4628 nəfər SOCAR-a müraciət edib
Bizi izləyin

Ekopublika.az

4628 nəfər SOCAR-a müraciət edib

Ölkədə qazlaşdırma proseslərinin sürətləndirilməsi ilə əlaqədar yaranmış əlavə iş həcmlərinə müvafiq olaraq SOCAR-ın “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan etdiyi işə qəbul müsabiqəsinə 4628 nəfərin müraciəti qeydə alınıb.

Şirkətdən Publika.az-a verilən məlumata əsasən 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün “Qaz avadalıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi üzrə elan olunan işə qəbul müsabiqəsinə start verilib. Nəzərdə tutulduğu kimi, müsabiqənin birinci mərhələsində müraciətlər elektron qaydada www.socar.az veb-səhifəsinin “karyera” bölməsi (https://careers.socar.az/VacancyList) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq rayon şöbələri vasitəsi ilə qəbul edilib. 29.09.2015-ci il tarixində müraciətlərin qəbulu prosesi başa çatıb. 8 regionu əhatə edən 46 rayon üzrə ümumilikdə 4628 nəfərin müraciəti qeydə alınıb. İşə qəbul üçün daha çox müraciət Tərtər (843), Salyan (630), Ağsu (597), ən az müraciət isə Şəmkir (425) Regional Mərkəzlərinin əhatə etdiyi rayonlardan olub. Müraciətlərin çox olması müsabiqədə seçim imkanlarının genişlənməsinə, seçim prosedurlarının daha şəffaf aparılmasına və ən yaxşı namizədlərin seçilməsinə şərait yaradacaqdır.

Artıq müraciətləri qeydə alınmış namizədlərin sənədlərinin vakansiya haqqında elanda qeyd olunmuş tələblərə uyğunluğu yoxlanılır. Vakansiyanın tələblərinə uyğun gələn namizədlər müəyyən edildikdən sonra 03-04 oktyabr 2015-ci il tarixlərində onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaqdır. Bu məqsədlə regionlarda keçiriləcək test imtahanında müvəffəqiyyət qazanan namizədlərə 10 gün müddətində SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin tərşkil etdiyi nəzəri-praktiki təlim keçiləcəkdir. Xəbər verildiyi kimi, artıq TTSİ-də təlimləri aparacaq mütəxəssislər üçün maarifləndirmə kurslarına başlanılmışdır. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaqdır. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal, hal-hazırda vakant olan 403 yerə işə qəbul olunacaqdır. Digərlərinin isə Kadr Ehtiyatı Bazasına daxil edilərək “Azəriqaz” İB-nin növbəti bir il ərzində yaranacaq kadr tələbatına uyğun olaraq işlə təmin edilməsi nəzərdə tutulur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm