Avtomobil idxalının azalmasından ölkə iqtisadiyyat qazanır - ŞƏRH
Bizi izləyin

Ekopublika.az

Avtomobil idxalının azalmasından ölkə iqtisadiyyat qazanır - ŞƏRH

Cari ilin 6 ayında ölkəyə gətirilən avtomobillərin sayı 17 640 ədəd olub. Bunun 15 745 ədədi minik avtomobili, 1 126 ədədi yük avtomobili, 590 ədədi avtobus, yerdə qalanı isə digər kateqoriyadan olan avtomobillər təşkil edib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ötən ilin 6 ayı ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 48,7% azalıb.

Proqnozlara görə, cari ildə ölkəyə ümumi avtomobil idxalı ən yaxşı halda 34 min ədəd təşkil edə bilər ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 46%, 2013-cü illə müqayisədə isə 3,1 dəfə azalma deməkdir.

Neft Araşdırmalar Mərkəzinin ekspertlərinin şərhinə görə, avtomobillərin idxalına təsir edən amillər əsasən 2013-cü ilin dekabrında ölkə daxilində yanacağın qiymətinin orta hesabla 33% artırılması oldu: “Bundan əlavə, Bakı şəhərinin mərkəzi hissəsində avtomobillərin parkinq məsələsində “inqilabi dəyişikliklər” edildi. Belə ki, daha 20 qəpiyə avtomobil saxlamaq mümkün olmadı. Parkinq üçün 50 qəpiyə yerüstü dayancaqlar, eləcə də saatı 1 manatdan başlayan, iş günü 5-6 manata başa gələn yeraltı parkinqlər tikildi. Sonradan bu qaydalar daha da geniş hissəni əhatə etməyə başladı. Avtomobil cərimələri sərtləşdirildi. Həmçinin avtomobil sığortaları ilə bağlı məsələlər ciddiləşdirildi. Sığortasız avtomobil sürənlərin cəzalandırılması qaydalarının bundan sonra daha da sərtləşdirilməsi gözlənilir”.

Ekspertlər növbəti addım kimi köhnə avtomobillərin ölkəyə gətirilməsi qaydalarının həddən artıq sərtləşdirilməsini, aksiz vergilərin artırılmasını qeyd edirlər: “Bir sözlə insanlar üçün avtomobil saxlamaq artıq real olaraq müəyyən gəlirə bağlanmağa başlayır. Əks təqdirdə avtomobil almaq sadəcə əlavə xərcə çevrilir. Ancaq hökumətin belə bir addım atmasının daha ciddi siqnalı o idi ki, 2013-cü ildə ölkə ilk dəfə daxili bazarda yanacağın qıtlığı ilə üzləşmək problemi ilə qarşılaşdı. H.Əliyev adına neft emalı zavoduna ilk dəfə Qazaxıstandan bir partiya neft emala göndərildi. Azərbaycan demək olar ki, ixraca benzin yönəltmədi. Bunun səbəbi ölkəyə rekord sayda – 104 min avtomobilin idxalı idi”.

Mütəxəssislərinə sözlərinə görə, o zaman SOCAR hökumətə neft məhsullarının stabil təminatına dair proqram hazırlayıb təqdim etmişdi: “Bu proqrama əsasən, hökumət ölkəyə gətirilən avtomobillərin sayının azaldılması yönümündə addımlar atmalı, ekoloji yüksək standartlara cavab verən avtomobillərə üstünlük verməli, ölkəyə müasir avtobuslar gətirilməli və tədricən ictimai nəqliyyat, sonra isə kommersiya nəqliyyatı sıxılmış qaza (bunu 90-cı illərin balon qazı ilə qarışdırmamalı, Amerika və Avropada hətta 30 tonluq TİRlar belə sıxılmış qazla işləyir, çünki onun real oktan dərəcəsi 117 ekvivalentindədir – red.) keçməlidir. Artıq SOCAR Bakıda sıxılmış qaz doldurma stansiyası istifadəyə verib və yenilərini də tikməkdədir. İlk Avropa Oyunları zamanı Bakıya gətirilən avtobuslar da məhz sıxılmış qazla işləyirdilər. Bu prosesə artıq start verilib. Nəticəsi isə onunla yekunlaşmalıdır ki, SOCAR ictimai nəqliyyatda, kommersiya nəqliyyatında çox böyük həcmdə istifadə olunan dizel yanacağını sonradan sıxılmış qazla əvəz etmək imkanına malik olsun. H.Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya işləri başa çatana qədər yüksək keyfiyyətli (Avro-5) yanacaq istehsal etmək imkanına malik olsun. Ölkənin daxil tələbatını ödəyəndən sonra, həmin yanacağı iri həcmdə (ildə 2 milyondan artıq) Avropa bazarına ixrac etməklə stabil gəlir mənbəyi qazanılacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm