Azalan neft gəlirləri, geriləyən dünya iqtisadiyyatı – 2016-cı illə bağlı bədbin proqnozlar – HESABAT
Bizi izləyin

Ekopublika.az

Azalan neft gəlirləri, geriləyən dünya iqtisadiyyatı – 2016-cı illə bağlı bədbin proqnozlar – HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün ağır keçdi. Xüsusilə 2016-cı ilin iqtisadi konturlarının nədən ibarət olacağının bəlli olması baxımından. Beynəlxalq Enerji Agentliyi neft bazarındakı vəziyyətin gələn il də dəyişməyəcəyini açıqladı. Misir Mərkəzi Bankı üçüncü dəfə devalvasiyaya getdi. Avropanın ən böyük iqtisadiyyatı Almaniyada İqtisadiyyat Nazirliyi 2015-ci il üzrə iqtisadi artım proqnozunu aşağı çəkdi. İş dünyasında şirkətlər Çin iqtisadiyyatındakı yavaşlamanın təsirlərindən dad etdilər. Azərbaycanda 2016-cı ilin büdcəsi müzakirəyə çıxarıldı.

Beynəlxalq Enerji Agentliyi 2016-ci il üzrə qlobal neft tələbatı ilə bağlı proqnozunu azaldıb. Belə ki, təşkilat neft tələbatının əvvəlki proqnozundan 150 min barrel az olacağını irəlü sürərək bu rəqəmin gündəlik 1.21 milyon barrel təşkil edəcəyini bildirir. Şirkətin aylıq hesabatında qeyd olunur ki, neft bazarındakı təklif bolluğu gələn il də davam edəcək. Buna səbəb kimi OPEC-ə üzv olan ölkələrin istehsal həcmlərini qoruması, yavaşlayan qlobal iqtisadi artım və İranın neft təchizatçıları arasına yenidən daxil olmasını göstərdi.

Misir Mərkəzi Bankı ölkənin pul vahidi lirənin üçüncü dəfə devalvasiyasına getdi. Ölkə pul devalvasiyası dollar qarşısında 1.3 faiz enişlə 7.9 lirə təşkil etdi. Misir pul vahidinin illik dəyər itkisi 9.8 faizə yüksəldi. Beləliklə, misir lirəsi Orta Şərqdə Əlcazair dinarından sonra ən çox dəyər itirən pul vahidi oldu. Misirin valyuta ehtiyatlarına gəlincə, sentyabr ayında son 4 ilin ən aşağı səviyyəsinə düşüb. Hökumət cari əməliyyat kəsirinin 2000-ci ildən sonrakı ən yüksək həddə - 12.2 milyard dollar olduğunu açıqlayıb. Nəzərə çatdıraq ki, əslində bu gözlənilən idi. Çünki Çin valyutasının avqust ayında reallaşdırdığı sürpriz devalvasiyadan sonra inkişaf etməkdə olan ölkələrdəki pul vahidlərinin təzyiq altına düşəcəyi bildirilirdi.

İtaliyada Matteo Renzi hökuməti 2016-ci ilin büdcəsində vergi endiriminə gedəcəyini bəyan edib. Yeni proqram çərçivəsində İtaliya mağazalarında alver zamanı nağd ödəmə limiti 3 min avroya yüksəldiləcək. Xatırladaq ki, köhnə baş nazir Mario Monti vergidən yayınmanın qarşısını almaq məqsədilə nağd ödəmə limitini 1000 Avroya endirmişdi və vergiləri artırmışdı. Onu da bildirək ki, İtaliya ikinci Dünya müharibəsindən sonrakı ən uzun durğunluq dövrünü yaşayır. Ölkənini iqtisadiyyatı yeni-yeni canlanmağa başlayıb. Ancaq Avropa Birliyinin iqtisadi bürokratiyası ölkəyə davamlı olaraq büdcə kəsintisinə getməsinə dair xəbərdarlıq edir.

Avropanın ən böyük iqtisadiyyatı Almaniyada İqtisadiyyat Nazirliyi 2015-ci il üzrə iqtisadi artım proqnozunu aşağı çəkib. İqtisadiyyat naziri Sigmar Gabriel bildirib ki, qlobal iqtisadiyyatda Çin və Asiya bazarlarında qaynaqlanan yavaşlamaya baxmayaraq Almaniyada iqtisadi artım davam edir. İxrac və idxalın həm bu il, həm də 2016-cı ildə artması gözlənilir. Buna baxmayaraq almanlar aprel ayında 1.8 faiz nəzərdə tutuqları iqtisadi artımı 1.7 faizə endiriblər.Lakin 2016-ci il üzrə iqtisadi artım rəqəmi 1.8 faiz saxlanılıb.

İngiltərədə 2008-ci ildən sonra ən aşağı işsizlik nisbəti qeydə alınıb. Belə ki, ölkədə işsizliyin 5.4 faiz təşkil etdiyi açıqlanıb. İqtisadçılar əvvəlki rübdə bu rəqəmi 5.5 faiz göstərmişdilər. Bunun dəyişməyəcəyini proqnozlaşdırmışdılar. Milli Statistika Ofisinin açıqladığı məlumatlara görə isə ölkədəki işsizlərin sayı iyun - avqust ayında 79 min nəfər azalaraq 1 milyon 774 min nəfər təşkil edib. Hesabat dövründə orta qazanc 3.0 faiz artıb . O cümlədən İngiltərədə işsizlik maaşı üçün müraciət edənlərin sayı 4600 nəfər artaraq 796 min nəfərə çatıb.

İş dünyası

İş dünyasında da şirkətlər qlobal iqtisadiyyatda gedən proseslərin təsirlərindən dad edirlər. Almaniyanın dünyaca məşhur geyim və aksesuar markalarından biri olan “Hugo Boss”un 2015-ci il üzrə satış və mənfəət gəlirləri düşüb. İlin üçüncü rübündə şirkətin gəlirləri 1 faizlik enişlə 744 milyon avro təşkil edib. Faiz, vergi və amortizasiya əvvəli qazancı isə 8 faiz enişlə 168 milyon avro açıqlanıb. Brendin gəlirlərinin azalmasına əsas səbəb kimi Çin iqtisadiyyatındakı yavaşlama, Amerika Birləşmiş Ştatlarında zəifləyən turistik xərcləmələr göstərilir.

İngilis lüks geyim və aksesuar markası “Burberry”nin də vəziyyəti yaxşı deyil. Hong Kong və Çin bazarlarında yavaşlayan satışları firmanın bu ilki böyümə hədəfini dəyişdirib. “Burberry”nin ilin ilk rübündə illik 6 faizə yüksələn mağaza satışları ikinci rübdə 4 faizə geriləyib. Şirkətin mütəxəssisləri isə bu haqda belə deyir: "Sektorda bir neçə ildir performansımız aşağı göstərici nümayiş etdirir. Bu da gözlənilməz deyil. Əgər İsveçrənin və başqa ölkələrin bənzər markalarının satışlarındakı geriləməyə baxsanız, Çinin idxalındaki 17.7 faizlik enişi görsəniz “Burberry” nin göstəricilərinin elə də pis olmadığını anlayarsınız”.

Maraqlıdır ki, bununla belə “Burberry”nin hissələri London Birjasında 2012-ci ildən sonra ən böyük dəyər itkisini yaşayıb. Bildirək ki, 159 illik tarixi olan “Burberry”nin qlobal pazarlardaki payının 30 -40 faizini Hong Kong və Çin üzrə satışlar təşkil edir.

İctimai paylaşma saytı “Twitter”isə 336 işçisini işdən azad edib. İşinə son verilən personalın əksəriyyəti məhsul inkişaf etdirmə və mühəndislik departamentlərinin əməkdaşları olub. Şirkət işdən çıxaracağı işçilərinə 10 ilə 20 milyon dollara yaxın təzminat ödəyəcək. “Twitter” işçiləri azaltmaqla əldə edəcəyi qənaəti yeni investisiyalarında istifadə edəcək. Aylıq 316 milyon aktiv istifadəçisi olan “Twitter”in yeni istifadəçi sayı son aylarda yavaşlayır. Şirkət bu ilin üçüncü rübü üzrə gəlirlərini 545 -560 milyon dollar arasında proqnozlaşdırır.

Gəldik çatdıq öz ölkəmizə...

Yola saldığımız həftə Milli Məclisin plenar iclasında 2016-cı ilin büdcə layihəsi müzakirə edildi, prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclası keçirildi. İclasda prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını nəzərdə tutan bir sıra tapşırıqlar verdi.

Başlayaq büdcədən. 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub ki, bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. O cümlədən 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır. Bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi isə 3,8% səviyyəsində olacaq. 2016-cı ilin dövlət büdcəsinin xərclərinə gəlincə, bu rəqəm 16,264 milyard manat nəzərdə tutulub. 2016-cı ildə Azərbaycanın büdcə xərclərinin ünvanlılığını artırmaq üçün “digər xərclər” maddəsi üzrə planlaşdırılmış xərclər cari illə müqayisədə 350 milyon manat və ya 20,3 faiz azaldılıb. Büdcə xərclərindən 5,364 milyard manat konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. 2016-cı ilin icmal büdcəsinin gəlirləri 16,72 milyard manat, xərcləri isə 19,907 milyard manat səviyyəsində proqnozlaşdırılıb. İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri 3,079 milyard manat səviyyəsində olacaq ki, bunun da 35,7 faizini (1,1 milyard manat) dövlət büdcəsindən transfertlər təşkil edəcək. 2016-cı il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 8,2 milyard manat səviyyəsində planlaşdırılıb ki, bu da cari ilin analoji göstəricisindən 33,4 faiz (4,105 milyard manat) azdır. 2016-cı ilin büdcə kəsiri 1 698 milyon manat və ya ÜDM-in (onun həcmi 57,7 milyard manat həcmində müəyyənləşdirilib) 2,9 faizi səviyyəsində proqnozlaşdırılır.

Həftənin daha bir önəmli hadisəsi İqtisadiyyat və Sənaye Nazirliyinin yoxlamaları dayandırması oldu. Qurum yalnız insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri həyata keçirəcək. Qeyd edək ki, bu addım Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının bir hissəsi kimi izah edilir. Həmin tapşırıqlardan sonra İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.

Mərkəzi Bank isə nizamnamə kapitalını 10 milyon manatdan 500 milyon manata artırır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Yola saldığımız həftə Əmanətlərin Sığortalanması Fondu banklardakı əmanətlərin vəziyyətini açıqladı. Məlum oldu ki, Bu ilin doqquz ayında fiziki şəxslərin cəmi əmanətləri (7 336 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 60%-ni təşkil edib. Hesabat dövrünə fiziki şəxslərin ümumi əmanətləri 659 milyon manat (10%), qorunan əmanətlər 2003 milyon manat (66%) artıb. Qorunmayan əmanətlər isə 1344 milyon manat (-37%) azalıb. Cari ilin doqquz ayının yekununda fiziki şəxslərin (7 336 mln manat) cəmi əmanətlərinin 69%-ni (5 044 mln manat) qorunan əmanətlər, 31%-ni ( 2 292 mln manat) isə qorunmayan əmanətlər təşkil edib. Hesabat dövründə kompensasiya olunan əmanətlər ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31% (528 milyon manat) artaraq 2 213 milyon manat olub. Ümumi əmanətlərin 30%-ni, qorunan əmanətlərin isə 44%-ni təşkil edir. Üzv banklar tərəfindən 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6%-nin (6 240 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır. Qorunan əmanətlərin 71%-i ABŞ dollarının, 25%-i manatın, 4%-i avronun payına düşür. Hazırda Fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.

Məndən bu qədər. Növbəti həftədə görüşənə qədər

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm