Qalib İsveçrəyə göndəriləcək - Məktəblilər arasında müsabiqə
Bizi izləyin

İKT

Qalib İsveçrəyə göndəriləcək - Məktəblilər arasında müsabiqə

“Azərpoçt” MMC beynəlxalq epistolyar inşa müsabiqəsinə start verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ümumdünya Poçt İttifaqı (ÜPİ) təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsi keçirilir. Azərbaycanda “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və Təhsil Nazirliyi ilə birgə təşkil edilir.

Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı tərəfindən olmaqla 3 mövzu təqdim edilir. Bu il keçiriləcək müsabiqə üçün artıq mövzular müəyyən olunub.

Belə ki, “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu: 100 illik inkişaf yolu”, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə inşa müsabiqəsində respublika məktəbliləri öz bilik və bacarıqlarını sınayacaqlar.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)

2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)

3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)

Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)

Müsabiqəyə təqdim edilən inşa yazıları bu il aprelin 1-dən yerli rayon Poçt filiallarına, şəhər Poçt filiallarıüzrə isə “Azərpoçt” MMC-nin mərkəzi filialına - Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, AZ1000 indeks ünvana göndərilməlidir. ÜPİ-nin təklif etdiyi mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə, Bern şəhərinə göndəriləcək.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunur. Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.

Xatırladaq ki, “Azərpoçt” MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm