Texnologiya nəhənglərinin öz övladlarına qarşı qadağaları – MARAQLI FAKTLAR
Bizi izləyin

İKT

Texnologiya nəhənglərinin öz övladlarına qarşı qadağaları – MARAQLI FAKTLAR

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Məktəblisindən tutmuş, həkiminə qədər az qala bütün ziyalıların əllərində yeni nəsil bahalı telefonlar görmək olar. Kiminsə “mən telefon işlətmirəm”, “social şəbəkələrdə hesabım yoxdur” ifadəsi bizə olduqca gülməli gəlir, elə deyilmi?

Ola bilər birinin imkanı olmadığı üçün istifadə edə bilmir. Bəs hər kəsin həyatının bir hissəsinə çevrilmiş texnologiyanın yaradıcılarının necə? Onlarındamı imkanı çatmır uşaqlarına bahalı telefonlar, planşetlər almağa? İşin maraqlı tərəfi budur ki, onlar öz uşaqlarına 18 yaşlarına qədər bütün texnologiyaları qadağan ediblər. Yazını oxuduqca daha maraqlı məqamlarla tanış olacaqsınız.

Publika.az nəhəng texnologiya şirkətlərinin sahiblərinin övladları ilə bağlı verdikləri müsahibələrindən ən maraqlı faktları təqdim edir:

Bütün İT mütəxəssislərinin, eləcə də, “Ebay”, “Google”, “Apple”, “Yahoo!”, “Hawlet-Packard” kimi nəhəng şirkət sahiblərinin övladlarının getdiyi təhsil müəssisələrində vəziyyət 1997-2000-ci illəri xatırladır. Orada nə kompyuterlər var, nə mobil telefondan istifadəyə icazə. Texnologiyanın qadağan olunduğu məktəblərdə oxuyan uşaqlardan 3-ü “Microsoft” şirkətinin qurucusu Bill Qeytsin övladları olub. O, müsahibəsində qeyd etmişdi ki, ağıllı insanlar övladlarını ağıllı texnologiyaların içinə atmaz. Texnikanın insanı əvəzlədiyi dövrdə buna imkan vermək gələcək nəsillərin robot kimi yetişməsinə şərait yaratmaqdır:

“Qanunda əlifba olmalıdır. Mən öz uşaqlarımın - Cennifer Katarina, Rori Con və Adelin Fibisinin - tərbiyəsinə, təhsilinə olduqca böyük diqqət ayırıram. 10-15 il bundan qabaq kompüterlərin geniş yayılmağa başladığı bir zamanda mənim uşaqlarım onun nə demək olduğunu bilmədi. 14 il onlara nə mobil telefon, nə qəzet, nə kompüter istifadəsinə izacə vermədim. Onların zehni inkişafının və sağlamlığının qeydinə qalmaq üçün bu addımı atdım. Çünki, bu texnologiyanın nələrə qadir olduğunu çox gözəl bilirəm. Elektron aparatlar azyaşlı uşaqların sağlamlığı üçün olduqca zərərlidir”.

Hazırda da, dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri olan Amerikada "Waldorf of the Peninsula" adlı məktəb fəaliyyət göstərir. Məktəb binasında sinif otaqları və dəhliz son dərəcə dəbdən düşmüş dizaynla hazırlanıb: ilk baxışda sovet dövründəki təhsil müəssisələrini xatırladır. Rəngli tabaşirlər, qara yazı lövhəsi, ən müxtəlif ədəbiyyat kitabları, taxta partalar, dərsliklər, dəftər, qələm, boya fırçaları, karandaşlar, rəsm albomları, və başqa vəsaitlərlə doludur. Məktəb binasına texnoloji avadanlıq gətirmək qəti surətdə qadağandır. Evdə də onların istifadəsindən söhbət belə gedə bilməz, çünki valideynlərin bu məktəbi seçməsində əsas səbəb məlumdur.

Kitab - ən yaxşı əyləncədir

“Apple” şirkətinin banisi Stiv Cobs da 4 övladının (3 qız 1 oğlan) texnoloji avadanlıqlardan istifadəsinə qadağa qoymuşdu. Uzun müddətli (2 saatdan artıq olmamaq şərtilə) və xüsusilə gecə saatlarında telefon, kompyuter istifadə etməyi qadağan edən Stiv, onun yerinə uşaqları ilə həmsöhbət olmağa zaman ayırır. Onun sözlərinə görə, bu sərt qadağa deyil:

“Mən sərt qadağa qoymuram. Onlar üçün zərərli vərdişlərin qarşısını alıram. Əgər mən onlara laqeyd olsaydım təbii ki, bu boşluq onlara qəribə görünərdi. Lakin mən onların telefon, planşet və kompyuterə, müxtəlif saytlara, qəzetlərə ayırdıqları vaxtı səmərəli dəyərləndirmələrinə kömək edirəm”.

“3D Robotics” texnologiya şirkətinin icraçı direktoru Kris bütün elektron qurğuların təhlükəli olduğunu düşünür:

“Texnologiya lazımsız və zərərli məlumatları olduqca sürətlə azyaşlı uşaqlara çatdırır. Və bu zərərli vərdişlərin yaranmasına gətirib çıxarır. Limit və qadağalar vacibdir”.

Stiv Cobs, Bill Qeyts, Kris Andersonla yanaşı, “Twitter” sosial şəbəkəsinin yaradıcısı Evan Uilyams da uşaqlarına texnoloji avadanlıqlardan istifadəyə qadağa qoyub. Müəyyən yaşdan sonra o, öz uşaqlarına gün ərzində yalnız 1 saat telefondan istifadə etməyə icazə verib. Əyləncə məqsədilə uşaqlarına kitab oxumağı, tampaca tapmağı məsləhət görür.

İngiltərə şəhzadəsi Corc Uilyamın 4 yaşlı oğlu yaxın günlərdə 1-ci sinifə gedib. İngilis mətbuatı yazır ki, balaca şəhzadə Londonun cənub-qərbində fəaliyyət göstərən "Thomas's Battersea” adlı özəl məktəbdə hazırlıq kursuna gedir. Məktəb binası haqqqında yazılan məlumatlar Amerikada "Waldorf of the Peninsula" məktəbi ilə oxşarlıq təşkil edir. Burada da sinif otaqlarında kompüterlər, planşet, elektron qəzetlər yoxdur. Binada IT sahəsinə aid heç nə tapmaq olmur. Məktəb kollektivi ən nüfuzlu insanların övladlarını qeydiyyata alsa da, qeyd edir ki, texnologiya insanın yaradıcılığını öldürür, düşünmə qabiliyyətini passivləşdirir, çevikliyi, yazı qabiliyyətini, eləcə də insani münasibətlərin geriləməsinə səbəb olur. Məktəbin müəllimi Pol Tomas deyir ki, texnologiyadan imtina etməkdə biz təhsil sahəsində çox irəlidəyik.

Psixoloq fikri

Psixoloq Anna Maslov mətbuatda yayılan xəbərə münasibət bildirərək deyib ki, texnologiyanın baniləri texnologiya ilə mübarizə aparmaq üçün bir neçə il gecikib: “İnternetə qarşı nə bu qədər qəddar, nə də çox bağlı olmaq lazımdır. Ola bilər ki, texnologiya şəxsi inkişaf mərhələsində insanların passivləşməsinə səbəb olsun. Lakin texnologiyasız inkişaf da mümkün deyil”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm