İTV Yayım Şurasının yeni sədri: “Namizədliyimi Azər Həsrət irəli sürüb” - YENİLƏNDİ
Bizi izləyin

İKT

İTV Yayım Şurasının yeni sədri: “Namizədliyimi Azər Həsrət irəli sürüb” - YENİLƏNDİ

İclasda təşkilati məsələyə baxılıb.

Yayım Şurasının bugünkü iclasına üzvlərdən biri kimi qatılmışdım, Şura üzvlərinin səsverməsi nəticəsində yekdil qərarla məni sədr seçdilər.

Bu sözləri Publika.az-a açıqlamasında İctimai Teleradionun Yayım Şurasının yeni sədri Muxtar İmanov deyib.

O bildirib ki, 6 il Yayım Şurasına üzv olub və bu il həmin müddət başa çatıb: “AMEA yenidən mənim namizədliyimi yeni müddətə irəli sürdü və parlamentdə də təsdiq edildi. Bugünkü iclasda Yayım Şurasının üzvü kimi iştirak edirdim. Mən Şura sədrliyinə tək namizəd olmuşam və namizədliyimi Azər Həsrət irəli sürüb”.

Bundan sonra Yayım Şurasının fəaliyyətindən danışan yeni sədr bildirib ki, o əvvəlki sədr Cahangir Məmmədlinin fəaliyyətini davam etdirəcək: “Yayım Şurası İctimai Televiziyanın fəaliyyətinə nəzarət edən qurumdur. Proqramların konsepsiyasının hazırlanması, kadr, büdcə və digər məsələlərə qanunvericiliyin tələblərinə uyğun olaraq Yayım Şurası nəzarət edir. İctimai Televiziyanın Yayım Şurasının 12 illik təcrübəsi var. Şuraya bu müddətdə Cahangir Məmmədli kimi son dərəcə təcrübəli, savadlı kadr rəhbərlik edib. Yayım Şurasının bundan sonrakı fəaliyyətində də həmin təcrübədən istifadə ediləcək. Əlbəttə, çatışmazlıqlar olacaqsa, onları da müzakirə edib, İctimai Televiziyanın daha səmərəli fəaliyyətinə dəstək olmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Şiraya üzv seçilmiş Muxtar İmanovun isə 6 illik səlahiyyət müddəti bu il martın 15-də başa çatıb. M.İmanov Folklor İnstitutunun direktorudur.

Gülxar

***

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

İclasda təşkilati məsələyə baxılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.

Qeyd edək ki, 62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm