Mübariz Mənsimovun Azərbaycana gətirdiyi məşqçi: “Pulu, şöhrəti, hər şeyi aldım”
Bizi izləyin

İdman

Mübariz Mənsimovun Azərbaycana gətirdiyi məşqçi: “Pulu, şöhrəti, hər şeyi aldım”

Mübariz Mənsimovun Azərbaycana gətirdiyi məşqçi: “Pulu, şöhrəti, hər şeyi aldım”

"Xəzər Lənəran"ın baş məşqçisi Mustafa Dənizli "Milliyət" qəzetinə geniş müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- Türk futbolu Mustafa Dənizliyə borcludu, yoxsa Mustafa Dənizli türk futboluna?

- O qədər gözəl sualdı ki, nə deyəcəyimi bilmirəm. Mən türk futbolundan dünyanı aldım. Amma borcumu hələ ödəyə bilməmişəm. Bu mənim cavabımdı. Bu sualı məni futbolçu karyeramdan indiyədək izləyən birinə versən, bəlkə fərqli cavab alarsan. Amma bizim bu ölkəyə, yaşadığımız müddətdə futbola borcumuz var. Borcunu ödədiyin zaman, demək ki, sonun gəlib.

- "Dünyanı aldım" dediniz. Bu nə deməkdi?

- Pulu, şöhrəti, hər şeyi aldım. Bunlar qarşılıqsız oldu? Həyatda qarşılıqsız heç nə yoxdu. Dünyanı aldım deyərkən, dünyalarımı da verdim. Futbola başlayanda 15 yaşım var idi. Təxminən yarım əsrdi futbolun içindəyəm. İndi 64 yaşım var.

- Yəni təqaüdə çıxmaq vaxtınız gəlib? Həm də bu, neçənci sürgündü? Daha doğrusu, ölkədən getmək sürgün sayılır?

- Futbolda ölkə dəyişdirmək sürgün sayılırsa, biz də sürgün deyək. O zaman bizim ölkəmizə gələn əcnəbi məşqçilər də sürgündədi. "Xəzər Lənkəran"a getməzdən əvvəl 7 klubdan çox cəzibəli və ciddi təklif almışdım. Bunlardan üçü Türkiyədə çempion olmuş komandalar idi. Azərbaycana gəlməyim sürgündü, ya yox, buna oxucu qərar verər. Ölkəmdə iş tapa bilmədim? Ölkəmdə böyük komandalardan təklif almadığıma görə bura gəldim?

- Gizli deyilsə, hansı komandalardan təklif almışdınız?

- Aldığım təkliflərin açıqlanmasına ehtiyac yoxdu. "Fənərbaxça" ilə görüşdüm. "Bursaspor"la Hikmət Karaman ayrıldıqdan sonra danışığımız oldu. Mövsümün startından sonra "Qalatasaray"la görüşdük. İdman direktorluğu təklif etmişdilər.

- "Qalatasaray"ın təklifini niyə qəbul etmədiniz?

- "Qalatasaray" bu dünyaya addım atdığım yerdi. Təklifləri mənə şərəf verdi. Hər klubdan təklif almaq mənim üçün qürurvericidi. Yetişdiyim klubdan aldığım təklif çox tələsik bir qərar idi. Ölçüb-biçmək lazım gəlirdi. Amma "Qalatasaray"ın gözləməyə vaxtı yox idi.

- Bəs "Fənərbaxça"?

- "Fənərbaxça" təklifi Ersun Yanalla görüşdən sonra etdi. Əslində "yox" demədim. Sadəcə, şərtlər münasib olmadı. Bunlar çox önəmli deyil. Önəmli olan mənim klubların gözündəki yerimdi. Bu klublardan təklif alıramsa, qürur hissi keçirirəm.

- İddialı bir məşqçisiniz. Amma "Xəzər Lənkəran"ın da vəziyyəti ortadadı.

- Azərbaycandakı layihəmiz başqadı. Bu "Mustafa Dənizli komandanı çempion etsin" layihəsi deyil. Bura ölkə futbolunun inkişafına dəstək vermək üçün gəlmişəm. Klub prezidenti çıxışında bunları söyləyir. Mən bu missiyanı üzərimə götürmüşəm. 25 ildi bu işi görürəm. 20 ilə yaxın da peşəkar futbolçu karyeram olub. Təcrübə deyilən şeyi məktəbdə oxuyaraq qazana bilməzsən. Təcrübə həyatın içində yaşadıqlarının bir yerə toplanmasıdı.

- Türkiyədə potensial varmı?

- Türkiyədə futbolun şəkili dəyişir. Türkiyə özü özünə pislik edir. Futbol dəyər itirir. 2011-ci ildən sonra futbolun aktyorları dəyişdi.

- Uzaqdakı Mustafa Dənizli bizi necə görür? Futbol qurumlarımız, klublarımız, uşaq futbolumuz, milli komandamız... Yaxşı-orta-pis hansıdı?

- Futbolun aktyorları idarəçilər deyil. Futbolun aktyorları bu işin içində birbaşa olanlardı. Amma futbola həyacan gətirəcək, insanları stadionlara toplayacaq çıxışları onlar etmir. Onların üstündəki idarəçilər edir. Bu futbola yaxşı heç nə qazandıra bilməz. Uzağı mətbuat üçün yaxşı manşet, mövzu ola bilər. Amma bir çox şeyi əlimizdən alar. Türk futboluna həyacan gətirmək, səviyyəni artırmaq, fərqli dünyaya daşımaq üçün potensial var. Lakin bu 4-5 nəfərin həyata keçirəcəyi islahatlara bağlıdı. 4 böyüklərin prezidentləri, federasiya və daha bir neçə nəfər... Dünyanın hər yerində müəyyən davalar, müharibələr var. Amma hamısının sonunda sülh olub. Türk futbolunda savaş davam edir. Fərqində olmadan bunlar insanları futboldan uzaqlaşdırır. Ürəyiniz, zəkanız varsa, bu ölkəni həqiqətən sevirsinizsə, türk futbolunun gələcəyinə damğa vurmaq istəyirsinizsə, qoy səni qazandığın kuboklarla yox, dəyişdiyin vəziyyətlə xatırlasınlar. Bunlar bu qədər ürəksizdimi? Çıxıb "səhv etdik, düzgün etdik" desinlər. Bu sonsuza qədər davam edə bilməz. "Biz bu işin qəhrəmanları olmalıyıq" deməlidilər. Amma bu ürəyi ortaya qoya bilmirlərsə, hamısı özləri üçün açıqlama verməlidilər. 3-5 nəfər alqışlayacaq deyə verilən açıqlamalar ölkə futbolunu parçalayır. Bəziləri bunun üzərinə külünglə gedir. İçərilərində ürəkli bir nəfər yoxdu?

- Bəs bunlar kimdi?

- Aziz Yıldırım, Ünal Aysal, Fikret Orman, İbrahim Hacıosmanoğlu... "Bunu desəm etirazla qarşılanarammı" sualından qorxurlar. Mən bir atalar sözünü dəyişdirdim, böyük tikə yedim, həm də böyük danışdım. İndi sıra klub prezidentlərindədi. "Balıq başdan iylənər" atalar sözünü də onlar dəyişdirsin.

- Legioner limitinə də toxunaq. 6 əcnəbi tələbinə necə baxırsınız?

- 6 əcnəbi çox ayıb bir şeydi. 76 milyonluq ölkədə yaşayırıq. Bunun 40 milyonunu gənclər təşkil edir. 6 əcnəbinin yer aldığı 11-lərdə demək ki, 90 türk futbolçuya ehtiyac var. Ehtiyat oyunçuları da saysaq, cəmi 270 nəfər. Milli komandanı formalaşdıracaq 40 nəfər 20 yaşından aşağı, 50 nəfər isə 20 yaşdan yuxarı futbolçudan bəhs edirik. Demək ki, 76 milyonun içindən 90-100 nəfər seçilməlidi. Sən bura 6 nəfər də gətirsən, 66 nəfər də gətirsən, 100 nəfər tapa bilmirsənsə, yazıqlar olsun. Sənin lazım olan oyunçun varsa, qoy bütün dünya gəlsin. Türkiyə dünya və Avropa çempionatlarında oynayıb. Bunları əcnəbilər edib? Təhsil dediyin şey bildiklərini qarşındakına öyrətməkdi. Bu gün araşdırma aparsınlar. 5 futbol qaydasını futbolçulardan soruşsunlar. Gör neçə nəfər doğru cavab verəcək. Bilənlər mütləq olacaq. Amma 50 faizdən artıq deyil. Buna görə heç kimi günahlandıra bilməzsən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm