UEFA Superkubokuna biletləri nə vaxt və haradan almaq olar?
Bizi izləyin

İdman

UEFA Superkubokuna biletləri nə vaxt və haradan almaq olar?

İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçiriləcək UEFA Superkuboku matçının biletləri iyulun 12-dən Tbilisidəki Mixail Mesxi adına stadionun kassalarında satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava açıqlama verib. O bildirib ki, bir neçə həftə öncə biletlərin internet vasitəsilə satışı zamanı problem yarandıqda GFF bütün öhdəlikləri - biletlərin hazırlanması, satışı və digər işləri öz üzərinə götürüb:

"Biz azarkeşlərə vəd vermişdik ki, satışın başlamasına bir neçə gün qalmış biletlərin alınma vaxtı və yeri barədə mütləq məlumat verəcəyik. Son bir həftədə Daxili İşlər Nazirliyi və Tbilisi meriyası ilə UEFA-nın bütün tələblərini müzakirə etmişik. İndi bəyan edə bilərəm ki, biletlər 12 iyul saat 9:00-dan Mixail Mesxi adına stadionun kassalarında satılmağa başlayacaq".

Z.Siçinavanın sözlərinə görə, məhz bazar günü bütün azarkeşlərin bilet almaq üçün bərabər şanslar əldə etməsindən ötrü seçilib. Habelə, qərara alınıb ki, azarkeşlər stadion kassaları qarşısında yox, yaxınlıqdakı Vake parkında yığışsınlar. Oradan isə insanlar 50 nəfərlik qruplarla xüsusi hazırlanmış yolla stadiona istiqamətlənəcəklər. Növbədə gözləyənlərə havayı su veriləcək, biotualetlər quraşdırılacaq. Asayişi təhlükəsizlik və patrul xidməti əməkdaşları qoruyacaqlar. Hazırda Mixail Mesxi adına stadionda müvəqqəti kassaların quraşdırılması prosesi gedir. Biletlərin çapı isə yaxın günlərdə yekunlaşacaq. Gürcüstanlı azarkeşlər üçün ümumilikdə 22 min biletin satışı nəzərdə tutulub. Biletlərə 18 lari, 35 lari və 75 lari qiymət qoyulub.

Qeyd edək ki, avqustun 11-də Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm