanda hamı afrikalıların yolunu gözləyirdi. Sizə təxminən 1990-cı illərdən danışıram. Daha çox Nigeriya millisindən danışılırdı. Təkcə oyunlarından yox, həm də futbolçuların qeyri-adi saç düzümlərindən. Doğrudan da gözəl dövrü idi futbolun.

1994-cü ildə mundialda debüt edən nigeriyalılar dünyaya elə səs saldılar ki, 20 ildən çox müddət keçməsinə baxmayaraq, hələ də həmin səs eşidilir. Düzdür, “Superqartallar” ABŞ-dakı turnirdə 1/8 finaldan uzağa gedə bilmədi. Amma futbolsevərlərin yaddaşında silinməz iz buraxdı. O heyət fantastik, sanki seçmə idi. Ümumiyyətlə, Nigeriya dünya futboluna Amokaçi, Olise, Finidi, İkpeba, Yekini, Babanqida, Babayaro, Kanu, Okoça və Taribo Uest kimi ulduzlar bəxş edib. Sonuncu futbolçunu xatırlamağa çalışanların üzündə mütləq təbəssüm yaranacaq. Hə, doğru tapdınız, o, həmin futbolçudur, başında saç əvəzinə, yaşıl kəkil saxlayan...

Təxminən 1 ay əvvəl 41 yaşını qeyd edən Taribonun adı bir neçə il əvvəl “lipa” qalmaqalında da hallanmışdı. Vaxtilə şərəfini qoruduğu “Partizan” klubunun nümayəndələrindən biri onun yaşını 12 il azaltdığını iddia etmişdi. Amma sonradan bunun mənasız iddia olduğu üzə çıxdı. Mətləbdən uzaqlaşmayaq.

Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə yaşı ilə bağlı müzakirələr yaranan, ekstravaqant saç düzümüylə diqqət çəkən Taribo Uest haqqında məlumat verəcək.

Hamıya məlumdur ki, futbolçular oyunlarından əlavə xarici görünüşləri ilə də diqqət çəkirlər. Təbii ki, xarici görünüş dedikdə ilk ağıla gələn onun yaraşığı, xarizması olur. Amma Taribo Uest bu kriteryalara aid deyil. O da görünüşü ilə diqqət çəkib, amma saçındakı kəkillərlə...

Uest karyerası ərzində 12 klubda forma geyinib. Nigeriyalı futbolçu millinin heyətində 40 oyuna çıxıb. Karyerası ərzində müdafiədə və sol cinahda çıxış edib. Amma aktivindəki qol sayı bir o qədər çox deyil – cəmi 8 qol...

Uest 1996-cı ildə Nigeriya yığmasının heyətində Atlanta Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı olub. Onun ən yaxşı illəri isə Fransa “Oser”i və İtaliya “İnter”ində keçib.

“Şarks”la başladı “İnter”lə davam etdi

Taribo Uest 1974-cü il martın 26-da Nigeriyanın Port-Harkort şəhərində anadan olub. Onun peşəkar futbol karyerası anadan olduğu şəhərin klubu “Şarks”da başlayıb. Bu klubda 1991-1992-ci illərdə forma geyinib, 40 oyu keçirib və 4 dəfə qol vurub. Ümumilikdə vətəndə yaddaqalan hadisə olmayıb. Daha sonra Taribo Uest Avropaya üz tutur. “Oser”in təklifini qəbul edən “kəkilli oğlan” 1993-cü ildə başlayaraq 4 il fransada top qovur. Klubun və azarkeşlərin könlünü fəth etməyi bacarır. Bu müddət ərzində 2 dəfə Fransa Liqa 1-in qalibi olur. Dövrünün güclü müdafiəçilərindən sayılan Taribo “Oser”də qol hesabını da açmağa müvəffəq olur.

Qəribə saç düzümlü futbolçunun oyununu izləyən “İnter” üzvləri onu transfer etmək qərarına gəlir. Taribo 1997-1999-cu illərdə “İnter”in formasını geyinmək şansı əldə edir. O, oyun tərzi ilə italyan azarkeşlərin də diqqətini çəkməyi bacarır. “İnter”lə 44 oyuna çıxan nigeriyalı futbolçu bu klubda da 1 qol vurur.

“Qalatasaray” istədi – Uest onları “sındırdı”

1999-cu ildə "Qalatasaray" Uesti transfer etməyə yaxın olub. Amma gözlənilməz cavabla üzləşib. Nigeriyalı müdafiəçi "Qalatasaray"ı önəmli klub hesab etmədiyini deyərək İstanbula gəlməkdən boyun qaçırır: “Qalatasaray” kimi kiçik, Avropada yeri olmayan komandalarda oynayacaq bir oyuncu deyiləm”.

Təbii ki, onun bu açıqlaması həm klubu, həm də azarkeşləri məyus etmişdi. Bundan sonra “Qalatasaray” fanatları onu tənqid atəşinə tutdu.

“Milan”da sadəcə 4 oyun və 1 qol...

Uestin növbəti dayanacağı “Milan” olur. O, Milanda 1999/2000 mövsümündə top qovur və sadəcə 4 dəfə yaşıl meydanda olur. Burada da yeganə qolunu vurmağı bacarır.

Klub dəyişməyi vərdiş halına salan Uestin karyerası - “Derbi Kauntri” (2000–2001), “Kayzerslautern” (2001–2002), “Partizan” (2002–2004), “Al-Arabi”( 2004–2005), "Plimut Arqayl" (2005–2006), “Yulius Berger” (2006–2007), “Peykan” (2007–2008) kimi klublarla davam edir.

2007-ci ildə isə futbolçu karyerasına son qoyduğunu açıqlayır. Düzdür, 2008-ci ildə onun yenidən futbola qayıtdığı, İspaniyanın II divizion klubu “Xeres”lə anlaşdığı deyildi. Lakin klubun prezidenti bu xəbəri yalanladı.

28 yox , 40 yaşı var imiş... – 12 yaş lipa?

2013-cü ildə Belqrad “Partizan”ının keçmiş sahibi Jarko Zeçeviç komandasında çıxış etmiş nigeriyalı Taribo Uest haqda ilginc məlumatlar yaydı:

“Biz onu transfer edərkən 28 yaşı olduğunu bildirmişdi. Halbuki həmin vaxt 40 yaşı var idi. Buna baxmayaraq, əla oynayırdı. Bu səbəbdən də mən onun transferindən peşman deyildim. 44 yaşında həkimlər futbolçuya bioloji yaşının 32 olduğunu dedilər. Amma dizindəki müayinə zamanı həkimlərdə Uestin yaşının çox olmasına dair şübhələr yarandı”.

Bunlara diqqət: Gey, intizamsız, əsəbi, cəsur...

* Onun üçün bu fikirlər həmişə səslənib - əsəbi, cəsarətli, əzmli, sərt, üzərində-çox çalışan keyfiyyətli müdafiəçi.

* Saçlarını millisinin forma rənginə uyğun olaraq yaşıl rəngdə edərdi.

* Əsla intizamlı oyunçu deyildi. Bütün məşqçiləri ilə problem yaşayardı. Ancaq “Partizan” klubunda nizam-intizamsız Uestdən əsər-əlamət qalmamışdı...

* Onun sərt oyun tərzi bəzi mütəxəssislərin onun haqda bu fikri səsləndirməsinə səbəb oldu: “Futbol kişi oyunudur və kişi kimi oynanılmalıdır”.

* Nigeriyalı müdafiəçi 1998-ci il dünya çempionatında yaşıl saçlarıyla diqqətləri üzərinə çəkmişdi.

* 186 sm boya malikdir. Solaxay idi.

* “Gey” olduğu da iddia edilmişdi... Hətta Nigeriya hökuməti tərəfindən saç stili bəyənilməmişdi, “daha çox “gey” stilində” olduğu da deyilmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm