Neft haqqında bədbin proqnoz, onların sərvəti, qələmin yıxdığı ev - HESABAT
Bizi izləyin

Ekopublika.az

Neft haqqında bədbin proqnoz, onların sərvəti, qələmin yıxdığı ev - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı bir çox proseslərə ev sahibliyi etdi. Çində “2015 Yaz Davos Forumu” reallaşdı. Ölkənin baş naziri bərk gedən şirkətlərin rəhbərlərinin qarşısında Amerikaya “yıxılmadıq ayaqdayıq” mesajını verdi.

Rusiya Mərkəzi Bankı yeddinci dəfə faiz dəyişikliyinə getmədi. ELəcə də “Goldman Sachs” bazarlara neftin 20 dollara qədər ucuzlaşacağına dair xəbərdarlıq etdi, İspaniyada evlərin qiyməti qalxdı, devalvasiya İsveçrəyə də çatdı, S & P bir qələmlə Brazilyanın evini yıxdı. İş dünyasına gəlincə, Avropanın avtomobil şirkətləri İrana ayaq açdılar, İngiltərə kraliçasının sərvətinin həcmi bəlli oldu.

Başlayaq qonşu Rusiyadan. Rusiya Mərkəzi Bankı siyasət faizini 11 faiz səviyyəsində tutmağı qərarı verdi. Qeyd edək ki, buna rublun devalvasiyası nəticəsində yaranan inflyasiya təzyiqi və enerji sektorunda beynəlxalq sanksiyalardan qaynaqlanan iqtisadi geriləmə tədir etdi. Belə ki, Rusiya Mərkəzi Bankına görə, 2015-ci ildə ölkənin iqtisadiyyatı illik bazda 3,9 faizlə 4,4 faiz arasında kiçiləcək. İnflyasiya da düşəcək. Bildirək ki, iyun ayında inflyasiya bu ilin ən aşağı səviyyəsinə geriləyərək 15.3 faizə düşsə də sentyabrda yenidən 15.8 faizə yüksəlib. Rəsmilər hesab edir ki, inflyasiya rəqəmi gələn il 7 faizə enəcək. 2017-ci il üzrə isə 4 faiz təşkil edəcək.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Qida qiymətləri indeksi avqust ayında 5,2 faiz azalaraq 155,7 səviyyəsinə geriləyib. Ən böyük azalma səhər qidasında qeydə alınıb. Süd, portağal suyu, qəhvə, çörək, qənd və kolbasa da daxil olmaqla 6 məhsulda qiymətlər 2010-ci ildən sonra ən aşağı səviyyəyə enib. Südün qiyməti 33, portağal suyu 10, çörək 23, qənd 22, kolbasa 16, qəhvə 28 faiz ucuzlaşıb. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesab edir ki, qiymətlərin düşməsinə səbəb Çin iqtisadiyyatındakı yavaşlama siqnalları ilə enerjinin qiymətindəki enişdir. Digər tərəfdən hesabatda 2015-ci ildə dünyada taxıl istehsalının 2 milyard 540,2 milyon ton olacağı qeyd edilib. Hansı ki, əvvəllər bu rəqəm 2 milyard 526,5 milyon proqnozlaşdırılırdı.

Amerika Birləşmiş Ştatlarının məşhur investisiya bankı “Goldman Sachs” isə həftəyə damğasını bəd xəbəri ilə vurdu. Bank neftin 20 dollara qədər ucuzlaşacağı proqnozunu irəli sürdü. Bunun Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) daxil olan dövlətlərin istehsalı azaltmayacağı halda baş verəcəyini bildirdi. Hesabatda qeyd edilir ki, OPEC istehsaldakı artımı 2016-ci ildə də davam etdirəcək və qiymətlər 20 dollara düşəcək.Məlumat üçün bildirək ki, “Goldman Sachs” ele bele bank deyil. 1869-ci ildə yaradılan və mərkəzi New Yorkda olan çox millətli investisiya bankıdır. Bank qlobal bazarlar mövzusunda müştərilərinə hesabatlar hazırlıyır.

OPEK-dən söz düşmüşkən Səudiyyə Ərəbistanı neftin qiymətinin azalması səbəbindən yaranan büdcə kəsirini ləğv etmək üçün xərclərini azaltmağı və əlavə istiqrazlar buraxmağı planlayır. Rəsmi statistikaya görə, 2015-ci ildə büdcə kəsiri 39 milyard dollar təşkil edəcək. Bu məlumat büdcə kəsirinin ən azı 130 milyard dollar olacağını iddia edən Beynəlxalq Valyuta Fondunun hesablamalarından fərqlənir.

Maliyyə naziri İbrahim Al Assafın sözlərinə görə, büdcə xərcləri ən azı təhsil, səhiyyə və infrastruktur layihələri sahəsində azaldılacaq. İyulda ehtiyat fondundan 82 milyard dollar götrüldükdən sonra fondun ehtiyatları 650 milyard dollaraqədər azalıb. İlin sonuna qədər isə ehtiyatlar 629 milyard dollara enəcək.

Yola saldığımız həftənin daha bir hadisəsi devalvasiya dalğasının İsveçrəyə də çatması oldu. Ölkənin frankı son 8 ayın ən böyük dəyər itkisini yaşadı. Frank avroya nisbətdə 0.5 faiz zəiflədi. Xatırladaq ki, İsveçrə Mərkəzi Bankı yanvar ayında avro-frank partiyasında alt limiti qaldırmışdı. 1.2 frankı 1 avroya sabitləşdirən faiz siyasətindən imtina etmişdi. Mütəxəssislər hələ o zaman İsveçrə hökumətinin bu qərarı dollar qarşısında dəyər itirməmək üçün verdiyini, avro ilə birlikdə enişə keçməkdən yayınmaq məqsədi güddüyünü bildirirdilər. Onu da qeyd edək ki, İsveçrə Mərkəzi Bankının sentyabrın 17-də reallaşacaq iclasında pul siyasətini yenidən radikallaşdıracağı irəli sürülür.

Beynəlxalq kredit təşkilatı Standard & Poor 's (S & P) Braziliyanın kredit notunu zibillə eyni səviyyəyə endirdi. Belə ki, S & P bazarların bağlanmasından sonra Braziliyanın kredit notunu bir pillə salaraq "BB +" etdiyini açıqladı.Bununla da Braziliya yeddi ildir sahib olduğu "investisiya edilə bilər ölkə" səviyyəsini tərk edərək "spekulyativ" ölkə səviyyəsinə gerilədi.

Digər tərəfdən S & P Braziliyanın federal kredit faizinin "mənfi" olduğunu açıqladı.Təşkilat iddia edir ki, Braziliyanın maliyyə hesablarında təkrar pozulma var.

İrlandiya iqtisadiyyatının isə bu ilin ikinci rübündə 1.9 faiz artdığı bəlli oldu. İrlandiya Mərkəzi Statistika Ofisinin məlumatına görə, iqtisadi artım 6 faiz təşkil edib. Hansı ki ötən il bu rəqəm 5 faiz idi. Beləliklə İrlandiya son iki ildə Avropanın ən sürətli inkişaf edən iqtisadiyyatı olub. Ölkənin ixracı aprel - iyun aylarında 5.4 faiz artıb. İstehlak xərcləri isə 0.4 faiz yüksələrək illik bazda 2.8 faiz səviyyəsinə çatıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı Çindən də xəbər var. Ölkənin baş naziri Li Keqiang Dalian şəhərində toplanan “2015 Yaz Davos Forumu”nda dünyanın məşhur çox millətli şirkətlərinin rəhbərlərinin önündəki çıxışında Amerikaya “ölməmişik hələ yaşayırıq” mesajını verdi. O, Çinin hələ qlobal iqtisadi artımın itələyici gücü olduğunu bildirdi:"Çin bu ilki əsas iqtisadi və ictimai böyümə hədəflərinə çatacaq. Bütün inkişaf hədəflərimizin alınmasına çalışacağıq". Baş nazir Çin iqtisadiyyatdakı yavaşlamaya qarşı hökumətin lazım olan tədbirləri gördüyünü və maliyyə böhranının qarşısının alındığını da vurğulayıb. Bu arada bildirək ki, nazirin yeke-yeke danışmasına baxmayaraq, Çində inflyasiya səbəbindən ərzaq məhsullarının qiyməti rekord həddə çatıb. Əksər ərzaq məhsullarının qiyməti 15-20 faiz bahalaşıb. Hökumət inflyasiyanı aradan qaldırmaq üçün iş yerlərinin ixtisarını da inkar etmir.

Bir zamanlar böhran səbəbindən mənzillərinin dəyəri 30 min dollara qədər enən İspaniyada qiymətlər 2007-ci ildən sonra ilk dəfə kəskin bahalaşıb. Milli Statistika İnstitutu xəbər verir ki, aprel - İyun aylarında mənzillərin dəyəri illik olaraq 4 faiz nisbətində qalxıb. Buna baxmayaraq mənzil bazarındakı rentabellik ölməyib. İyul ayında 32 min 717 mənzi satılıb. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 13.9 faiz çoxdur.

İş dünyası

Min yeyənin olsun, bir deyənin yox. İngiltərə tarixinin ən uzun müddət taxtda qalan hökmdarı II. Yelizavetanın fərdi sərvətinin həcmi açıqladı. Yelizaveta nənənin nə az nı çox 384 milyon dənə avrosu var. Düzdür, bəzi şərhçiləri bu rəqəm qane etməyib. Onlar kraliçanın pulunun təxmin ediləndən az olduğunu söyləyirlər. Lakin əsas odur ki, krallığın rəsmi iqamətgahı, Londonun ən çox ziyarət edilən turistik məkanı Buckingham sarayı kraliçanın öz mülküdür. İqəmətgah ölkənin 26 milyard sterlinqlik turizm gəlirində böyük rol oynayır.

İrana tətbiq olunan beynəlxalq sanksiyaların başa çatması avtomobil şirkətlərinə gün doğdurub. Onlar illərdir qapalı olan İran bazarına ayaq açmağa qərar veriblər. Fransanın “Peugeot” şirkəti bi istiqamətdə ən tez addım atanlardandır. İranın yerli avtomobil istehsalçısı “İran Khodro” ilə istehsal ortaqlığı yaradıb.

2012-ci ildə sanksiyaların tətbiqindən əvvəl “Peugeot” İranda 458 min satış reallaşdırmışdı. “Peugeot”un rəqibi “Renault” da İran bazarında ən böyük istehsalçı olmaq istəyir. İran hökumət isə 1 milyon olan avtomobil istehsalını 2021-ci ilə qədər 3 milyona yüksəltməyi hədəfləyir.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə.Əvvəla qeyd edək ki, Azərbaycan üzrə Açıq Büdcə İndeksi 9 bal artıb.İkincisi Avropa İttifaqı Azərbaycana 13,6 milyon avro maliyyə yardımı ayırıb. Ötən il Azərbaycana gələn turistlər 1,3 milyard manat vəsait xərcləyiblər.Bundan əlavə İlin əvvəlindən BTC ilə Azərbaycan neftinin nəqli 2% azalıb. O cümlədən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 458,9 manata çatıb.

Başlayaq bir müddət əvvəl “Beynəlxalq Bank”a borclular arasında adı hallandırılan Azərbaycan Metanol Zavodunun (AzMeCo)direktorunun ruslarla imzaladığı müqavilədən. Yola saldığımız həftə Bakıda “AzMeCo” ilə Rusiyanın “Qazprom eksport” şirkətləri arasında müqavilə imzalandı. Müqaviləyə görə, “Qazprom” ildə 2 mlrd. kubmetrə qədər təbii qazı “AzMeCo” şirkətinə satacaq. Bu həcmdə qazla “AzMeCo”nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək. “Qazprom”un qaz nəqlinə yaxın vaxtlarda başlayacağı gözlənilir.

Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan “AzMeCo”nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər “AzMeCo” 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib.Onu da ə xatırladaq ki, Azərbaycan Rusiyadan qaz idxalına 2000-ci ilin oktyabrında başlamışdı. İdxal prosesi 2006-cı ilin sonuna qədər – “Şahdəniz” yatağından qaz hasilatı başlayana qədər davam etmişdi. 2010-cu ildən 2013-cü ilin yayına qədər isə Azərbaycan Rusiyaya qaz ixrac etmişdi.

Bu həftə TAP-dan da xəbər var. Albaniyanın TAP-dan əldə edəcəyi tranzit gəlirləri açıqlanıb. Albaniya tranzit ölkə olaraq Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindən hər il 160 mln. avro qazanc əldə edəcək.

Daha bir maraqlı məqam Azərbaycandan Qazaxıstana işləməyə gedənlərlə bağlıdır. 2015-ci ilin səkkiz ayı ərzində Qazaxıstanın daxili işlər orqanları tərəfindən 1396 Azərbaycan vətəndaşına əmək fəaliyyəti göstərmək üçün icazə verilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya Polisi Departamentinə istinadən "Tengrinews.kz" nəşri məlumat yayıb.

Məlumata görə, ümumilikdə 8 ay ərzində 103 min əcnəbiyə fiziki şəxs kimi əmək fəaliyyəti ilə məşğul olmaq icazəsi verilib. Azərbaycan işləmək üçün icazə alan vətəndaşların sayına görə üçüncü yerdə qərarlaşıb. Siyahının birinci pilləsində Özbəkistan (97 min), ikinci yerində isə Tacikistan (3312 nəfər) durur. Verilən icazələrin ümumi sayının 94,2 faizi əmək qabiliyyətli kişilərə təqdim olunub.

Məndən bu qədər. Həftəniz uğurlu olsun!

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm