• USD 1,7000 0,00% EUR 2,0083 0,00%
    • GBP 2,2201 0,00% RUB 0,0233 0,00%

İTV-yə yeni baş DİREKTOR SEÇİLDİ - FOTOLAR

  • İKT
  • 25 Aprel 2017 15:16
  • 2 181 Baxış
İTV-yə yeni baş DİREKTOR SEÇİLDİ - FOTOLAR

Bu gün Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib.

Publika.az xəbər verir ki, Quliyev Cəmil Elşad oğlu yenidən İTV-nin baş direktoru seçilib. Yayım Şuranın 9 üzvünün hamısı yekdilliklə C.Quliyevin namizədliyini dəstəkləyib.

Səsvermə ilk dəfə olaraq gizli keçirilib. Bu təklifi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov irəli sürüb və şura üzvləri tərəfindən dəstəklənib.

Şura üzvləri Fuad Nurullayev səsyazma komissiyasının sədri, Zemfira Qafarova və Vüqar Zeynalov isə üzvləri seçilib. Şura üzvlərinin hamısı səsvermədə iştirak edib. Onların hamısı baş direktor kimi C.Quliyevi seçib.

Seçki nəticələri açıqlanandan sonra Şura üzvlərindən Azər Həsrət çıxış edərək C.Quliyevin İctimai televiziyadakı 4 illik fəaliyyətinin bu seçimi etməsində əsas səbəb olduğunu deyib.

“Hesab edirəm ki, səsvermənin gizli keçirilməsi də müsbət haldır. Bu seçkinin obyektiv keçirilməsinə təsir etdi. Cəmil Quliyev İctimai televiziyada 4 illik fəaliyyətində özünü doğruldub. Yəqin ki, bundan sonrakı fəaliyyətində də Yayım Şurası olaraq bizim də təkliflərimizi nəzərə alınacaq və biz birlikdə çalışacağıq”.

Yayım Şurasının üzvü Fuad Nurullayev Cəmil Quliyevin televiziya sahəsində peşəkar olduğunu bildirib:

“Namizədlər arasında onu seçməyimin səbəbi bu sahədəki fəaliyyətidir. Həmçinin onun şəxsi keyfiyyətlərini əsas tutaraq onun namizədliyini dəstəklədim. Cəmil Quliyevə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram”.

Yayım Şurasının üzvü Həsən Cəfərov direktorluğa namizədlərin hər birinin öz sahələrində peşəkar və cəmiyyətdə tanınan şəxslər olduğunu deyib:

“Hər bir namizədin layiqli olduğunu düşünürəm. Lakin Cəmil Quliyevin bu sahədəki təcrübəsi və savadı onu seçməyimə səbəb oldu. Təklif edərdim ki, digər namizədlər də televiziyada görmək istədikləri yeniliklər barədə məlumatları Yayım Şurası ilə bölüşsünlər”.

Baş direktorluğa namizədlər C.Quliyevi təbrik edib və ona uğurlar arzuladılar.

Baş direktor vəzifəsinə namizədlərdən Tahir Paşazadə isə İctimai televiziyada yol verilən nöqsanlardan danışdı. C.Quliyevin bundan sonrakı fəaliyyətində həmin nöqsanlar üzərində işləməyi məsləhət gördü.

İctimai televiziyanın baş direktoru vəzifəsinə seçilən C.Quliyev isə bildirdi ki, telekanala yayımını qanunvericiliyin tələblərinə uyğun qurub, bundan sonra da fəaliyyətini bunun üzərində quracaq:

“Bizim üçün qanunun aliliyi çox vacibdir. Həmçinin iradları da nəzərə alacağıq. Televiziya canlı bir orqanizmdir, təbii ki, telekanalın kollektivi daim fəalləydədir. Səsləndirilən hər bir irad nəzərə alınıb, aradan qaldırılacaq”.

İclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

Qeyd edək ki, kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru C. Quliyev 1963-cü ildə Bakıda anadan olub. O, 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib, 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2011-2013-cü illərdə “Mədəniyyət” telekanalının baş direktoru olan C. Quliyev 2013-cü il aprelin 23-dən İTV-nin baş direktorudur.

Gülxar,

Foto: Nurlan Gülməmmədov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR