Amansız xəstəlik də təslim edə bilmədi - O, “xərçəng”ə necə qalib gəldi?
Bizi izləyin

İdman

Amansız xəstəlik də təslim edə bilmədi - O, “xərçəng”ə necə qalib gəldi?

Yonas Qutyerres çox qısa zamanda 2008-ci ildə transfer edildiyi "Nyukasl"da azarkeşlərin sevimlisinə çevrildi. Hər top uğrunda sonadək mübarizə aparan Qutyerres tezliklə azarkeşlər tərəfindən əzmkar oyunçu kimi məşhurlaşdı. "Nyukasl" fanatları onun barəsində "qarşısıalınmaz oyunçu" deyə danışırdılar. Ancaq həyat tezliklə onu meydandan kənarda - real həyatda da əzmkar olmağa sövq etdi. Səbəbini Publika.az təqdim edir.

Yonas Qutyerres 1983-cü il iyulun 5-də Argentinanın Saents Pena şəhərində dünyaya gəlib. O, futbola ölkəsinin tanınmış klublarından olan "Veles Sarsfild"də başlayıb. 1999-2001-ci illər aralığında "Veles"in yeniyetmələrdən ibarət komandasında top qovan Yonas, 2001-ci ildən etibarən klubun əsas komandasına cəlb olunur. Burda özünü ən yaxşı tərəfdən göstərən yarımmüdafiəçi, tezliklə Avropa klublarının diqqətini cəlb edir. Bu klublar içində Yonasın komandasına ən yaxşı təklif "Malyorka"dan gəlir. 2005-ci ildə Qutyerres 3,5 milyon avro qarşılığında İspaniyaya yollanır. "Malyorka"da 3 mövsüm keçirən Yonas, 2008-ci ildə La Liqanı Premyer Liqaya dəyişir.

"Nyukasl" Qutyerresə görə ispan təmsilçisinə 5,8 milyon avro ödəyir. Yonas "Sağsağanlar"a qoşulduğu birinci mövsümdən azarkeşlərin sevgisini qazanır. Bu illərdə o, ölkəsinin millisinə də dəvət alır. Ancaq Premyer Liqanın 2012/13 mövsümündə "Arsenal"la oyununda hər şey birdən-birə dəyişir. Matçın gedişində "Topçular"ın yarımmüdafiəçisi Bakari Sanya ilə toqquşan futbolçu ağır zədə alır. Oyundan sonra həkimlərin müayinəsində isə futbolçuda zədə yox, xayasında xərçəng olduğu müəyyənləşir.

"Nyukasl" rəhbərliyi İngiltərədə futbolçu üçün ən yaxşı xəstəxananı axtardığı vaxt Yonas vətəni Argentinaya yollanmağı üstün tutur. O, 2013-cü ilin oktyabrında vətənində əməliyyat olunur.

Yonas xəstəliyi barədə öyrəndikdən sonra ilk reaksiyası barədə belə danışır:

"Mən diaqnoz haqda öyrənən kimi göz yaşları içində evə qayıtdım. Bu vaxtı mən nə futbol haqda, nə də ki, klubla müqaviləm barədə düşünürdüm".

Qutyerres klub rəhbərliyindən xəstəliyi barədə danışmamağı xahiş edir. O, xəstəliyi barədə yalnız ən yaxın dostları - Fabritsio Koloççini, Qabriel Hayntse və Martin Demiçelisə danışır.

Yonas kimyəvi müalicə almağa başladığı vaxt 15 ildi imici olan uzun saçlarıyla vidalaşmalı olur. O, 15 illik imicindən əl çəkərək saçlarını tam qırxdırmasına səbəb kimi guya hansısa mərcdə uduzmasını göstərir.

İngiltərədə heç kim onun xəstəliyi barədə məlumatlı deyildi. Azarkeşlər sevimli oyunçularının oyunların iştirak ərizəsinə salınmamasını anlaya bilmirdi. Mətbuat isə onun formada olmadığından heyətdən kənarda qaldığını yazırdı. Hətta yerli jurnalistlər futbolçunun 2014-cü ildə "Norviç"ə icarəyə verilməsindən sonra argentinalıyla müqavilə müddətinin uzadılmayacağını, onun tezliklə komandadan göndəriləcəyini yazırdı. Ancaq heç kim gerçəyi bilmirdi.

Deyilənlərin əksinə "Sağsağanlar"ın baş məşqçisi Alan Pardyu onu komandadan göndərmək fikrində deyildi. Pardyu Yonasın xəstəliyindən xəbərdar idi. O, sadəcə olaraq, futbolçunun əvvəlki formasını bərpa etmək üçün onun "Norviç"ə göndərilməsinə icazə vermişdi.

2014-cü ilin sentyabrında Qutyerres xəstəliyini daha çox gizlədə bilmədi. O, xəstəliyi barədə açıqlama verdikdən sonra azarkeşlər onun neçə aydı niyə əvvəlki formasından uzaq düşdüyünü anladı. Ona hamı tərəfdən dəstək gəlməyə başladı. Futbolçunun Argentina millisindəki sabiq çalışdırıcısı Dieqo Maradona da televiziya vasitəsilə ona dəstək verdi.

Bu hadisədən cəmi bir ay sonra futbolçu özünün şəxsi "tvitter" hesabında qoluna yazdırdığı yeni tatuajın fotosunu paylaşdı. Yonasın qolunda Eminemin mahnısından bir misra yer almışdı:

"Mən yenidən həyatdayam. İndi əvvəlkindən daha güclüyəm".

Bu cümlələr Yonasın xərçəngdən tamamilə qurtulduğunu göstərirdi. O, tezliklə doğma klubu "Nyukasl"a geri dönür. 2014-cü ilin dekabrın 22-də isə Yonas "Sağsağanlar"ın gənclərdən ibarət komandasının heyətində 87 dəqiqə oynayaraq bir qola imza atır. Onun oyununu kənardan izləyən ən yaxın dostu Koloççini göz yaşlarına hakim ola bilmədi.

Ancaq bu da hamısı deyil. Artıq Yonas cari mövsüm Premyer Liqada komandasının heyətində debüt də edib. Qutyerres get-gedə yenidən "Sağsağanlar"ın əsas heyət üzvünə çevrilməkdədir. Artıq "Nyukasl"da heç kim onunla cari mövsümün sonunda bitəcək müqaviləni yeniləməyin əleyhinə deyil.

Futbolçu ona ən çətin günlərində dəstək olan model Aleksandra Malettiyə evlilik təklifi də edib.

Yonas Qutyerres meydanda olduğu kimi həyatda da öz əzmkarlığını itirməyərək azarkeşlərin onun barəsində dediyi "onu heç kim dayandıra bilməz" şüarını təsdiqləmiş oldu.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm