Ruandada sülh yaradan adam – Pinoçet onu təqib edib
Bizi izləyin

İdman

Ruandada sülh yaradan adam – Pinoçet onu təqib edib

O, heç vaxt dünya çempionu olmayıb. Çalışdığı klublarda da titulları sıralamayıb. Ancaq onun çox rəngarəng və maraqlı karyerası olub. Hər məşqçinin işi deyil karyerası ərzində 41 komandanı çalışdırmaq. Nəzərə alsaq ki, bunlardan 18-i müxtəlif ölkələrin milli komandasıdır, onda qəhrəmanımızın nə qədər rəngli karyera yaşadığını başa düşmək olar.

Publika.az böyük komandaları çalışdırmayan, böyük uğurlar qazanmayan, amma futbol tarixində böyük iz qoyan Rudi Qutendorfdan söhbət açacaq.

Qutendorf kimdi?

Rudi Qutendorf 1926-cı il avqustun 30-da Almaniyanın Koblents şəhərində dünyaya gəlib. Yeniyetməlik illəri dünya müharibəsinə təsadüf edən Rudi, elə həmin illərdən futbola maraq salır. Ancaq onun futbolçu karyerası elə də rəngli alınmır. Belə ki, Qutendorf futbolçu kimi yalnız bir klubun - "Noyendorf"un formasını geyinir. Doğma şəhərinin klubunun şərəfini 9 il (1944-1953) qoruyan Rudi 1953-cü ildə butslarını mismardan asır. Bundan sonra isə "səyyah məşqçi" macəralarla dolu məşqçilik karyerasına başlayır. Onun ilk komandası qonşu İsveçrənin "Blu Stars Sürix" klubu olur. Bundan sonra ardıcıl olaraq Almaniya və İsveçrə klublarını çalışdıran Rudi 1961-ci ildə ilk dəfə Avropanı tərk edir. O, Tunisin "Monastr" klubunun "sükanı arxasına" keçir. Bundan sonra karyerasının sonuna kimi o haralarda çalışmır ki? Bermuda, Çili, Boliviya, Ruanda, Samoa və s.

İnsanın ağlına gəlməyəcək ən ekzotik ölkələrdə çalışan alman məşqçinin başına gəlməyən qalmır.

Diktatorun qaraladığı məşqçi

1972-ci ilə qədər Qutendorf artıq bir xeyli məşqçi təcrübəsi qazanmışdı. O, ölkəsinin "Şalke", "Duysburq" və "Ştutqart" kimi klublarında çalışmaqla yanaşı, Tunis, ABŞ çempionatlarında və Bermuda millisində də məşqçilik təcrübəsi qazanmışdı. Bundan sonra məşqçiyə Çilidən sürpriz təklif gəlir. Cənubi Amerikanın heç də zəiflərindən sayılmayan ölkədən Rudiyə əsas milliyə başçılıq etmək təklif olunmuşdu. Təbii ki, Qutendorf bu təklifi düşünmədən qəbul edir. Çiliyə yollanıb əsas millinin başına keçdikdən sonra alman mütəxəssis komandanı 1974-cü ildə öz vətənində keçiriləcək dünya çempionatına hazırlaşdırmağa başlayır. Ancaq onun bu istəyi gözündə qalır. Çili prezidenti Salvador Alyende ilə olan əlaqələri ona baha başa gəlir. Belə ki, diktator Auqusto Pinoçet devirdiyi əvvəlki prezident Alyendeylə əlaqəsi olan hər kəsi təqib etdirməyə başlayır. Bu zaman Alyende ilə Qutendorfun sabiq prezidentin evində görüşdükləri və orda viski içdikləri məlum olur. Rudi Santyaqodakı Almaniya səfiriylə görüşdükdən sonra ölkəsinə qayıdır. Qayıtdıqdan sonra bəlli olur ki, alman məşqçiyə Çilidə sui-qəsd hazırlanırmış.

Bir şüşə şəraba hakimlə razılaşan məqçi

Qutendorf çalışdığı illər ərzində rüşvət hallarıyla da rastlaşıb. Belə ki, məşqçinin özünün nəql etdiyinə görə Nepal millisini çalışdırarkən ona məhz belə təklif olubmuş. Özü də ərəb şeyxlərindən. Ərəblər Rudiyə 0:8 uduzması üçün nə az, nə çox, düz 500 min dollar təklif ediblər. Mütəxəssis bu təklifi rədd edib.

Nepalın "sükanı arxasında" Hindistanla qarşılaşmada isə məşqçi özü rüşvət verib. Belə ki, Nepalda qarşılaşan komandaların oyunu zamanı hesab 0:0 olarkən Muson leysanı başlayır. Oyunun baş hakimi matçı yarımçıq dayandırmaq istəsə də, Qutendorf buna qarşı çıxır. Alman matçın baş hakiminə oyunu davam etdirməsi üçün bir şüşə şərab verir. Hakim məşqçiylə razılaşır. Qutendorfun oyunu saxlamamaqla bağlı canfəşanlığını isə çoxu başa düşmür. Səbəbi məşqçi özü belə açıqlayır:

"Oyun zamanı güclü leysan başladı. Mən hindistanlı oyunçuların butslarını görmüşdüm. Onların butsları bu oyuna davam gətirməyəcəkdi. Mənim futbolçularımın butsları isə mismarla möhkəmləndirildiyindən, bu cür leysanlara dayanıqlıydı".

Hiyləgər almanın planı baş tutur. Nepal Hindistanı 1:0 hesabıyla məğlub edir.

Dəhşətli Ruanda təcrübəsi

Qutendorf 1999-cu ildə Ruanda millisini çalışdırmağa başlayır. Ancaq bu çox çətin idi. Səbəbi isə burda yenicə baş vermiş soyqırım idi. Belə ki, ölkənin iki ən böyük xalqı olan hutularla tutsilərin döyüşü zamanı hakimiyyətin dəstəklədiyi birincilər böyük qırğınlar törətmişdi. Hutular nə az nə çox, düz bir milyona yaxın tutsini məhv etmişdi. Qutendorf həmin günləri belə xatırlayır:

"Ruandada çalışdığım zaman Fil Dişi Sahiliylə oyundan öncə oranın rəhbərləri mənə oyunun necə bitəcəyinin onları maraqlandırmadığını, sadəcə, millidə oynayan hutular və tutsiləri birgə oynamağa razı salmağımı istədilər. Bu, elə də asan olmadı. Onlarla dəfələrlə danışdım. Təsəvvür edin, komandanın yarısı hutu, yarısı isə tutsi idi. Əsasən tutsilərdən hər şeyi unudub bir çoxunun ailələrini qətlə yetirmiş hutularla birgə oynamağa təşviq etmək çox çətin idi. Nəhayət, bunu bacardım. Fil Dişi Sahiliylə oyundan 2:2 hesablı bərabərliklə ayrıldıq. Təsəvvür edə bilməsiz o anda stadionda necə ab-hava yaranmışdı. Tribunalardakı tutsi və hutu azarkeşlər bir-birini qucaqlayaraq, güclü rəqiblə əldə olunmuş heç-heçəni bayram edirdi".

Ancaq Ruandada Rudinin işləri təkcə etnik münaqişəyə görə yox, adıçəkilən ölkədə futbola münasibətə görə də çətin idi. Belə ki, ölkə futbol federasiyasının maddi vəziyyəti o qədər pis idi ki, hətta yoxlama oyunu keçirməyə rəqib də tapmırdılar. Buna görə də, onlar ölkənin 16 yaşadək futbolçulardan ibarət komandası ilə oynayırdılar. Futbolçular oynamağa buts və forma da tapmırdılar. Ölkədə sadəcə bir peşəkar futbolçu var idi. Stadionlardan danışmağa isə ümumiyyətlə ehtiyac yoxdu. Yerli komandaların oyunlarında hər nə qədər inandırıcı görünməsə də, banan qabığından hazırlanmış toplardan istifadə edirdilər. Nəhayət, Qutendorf milliyə sponsor taparaq Almaniyaya təlim-məşq toplanışına aparır. Ancaq bu ona baha başa gəlir. Belə ki, Amaniyadakı toplanışın 2-ci günü futbolçulardan biri düşərgədən qaçaraq geri qayıtmamaq üçün gizlənir. Buradakı pis şəraitdə daha çox işləmək mümkün olmadığını anlayan alman mütəxəssis Ruanda millisindəki işini başa vuraraq ölkəsinə qayıdır.

"Öz oyunçularım xəyanət etdi"

Qutendorfun məşqçilik həyatında heç unutmadığı kədərli məqamlar da olub. Məşqçinin ən çox kədərlə xatırladığı birinci hadisə "Hamburq"u çalışdırdığı zaman baş verib. Həmin dövrlərdə yaxşı formada olan kluba bacarıqlı ingilis futbolçu Kevin Kiqan da cəlb olunmuşdu. Ancaq bəzi futbolçular Kevinin komandaya transferindən narazı qalaraq Rudiyə onu göndərməsi üçün təzyiq göstərmək fikrinə düşdülər. Çalışdırıcı həmin dövrü belə xatırlayır:

"Hamburq"u çalışdırmağa başlayanda hər şey yaxşı gedirdi. Cəmi ayyarım sonra Kuboklar Kubokunu qazandıq. Ancaq bir gün komandanın kapitanı otağıma gələrək, "bu ingilislə (Kevin Kiqan) oynamaq istəmirik" dedi. O, daha sonra Kevini komandada saxlayacağım halda mənimlə çalışmayacaqlarını dedi.

Onu komandadan kənarlaşdıra bilməzdim. "Bavariya" ilə eyni səviyyəli komanda qururdum. Və bu komandada Kevinin özünəməxsus yeri var idi. Ancaq futbolçular öz bildiklərini etdilər. Mövsümün ilk oyununda gözlənilmədən 2:5 hesabıyla uduzduq. Cəmi üç ay sonra komandadan getdim. Məni öz futbolçularım göndərmişdi. Bu, bir məşqçinin başına gələcək ən bədbəxt hadisədir".

"Hamburq"dan sonra çalışdırıcı Avstraliya millisinin "sükanı arxasına" keçdi. Rudi Avstraliya millisini 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatına çıxara bilmədi. Qutendorf bu uğursuzluğa görə avstraliyalı həyat yoldaşının onu hələ də bağışlamadığını deyir.

Qutendorfun başına gələn ikinci kədərli hadisə İranın U-23 millisini çalışdırarkən baş verib. Belə ki, o, komandanı 1990-cı ildəki Asiya oyunlarına hazırlaşdırarkən millidən kənarlaşdırılır. Məşqçi özü buna səbəb kimi iranlı dini liderləri göstərir:

"İran millisindən kənarlaşdırıldım. Buna səbəb iranlı dini liderlərin komandanın "sükanı arxasında" inancı olmayan məşqçi görmək istəməməsi idi".

Yaşlanmaq bilməyən Rudinin son iş yeri Samoa olur. 2003-cü ildə bu ölkənin millisindən ayrıldıqdan sonra işsiz olan çalışdırıcı 2012-ci ildə yenidən fəaliyyətə başlaya bilərdi. Belə ki, onun qarşısına əvvəllər də çalışdırdığı "Duysburq"un "sükanı arxasına" keçmək şansı çıxsa da, klub rəhbərliyi Rudinin yaşının çox olmasını əsas göstərərək onun xidmətindən imtina edib. Qutendorf klub rəhbərliyinin bu qərarından bir xeyli incimişdi:

"Mən komandanı çalışdırmaq üçün yaxşı formadaydım. Ancaq onlar mənim çox yaşlı olduğumu dedilər. Bu cür münasibət məni kədərləndirir. Bu zehniyyət dəyişməlidir. Mən indi tam sağlamam. Gündə 2 km məsafə qaçıram. Əsas olan yaş yox, necə formada olmaqdır".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm