Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır? - Ekspert AÇIQLADI
Bizi izləyin

İKT

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır? - Ekspert AÇIQLADI

Bir neçə gün öncə dövlət başçısı bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsinin vacibliyini vurğulayıb. Hazırda bununla bağlı regionlarda vəziyyət necədir?

Publika.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bir sıra təkliflər irəli sürüb:

"79 Yerli icra hakimiyyəti orqanı var. Bu icra qurumların əksəriyyəti yerli vətəndaşlara 39 sayda, bir qismi isə 15- 25 sayda dövlət xidməti təklif edir. Bu xidmətlərin 99% -i indiyədək elektronlaşmayıb. Vətəndaşlar məcburdur ki bu xidmətləri oflayn olaraq, müxtəlif yerli qurumlardan alsınlar. Xatırlayıram ki ASAN-nın son monitorinqində Bakı şəhərinin yerli icra qurumlarının əksəriyyəti xidmətlərin keyfiyyətinə görə 5 ulduz sistemlə cəmi 1 ulduz qazanmışdılar. Ümumiyyətlə isə, bu xidmətləri analiz etdikdə görmək olar ki , onların böyük əksəriyyətinin rayon icra qurumlarına elə bir aidiyyatı da yoxdur. Əslində xidmətlərin necə elektronlaşması da indiyədək bəlli deyil. Regional eGov-la bağlı hər hansı konseptual sənəd yoxdur. İndi regionlara yeni başçı təyin olunanlar əgər arzulasalar ki xidmətlərini elektrona keçirsinlər, məcburdurlar ki bunu özfəaliyyət qaydasında etsinlər. Belə olan halda isə 10 il bundan öncə mərkəzi icra orqanlarının eGov istiqamətdə atdığı addımlardan sonra yaranmış vəziyyətlə üzləşəcəyik".

"Düşünürəm ki bütün yerli qurumların bütün xidmətləri təkrar-eyni xidmətlər olduğundan vahid yanaşmanın olması, vahid bir regional eGov mərkəzin formalaşdırılması daha doğru olardı. Bunun üçün isə ilk öncə regional eGovla bağlı vahid bir konseptual sənəd hazırlanmalıdır. Bütün xidmətlər təkrar olduğundan , düşünürəm ki ASAN cəmi 39 xidmətin reqlamenti və rəqəmsallaşmasını hazırlamaqla qısa müddətdə regionların rəqəmsal inkişafında böyük uğur əldə etmiş olardı. Fikrimcə paralel olaraq bu xidmətlərdən effektiv istifadə üçün, vətəndaşların da rəqəmsal bacarıqlarının artırılması üçün tədbirlər hazırlanmalıdır" - deyə, ekspert bildirib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi bu sahədə ciddi problemlərin olduğu üzə çıxarıb: "Düşünürəm ki Prezident Administrasiyası yerli icra qurumlarının rəsmi saytlarına nəhayət ki nəzər salmalıdır. Şəffaflıq və informasiya açıqlığı, ictimai nəzarətlə bağlı Prezidentin son çıxışlarında irəli sürülən tələblərlə yerli icra qurumların rəsmi saytlarının vəziyyəti ziddiyyət təşkil edir. PA yerli qurumlara bu istiqamətdə metodiki- informasiya dəstəyi göstərməli, lazım gələrsə kontent menecerlər ayırmalıdır. Öncədən bilinlməlidir ki onlar hansı sənədləri dərhal sayta qoyacaqlar və hansıları açıqlayacaqlar. Xatırlayıram ki Binəqədi icra hakimiyyətində bunula bağlı yaxşı təcrübə vardı. Bu istiqamətdə icra hakimiyyətindəki məsul şəxslərin uğurlu yerli və həmçinin beynəlxalq təcrübə ilə tanışlığını da PA həyata keçirə bilərdi. Yerli icralarda normal rəqəmsal mühit formalaşdırmaq üçün əlavə imkanlar və resurslar ayrılmalıdır. Rəqəmsallaşma, yerli xidmətlərin elektronlaşması, informasiya açıqlığı və şəffaflıq düşünürəm ki yerli icra qurumlarında korrupsiya risklərinin azalmasında və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm