Palata sədri: “Büdcə gəlirlərində təkmilləşdirmə işləri gələn il də davam etdiriləcək”
Bizi izləyin

Ekopublika.az

Palata sədri: “Büdcə gəlirlərində təkmilləşdirmə işləri gələn il də davam etdiriləcək”

“2015-ci ilin ötən dövrü müxtəlif istiqamətli iqtisadi və siyasi proseslərin, bu proseslərin doğurduğu ehtimal olunan və gözlənilməz nəticələrin, həmçinin bütün bu proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə xarakterizə oluna bilər”.

Publika.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün parlamentdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə əlaqədar çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu amillər ayrı-ayrılıqda və kompleks şəkildə dünya ölkələrinin iqtisadi inkişafına təsirsiz ötüşməyib. Palata sədri deyib ki, sadalanan qeyri-müəyyənliklər fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafının qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha sübut edib: “Bu ilin ötən dövründə əsas makroiqtisadi parametr olan ümumi daxili məhsulun real artım tempi qorunub saxlanılıb. 2016-cı il üçün qeyri-neft sektorunun payının yüksəlməsi, əhalinin gəlirlərinin artması və sosial müdafiə baxımından həssas olan vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı çoxşaxəli tədbirlər proqnozlaşdırılıb”.

V.Gülməmmədov qeyd edib ki, hazırda həm iqtisadiyyatı təbii resurslardan asılı, həm də neft idxalatçısı olan ölkələr üçün qarşıdakı dövrdə neftin qiymətinin hansı səviyyədə olacağı ilə bağlı proqnozlar əhəmiyyətli olması ilə yanaşı, həm də ciddi müzakirə predmetidir: “Müxtəlif qurumların və maliyyə agentliklərinin verdikləri proqnozları ümumilləşdirsək, hesab edirik ki, ortamüddətli dövrdə neftin qiyməti barədə büdcə sənədlərindəki proqnoz göstəricisi məqbuldur və ehtiyatlı yanaşmadır”.

Palata sədri bildirib ki, büdcə gəlirlərində təkmilləşdirmə işləri növbəti ildə də davam etdiriləcək: “Növbəti ildə ötən illərdən fərqli olaraq büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılıb. Gələn il üçün dövlət büdcəsi xərclərinin funksional bölmələrinin tərkibi təkmilləşdirilib, bir sıra bölmələrdə əməyin ödənişi, subsidiya və transfertlərlə bağlı ilk dəfə olaraq vəsait nəzərdə tutulub”.

V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatası Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanuna və digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığını və təqdim edildiyini nəzərə alaraq layihənin Milli Məclisdə müzakirə olunmasını tövsiyə edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm