Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirib
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank bir ayda 1.2 milyard dollar itirib

Azərbaycan Mərkəzi Bankı strateji valyuta ehtiyatlarının həcminə dair növbəti aylıq məlumat yayıb. Mərkəzi Bankın rəsmi saytında yayılan məlumata görə, bankın ehtiyatları avqust ayı ərzində rekord səviyyədə - təxminən 1,2 milyard dollar azalıb. Belə ki, iyul ayının sonuna olan rəqəmlərə əsasən, Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının həcmi 8,5 milyard dollara yaxın idi. İndi isə Mərkəzi Bankın cəmi 7,315 milyard dollarlıq rezervi qalıb. Bu isə o deməkdir ki, Mərkəzi Bank avqust ayında manatın kursunu indiki səviyyədə saxlamaq üçün valyuta bazarına rekord səviyyədə intervensiya həyata keçirib.

Avqust ayında Qazaxıstanda təngənin kursunun sərbəst buraxılması və neftin kəskin ucuzlaşması, habelə rublun dəyərdən düşməsi, digər MDB ölkələrinin milli valyutalarının ucuzlaşması şəraitində manatın da ucuzlaşacağına dair ajiotaj yarandı.

Hətta Bakıda valyutadəyişmə məntəqələri dollar satışını dayandırdı, yaxud bəzi banklar Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən kənara çıxaraq dolları baha satmağa başladı. Həmin günlərdə Mərkəzi Bank valyuta bazarında yaranmış ajiotajı yatırmaq üçün cəmi iki gündə təxminən yarım milyard dollarlıq intervensiya həyata keçirmişdi.

Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının bir ayda kəskin azalması manatın növbəti dəfə devalvasiyaya məruz qalacağına dair narahatlıqları artıra bilər. Xatırladaq ki, 2014-cü ilin sonunda Mərkəzi Bankın 13,7 milyard dollarlıq rezervi var idi. 2015-ci ilin əvvəllərindən başlayaraq Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hər ay 1 milyard dollara yaxın valyuta satıb.

Fevral ayında manatın 34 faizlik devalvasiyası da ehtiyatların azalmasının qarşısını ala bilməyib, sonrakı aylarda Mərkəzi Bankın ehtiyatları təxminən ayda 1 milyard dollar azalıb. Proses iyun ayında dayanmışdı və hətta Mərkəzi Bankın rezervlərində cüzi artım qeydə alınmışdı. Lakin dünyada başlayan iqtisadi böhranın təsirləri ilə Azərbaycanda yeni dollar ajiotajı başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm