Azərbaycanda qəzetlərin gələcəyi üçün atılan addım - Baş redaktorlar DANIŞIR
Bizi izləyin

İKT

Azərbaycanda qəzetlərin gələcəyi üçün atılan addım - Baş redaktorlar DANIŞIR

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu bu ilin mart ayından qəzetlərə maliyyə yardımı ilə bağlı tələbləri dəyişib. Yeni tələbələrə görə, qəzetlərin minimum tirajı 5 min, abunə sayı isə 2 min olmalıdır. Məqsəd çap mediasındakı durğunluğu aradan qaldırmaq, daha oxunaqlı qəzetlərə kömək etməkdir. Çünki hazırkı durumda qəzetlər saytlar bir gün əvvəl verdiyi xəbəri tirajlamaq oxucu itirmiş olurlar.

Bəs bu yardımları almaq üçün tələblərə cavab verənlər oxucu sayını artırmaq üçün nə etməlidir? Qəzetlərdə hansı dəyişikliklər edilməlidir?

Publika.az-a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kağız variantının tamamilə ləğv ediləcəyinə inanmadığını deyir:

“Qəzetlərin elektron variantının yaranacağı, kağız variantının sıradan çıxacağı ilə bağlı fikirlər hələ ötən əsrdə müzakirə edilirdi. O zaman qəzetlərin sıradan çıxmasına şübhə ilə yanaşırdım. Lakin son illər saytlar, sosial şəbəkələrin fəaliyyəti genişlənib, indi medianın daha operativ qolları yaranıb. Bu da qəzetlərin satışına təsir edir. Lakin qəzetlərin kağız variantının tamamilə ləğv ediləcəyini düşünmürəm. Düzdür, bir-birini təkrar edən qəzetlər var. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə bağlı şərtləri çətinləşdirməsi qəzetlərin yayımını gücləndirməsinə hesablanıb. Lakin qəzetlərin daha çox tirajla çap olunması üçün şərait lazımdır. Hesab edirəm ki, mövcud şəraitdə qəzetlərin sayı azalmalıdır, çünki elektron media onları üstələyib. Bununla yanaşı qəzetlərin kağız variantı yaşayacaq. Lakin xəbər siyasətində xəbər portalları və sosial şəbəkələrə uduzmamaq üçün işlərini fərqli istiqamətdə qurmalıdırlar. Qəzetlər informasiyaya başqa yöndə yanaşmalı - alt qatının araşdırılmasına önəm verməlidirlər. Bunun üçün peşəkar jurnalist lazımdır. Bu məsələ də xeyli dərəcədə maliyyə ilə bağlıdır. Qəzetlərin iqtisadi imkanları yaxşı olsa, yazılar keyfiyyəti, dizayn baxımdan yenilənə bilər”.

R.Məcid hesab edir ki, ölkəmizin inkişafı ilə qəzetlərin ağ-qara çap olunması üst-üstə düşmür.

“KİVDF-nin yardımı çoxalsa, daha rəngarəng, zövqlü qəzetlər çap etmək olar”.

Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı bildirib ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərdiyi müddətdə medianın inkişafına böyük töhfələr verib:

“Məhz Fondun dəstəyi nəticəsində Azərbaycan mediası dünyada çap mediası üçün sancılı dönəmdən uğurla keçib. Hazırda da Fondun qəzetlərə dəstək verməsi üçün şərtlərini dəyişməsi tamamilə normaldır. Çünki zaman yeniliklər, proseslərə adekvat reaksiyalar tələb edir. Fond da dəyişən zamanın şərtlərinə uyğun tələblər irəli sürür. Bu qəzetlərin sıradan çıxması kimi anlaşılmamalıdır. Bu yenilik mətbuatın möhkəmlənməsinə xidmət edən addımlardır. Hazırda çap mediasının tirajının azalması bütün dünyada müşahidə edilir. Bunun başlıca səbəbi digitallaşmadır. İnformasiyanı əvvəl ənənəvi mediadan alan oxucu informasiya texnologiyalarının inkişafı ilə istədiyi mənbədən xəbəri oxuya bilir. Avropa, Amerikada müşahidə edilən proses çağdaş dünyanın bir hissəsi olan Azərbaycanda da müşahidə edilir. İnsanların texnologiyadan istifadə imkanların artdıqca, onlayn mediaya münasibət dəyişir. Dünyada da xüsusən nüfuzlu qəzet sahibləri nəşrlərini qorumaq barəsində düşünürlər. Birinci şərt digitallaşmadır. Bu zaman həm elektron formada yayılır, həm də kağız variantda çap olunur. Bu hibrid variantıdır. İkinci məqam xəbəri təqdim etməklə bağlıdır. Onlayn media xəbərin operativliyi uğrunda mübarizə aparıb, təhlil edə bilir”.

T.Şahsuvarlı hesab edir ki, qəzetlərin yaşaması üçün ən önəmli şərtlərdən biri markalaşmadır:

“Media quruluşları öz brendini yaratmalıdır. Bu saytlara daxil olanlar bütün xəbər və informasiya ehtiyacını ödəməlidir. Bundan başqa Azərbaycanda müstəqil xəbər saytları fəaliyyət göstərir ki, infrastrukturunun yenilənməsi, oxucularla ünsiyyətin genişlənməsi üçün onlara dövlət dəstəyi verilməlidir. Bu, onlayn medianın institut kimi inkişafına təkan olardı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm