Azərbaycanda maliyyə ombudsmanı yaradılsın - TƏKLİF
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda maliyyə ombudsmanı yaradılsın - TƏKLİF

“Bank sektoru son illər əhalinin hüquqlarının ən çox pozulduğu sahəyə çevrilib. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır. Öhdəliyin yerinə yetirilməsi bir az qəlizləşəndə maliyyə qurumları qabağı düşərək problemi öz xeyirlərinə həll edirlər. Müştəri isə hüququ pozulmuş halda qalır”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər: “Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərin isə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar yavaş-yavaş inkişaf edir və əhalinin baş ağrısına çevrilir. Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan məlumat verirlər. Onlar kreditin ağır şərtləri barədə məlumatları gizlətməklə əhaliyə natamam məlumatlar verirlər və bununla da əhalini cəlb edirlər. Bank krediti vaxtından əvvəl qaytarmaq istəyən müştəriyə cərimə tətbiq edir və s.”

İqtisadçı deyir ki, problemli digər sahə lombardlardır. Belə ki, son dövrlər göbələk kimi artan lombardlar insanların ən çox aldadıldığı məkana çevrilib. Onların verdikləri kreditlərin baha olması azmış kimi, insanların aldadılması halları kifayət qədərdir:

“Bəzi hallarda müştəriyə kredit verəndə müqavilələr bağlanmır, girov qismində qoyulmuş əmanətin dəyərindən dəfələrlə az məbləğdə kredit verilir, krediti vaxtında ödəyən insanlar da bir sıra hallarda girov qoyduqları əmanəti geri ala bilmirlər”.

S.Əliyev sığorta sektoruna da toxunub. Bu sahədə də vəziyyətin ürəkaçan olmadığı deyən ekspert bildirib ki, insanlar sığorta hadisəsi baş verəndə sığorta ödənişi almaqda xeyli əziyyət çəkirlər: “Belə misalların sayını artırmaq da olar. Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Fakiti olaraq 2 milyondan çox əmanətçi, 5 milyondan çox kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var. Bu gün ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institut yoxdur. Belə halların qarşısının alınması üçün bir çox ölkədərdə olduğu kimi Azərbaycanda da maliyyə ombudsmanının (müvəkkilinin) yaradılmasına ehtiyac var. Maliyyə ombudsmanının fəaliyyəti maliyyə təşkilatlarının müştərilərinin hüquqlarını qorumaqdır. Ombudsman institutunun yaradılmasında məqsəd ortaya çıxmış problemləri məhkəmədənkənar həll etməkdir. Ən əsası bu institut müştərilərə pulsuz xidmət göstərir. Ombudsman yaranmış mübahisələri ilkin mərhələdə həll edə bilir”.

Maliyyə ombudsmanı institutunun məhkəmələrdən üstünlüyünə toxunan iqtisadçı deyib ki, müştəriyə məhkəməyə çəkiləcək xərcə qənaət etmək imkanı verir: “Eyni zamanda məsələyə baxılması müddəti də məhkəmə ilə müqayisədə qısadır. Vətəndaşların maliyyə hüquqlarını müdafiə edən ilk maliyyə müvəkkili 1992-ci ildə Almaniyada yaradılıb. Hazırda bir çox ölkələrdə - Fransa, Böyük Britaniya, Danimarka, İsveç, İrlandiya, Pakistan, CAR və başqa ölkələrdə fəaliyyət göstərir. MDB ölkələrində bu institut geniş yayılmayıb. Ukraynada yaradılması nəzərdə tutlsa da, məlum siyasi böhran ideyanın reallaşmasını bir qədər ertələyib. Qazaxıstanda 2011-ci ildə bank ombudsmanı institutu yaradılıb. Gürcüstanda isə sığorta ombudsmanı institutu yaradılması planlaşdırılır. Maliyyə ombudsmanı bank, sığorta və investisiya sahəsində maliyyə qurumları ilə maliyyə xismətlərinin istehlakçıları arasında yaranmış mübahisələri tənzimləyən mexanizmdir. Onların fəaliyyəti bəzi ölkələr ancaq bank, bəzilərində sığorta, bəzilərində isə bütün maliyyə sektorunu əhatə edir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm