Onlar dünyanı nəzarətə götürür: İnsanların əlindən hər şey alınacaq
Bizi izləyin

İKT

Onlar dünyanı nəzarətə götürür: İnsanların əlindən hər şey alınacaq

Onlar dünyanı nəzarətə götürür: İnsanların əlindən hər şey alınacaq

Süni intellekt bəşəriyyəti robotların üsyanı ilə deyil, insanların gördüyü işləri tədricən öz üzərinə götürməklə özündən asılı vəziyyətə sala bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, bu proses insanların bacarıqlarını itirməsinə, müstəqil qərarvermə qabiliyyətinin zəifləməsinə və hətta demokratiyanın gələcəyinə təsir göstərə bilər.

Publika.az xəbər verir ki, “Meta”, “Google” və “OpenAI” şirkətlərinin hazırladığı süni intellekt köməkçiləri iş proseslərini idarə etməyi, tapşırıqları planlaşdırmağı və gündəlik işləri avtomatlaşdırmağı vəd edir. Lakin tədqiqatçılar hesab edirlər ki, insanlar getdikcə daha çox qərarı texnologiyaya həvalə etdikcə, öz həyatlarına nəzarəti də tədricən itirə bilərlər.

İnsanlar öz bacarıqlarını itirəcək

2025-ci ilin əvvəlində dərc olunan elmi araşdırmada bu ssenari “müstəqilliyin tədricən itirilməsi” adlandırılıb. Söhbət süni intellektin elm, proqramlaşdırma, yaradıcılıq, istehsal və fiziki əmək daxil olmaqla, demək olar ki, bütün sahələrdə insanı üstələdiyi gələcəkdən gedir.

Məsələn, çəkic istehsal edən şirkətdə robotlar məhsulu daha sürətli və ucuz hazırlamağa, süni intellekt isə biznesi idarə etməyə başlayır. Rəqiblər də bu texnologiyalara keçdikcə, insan əməyindən istifadə edən şirkətlər müştərilərini itirmək riski ilə üzləşirlər. Nəticədə bazarda qalmaq üçün işçilər maşınlarla əvəzlənir.

Bu proses bütün sahələrdə təkrarlanarsa, insanlar təkcə iş yerlərini deyil, praktiki bacarıqlarını və müstəqil qərarvermə qabiliyyətlərini də itirə bilərlər. Sistem sıradan çıxdıqda isə onu bərpa edə biləcək mütəxəssislərin tapılmaması təhlükəsi yaranar.

“Hugging Face” şirkətindən süni intellekt tədqiqatçısı Marqaret Mitçell bildirir ki, insanlar süni intellekt agentlərinin əvəzinə gördüyü işləri özləri yerinə yetirməyi dayandırsalar, zamanla həmin bacarıqları itirərək texnologiyadan asılı vəziyyətə düşəcəklər.

Süni intellekt demokratiyanı da təhdid edə bilər

Təhlükə yalnız iqtisadiyyatla məhdudlaşmır. Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə hərbi və siyasi qərarların avtomatlaşdırılmış sistemlərə həvalə edilməsi də genişlənə bilər.

Süni intellektdən daha fəal istifadə edən dövlətlər rəqabətdə üstünlük qazana bilər. Maşınların fasiləsiz işləməsi və böyük həcmdə məlumatı sürətlə təhlil etməsi digər ölkələri də avtomatlaşdırmanı sürətləndirməyə məcbur edə bilər.

Araşdırmanın həmmüəllifi Yan Kulveytin fikrincə, dövlətlərin vətəndaşlara işçi, vergi ödəyicisi və hərbi qulluqçu kimi ehtiyacı azalarsa, hakimiyyətin onların maraqlarını nəzərə almaq üçün motivasiyası da zəifləyə bilər.

O, bunu bəzi neft hasil edən ölkələrlə müqayisə edir. Belə dövlətlər əhalidən toplanan vergilərdən daha az asılı olduqda vətəndaşların siyasi dəstəyinə də daha az ehtiyac duya bilərlər.

Əsas təhlükə robotların üsyanı deyil

Süni intellekt əsaslı robototexnika sahəsində fəaliyyət göstərən “Robocurve” şirkətinin qurucusu Cey Çuy hesab edir ki, süni intellektin nəzarətdən çıxaraq məlumat mərkəzlərini ələ keçirməsi və dünyanı zəbt etməsi kimi ssenarilərdən daha az danışılan başqa bir təhlükə var.

Onun fikrincə, süni intellekt dünyanı mümkün qədər çox prosesi avtomatlaşdırmağı davam etdirərək nəzarət altına ala bilər.

Beləliklə, təhlükə qəfil baş verən hadisədən deyil, insanların getdikcə daha çox funksiyanı könüllü şəkildə maşınlara ötürməsindən qaynaqlana bilər.

Asılılıqdan necə qorunmaq olar?

Ekspertlər bildirirlər ki, şirkətlərin xərcləri azaltmaq və rəqabətdə üstünlük qazanmaq istəyi tam avtomatlaşdırmaya keçidi sürətləndirə bilər. Buna görə də əsas proseslərdə insan iştirakının qorunması vacibdir.

Marqaret Mitçell süni intellektin bütün işləri insanın əlindən almasına imkan verməmək üçün nəticələrin yoxlanılması və qərarların verilməsi mərhələlərində insan nəzarətinin saxlanmasını təklif edir.

Yan Kulveyt isə süni intellektin yalnız insanı əvəz edən deyil, onunla əməkdaşlıq edən vasitə kimi hazırlanmasının vacibliyini vurğulayır. Onun fikrincə, texnologiya hazır cavablar verməklə kifayətlənməməli, qərarlarını izah etməli və insanların yeni biliklər əldə etməsinə kömək göstərməlidir.

Ekspertlər xəbərdarlıq edirlər ki, insanların müstəqilliyini itirməsi robotların üsyanı qədər dramatik görünməsə də, məhz tədricən baş verməsi onu daha təhlükəli edir. Bəşəriyyət süni intellektə getdikcə daha çox güvənə və bir gün onsuz fəaliyyət göstərmək qabiliyyətini itirdiyini çox gec anlaya bilər.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm