Hər bürcdə bir ulduz və ya iki ulduzun başı bir bürcdə - FOTOLAR
Bizi izləyin

İdman

Hər bürcdə bir ulduz və ya iki ulduzun başı bir bürcdə - FOTOLAR

İnsanlar bürclərə maraq göstərirlərmi? Yəqin ki, bu sualın cavabında əksəriyyətiniz “göstərməyən varmı” sualını verərdiniz. İndi təkcə sadə insanlar yox, ən müxtəlif peşə sahibi olan məşhurlar da bürclərlə maraqlanırlar. Hətta insanın gələcək taleyinin, xarakterinin doğulduğu bürcdən çox asılı olduğu da iddia olunur. Güman ki, çoxunuz məşhur müğənnilərin, aktyorların oxuduğu mahnılar, çəkildiyi filmlər barədə məlumatlısız. Boynunuza alın, onların hansı bürcdən olduqlarına da diqqət yetirmisiz.

Bu yerdə sözümüz azarkeşlərədir. Futbol azarkeşlərinə. Siz necə, dünya futbolunun ulduzlarının hansı bürc altında doğulduğundan xəbərdarsız? Dünya futbolunda xeyli məşhur var.

Publika.az hər bürcün bir məşhurunu oxuculara tanıtdıracaq.

Qoç bürcü - Ronaldinyo. Məşhur braziliyalının istedadına söz ola bilməz. Sürət, driblinq və rəqs edən ayaqlar. Hə, onu da deyək ki, Ronaldinyonun simasından təbəssüm heç vaxt əskik olmur. Bunun doğulduğu bürclə əlaqəsi varmı?

Buğa - Yohan Kroyff. Hollandiya futbol tarixinin ən yaxşı oyunçusu. Üç dəfə “Qızıl top”u alıb. Bu bürcdə doğulan digər məşhur futbolçular bunlardır: Andres İnyesta, Devid Bekhem, Dennis Berqkamp.

Əkizlər - Corc Best. “Mançester Yunayted”in əfsanəsi qeyri-adi futbolçu idi. Onda böyük futbolçuya xas bütün xüsusiyyətlər vardı. Erik Kantona, Oliver Kan, Stiven Cerrard, Frank Lempard da bu bürc altında doğulublar.

Xərçəng - Lionel Messi. Bu bürc altında bilirsiz nə qədər ulduz futbolçu doğulub? Alfredo Di Stefano, Zinəddin Zidan, Qaret Beyl və s. Onların arasından bir nəfəri seçmək çətindir. Amma həm də asandır. Lionel Messi varsa...

Şir - Xavyer Zanetti. Dünya futbol tarixinin yüksək hörmətə layiq futbolçularından biri. 41 yaşlı argentinalı karyerasını ötən il bitirdi. O, “İnter”in heyətində 800-dən artıq oyun keçirib. Onu vicdanlı oyuna görə bütün dünyada sevirlər. Zanetti ilə eyni bürc altında bu məşhurlar da doğulub - Alan Şirer, Tyerri Anri, Roy Kin.

Qız - Ronaldo. Sözsüz ki, braziliyalı futbol tarixinin ən güclü hücumçularından biri olub. Onu boş yerə “Fenomen” adlandırmırdılar. Bu bürc altında Ruud Qullit, Pavel Nedved və Frans Bekkenbauer də doğulub.

Tərəzi - Zlatan İbrahimoviç. Onu hər şeydə ittiham etmək olar. Kobudluqda, özündənrazılıqda... Amma etiraf etmək lazımdır ki, dünya futbolunun ən güclü hüçumçularından biridir. Karyerası ərzində İbra o qədər qeyri-adi qol vurub ki. Bu bürc altında Məsut Özil, Dieqo Kosta, Nemanya Vidiç də doğulub.

Əqrəb - Pele. “Dünya futbolunun ən yaxşısı kimdir” sualı ilə bağlı mübahisə həmişə olacaq. Ancaq Pelenin dahi olduğunu da kimsə inkar etməyəcək. Bu bürc altında Dieqo Maradona da doğulub. Bax, yəqin ki, yenə də mübahisə başlanacaq. Amma neynəyək ki, bu mübahisələrə son qoymaq iqtidarında deyilik. Dünya futbolunun iki böyük ustasının bir bürc altında doğulması bizim günahımız deyil axı...

Oxatan - Rayan Giqqz. İngiltərə futbol tarixinin ən istedadlı oyunçularından biri. Uelsli “Mançester Yunayted”in heyətində 24 mövsümdə 900-dən artıq oyun keçirib. Kərim Benzema, Matts Hummels də bu bürc altında dünyaya gəliblər.

Oğlaq - Eden Hazard. Onu futbolun gələcəyi hesab edirlər. Hazard dünya futbolunun əfsanələri ilə bir cərgədə durmaq üçün hər cür istedada sahibdir. Oğlaq bürcünün digər məşhurları - Viktor Valdes, Toni Kroos.

Dolça - Kriştiano Ronaldo. Bu bürc altında da xeyli məşhur doğulub. Ancaq güman edirik ki, üstünlüyü Ronaldoya verdiyimizə görə, bizi qınayan olmaz. Digər məşhurlar - Roberto Bacco, Xavi, Canluici Buffon, Luis Suares.

Balıqlar - Didye Droqba. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo onu planetin ən güclü hücumçusu adlandırıb. Ola bilsin ki, portuqaliyalı bir az mübaliğəyə yol verib. Ancaq onun oyununu izləyənlər etiraf edərlər: O, güclü futbolçudur. Həm də əsl peşəkardır. Bu bürcün digər məşhurları - Kenni Dalqliş, Alessandro Nesta.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm