Şahı təəccübləndirən, qubernatoru pərt edən “pələng” – FOTO
Bizi izləyin

İdman

Şahı təəccübləndirən, qubernatoru pərt edən “pələng” – FOTO

İmaməli Həbibi - bu ad bəlkə də çoxlarına tanış olmaya bilər. Ancaq “Mazandaran Pələngi” desək, hər kəs gözəl xatırlayacaq.

Publika.az II taym layihəsi çərçivəsində bu dəfə “Mazandaran Pələngi” ləqəbi ilə güləş tarixində dərin iz qoymuş idmançı haqqında məlumat verəcək.

Yaşlı azarkeşlər "Mazandaran pələngi"ni hələ də yaxşı xatırlayırlar. Azərbaycanda isə bu ad çəkiləndə daha bir məsələ yada düşür. Söhbət bir zamanlar bizim kinoteatrlarda ən çox izlənilən "Mazandaran pələngi" filmindən gedir. İran kinematoqrafçılarının lentə aldığı bu ekran əsərində baş rolda əfsanəfi güləşçi İmaməli Həbibinin çəkilməsi filmi daha da baxımlı etmişdi.

Onun güləş tarixində qoyduğu izlər və dövrünün reytinqlərini alt-üst etməsi doğrudan da göz qamaşdırıcı olub. Təsadüfi deyil ki, "Mazandaran pələngi" Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə müasir dillə desək, reytinqlər qırırdı.

Axı kim düşünə bilərdi ki, adi dəmirçi Olimpiya çempionu ola bilər, Asiyanı və daha sonra 3 dəfə dünyanı fəth edər.

12 yaşında atasını itirir, dəmirçi işləyir

İmaməli Həbibi 1931-ci il mayın 13-də Gəncəfruzda anadan olub. İmaməli kiçik yaşlarından fiziki əməklə məşğul olub, çəltik sahələrinin suvarılmasında ailəsinə kömək edib. 12 yaşında ikən atasını itirən gələcək pəhləvan Şahi şəhərində yaşayan bacısının yanına köçür və orada dəmirçi mağazasında işə düzəlir.

O, həyatı boyunca çox çətinliklərlə üzləşir. Ən çox da anasının xəstəliyi zamanı. Atasından sonra anasını da itirmək qorxusu gələcəyin “pələng”ini çox üzür.

Halal pulunu vermədilər, polislə hədələdilər

Məsul yarışların birindən öncə "Mazandaran pələngi" İmaməlinin anası ağır xəstəliyə düçar olur. Anasını müalicə etmək üçün lazım olan pul isə onda yox idi. Buna görə də o, utana-utana qubernatorun qəbuluna gedir. Çətinliklə də olsa, onun qəbuluna düşəndən sonra vəziyyəti başa salır və üç aylıq maaşının öncədən verilməsini xahiş edir. Hətta bunun üçün Güləş Federasiyasından verilən sənədi də ona göstərir. Amma qəddar qubernator İmaməlinin xahişini rədd edir. Bu azmış kimi qubernator gənc güləşçini polislə hədələyir. Qubernatorun otağından istədiyini ala bilməyərək çıxıb getsə də, bu, onu yarışa qatılmaq fikrindən daşındırmır.

Zaldakı fırtına öncəsi səssizlik- “Var olsun Mazandaran pələngi”

Çox çətinliklərə baxmayaraq, yarışa gedir. İran Şahının da izlədiyi seçim turunda möhtəşəm qələbə əldə edir. Belə ki, heç kimin gözləmədiyi halda gənc idmançı məşhur güləşçi Cahanbəxt Tovfiqə "Yekdesa" adlı fəndlə qalib gəlir. Qələbədən sonra təəccüb dolu baxışların olduğu zalda dəhşətli bir sükut olur. Heç yerdə tanınmayan bir gəncin qələbəsi hamını təəccübləndirmişdi. Amma bu sükut “fırtına öncəsi səssizlik” imiş. Çünki çox keçmir ki, stadionu "Var olsun Mazandaran pələngi İmaməli Həbibi!" sədaları bürüyür.

Şahın təəccübü – “Olimpiya çempionu olmalısan”

Ancaq “Mazandaran Pələngi”nin möhtəşəm zəfəri tək zaldakı azarkeşləri yox, Şahı da təəccübləndirir. Qələbədən sonra şah onu hüzuruna çağırır və Olimpiya Oyunlarında çıxış etməyini, qələbə qazanmağını istəyir. Elə oradaca olimpiya oyunlarına göndərilməyi barədə idman rəsmilərinə göstəriş verilir. Artıq onun çiyinlərindəki yük daha da ağırlaşmışdı, olimpiya çempionu kimi vətəninə qayıtmalı idi.

Qubernatoru peşman edir – “Haram pul mənə lazım deyil”

Təbii ki, bu qələbə İmaməli Həbibinin halal maaşını özünə verməkdən imtina etmiş qubernatoru da peşman edir. Hətta o, özlüyündə “mən niyə belə etdim” deyə fikirləşməyə də başlayır. Buna görə bir neçə dəqiqə sonra “Mazandaran pələngi”nə çatdırılır ki, qubernator onunla görüşmək istəyir.

Ancaq utanmaz qubernator gülə-gülə əlini cibinə atır və "300 tümən bəxşişini al" - deyə ona tərəf gedir. Lakin qürurlu “pələng” bu təklifdən imtina edir. O, qubernatora “Öz halal pulumu istəyəndə məni kabinetinizdən qovdunuz. İndi təklif etdiyiniz bəxşiş isə lazım deyil. Çünki bu haram puldur" deyir. Təbii ki, o, növbəti dəfə qubernatoru peşman edir. Bundan sonra o, Olimpiya Oyunlarına yollanır, şahın və xalqın etimadını doğruldur. 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarında “Mazandaran pələngi” ölkəsinə qızıl medal qazandırır.

Azərbaycanlıların “Mazandaran pələngi” sevgisi...

Öncə də qeyd etdiyimiz kimi, onu film qəhrəmanı kimi də səsləndiriblər. Elə filmdə onun həyatından da bəhrələnilib. “Mazandaran Pələngi” adlı film 1968-ci ildə çəkilib. Bu film təkcə iranlıları yox, azərbaycanlıları da heyran edir. Deyilənlərə görə, hansı kinoteatrda bu film verilirdisə, salon ağzına qədər dolu olurdu.

Elə özü də bu bərədə belə demişdi:

“Vaxtilə uzun illər dünyanın hər ölkəsində yayımlanan "Mazandaran pələngi" filmi Azərbaycanda da böyük əks-səda doğurmuşdu və mənim pərəstişkarlarımın ən çoxu demək olar ki, azərilərdir”.

Bildirək ki, İmaməli Həbibi 3 dəfə Bakıda olub. O vaxt Bakıda olanda idman naziri onu qonaq edib və ona qılınc hədiyyə edib.

Buzovna Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Soltan Əlizadə dünya şöhrətli idmançı barədə kitab yazıb. Hətta 2012-ci ildə bu kitabı onun özünə çatdırdıqdan sonra idmançı onu qonaq da dəvət edib.

“Mazandaran Pələngi” filmindən maraqlı epizodu diqqətinizə çatdıraq:

“İmaməli Həbibi Məşhəddə İmam Rzanın (ə) məzarını ziyarətə gələndə yaşlı bir qadının ağladığını görür. Qadından nə üçün ağladığını soruşur. Qadın “Mən Xorasanın yenilməz pəhləvanı Keyvanın anasıyam. Oğlum sabah "Mazandaran pələngi" ilə döyüşəcək. Əgər məğlub olsa, istədiyi qızı ona verməyəcəklər. Bu isə mənim üçün böyük dərd olacaq. Anayam, ürəyim bu dərdə tab gətirməz. Ziyarətə gəlmişəm ki, oğlum üçün dua edim və o, "Mazandaran pələngi" ilə döyüşdən qalib ayrılsın” - deyir. İmaməli Həbibi onu tanımayan ağbirçək anaya deyir ki, “sənə söz verirəm, oğlun sabah qalib gələcək. Arxayın ol, ana”.

Uğurları

1956-cı il. Olimpiya Oyunları. Melburn (Avstraliya) - Qızıl medal

1958-ci il. Asiya Oyunları. Tokio (Yaponiya) - Qızıl medal

1959-cu il. Dünya Çempionatı. Tehran (İran) - Qızıl medal

1960-cı il. Olimpiya Oyunları. Roma (İtaliya) - 4-cü yer

1961-ci il. Dünya Çempionatı. Yokohama (Yaponiya) - Qızıl medal

1962-ci il. Dünya Çempionatı. Ohayo (ABŞ) - Qızıl medal

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm