“Bank Technique”: qəfil və müəmmalı dönüş...
Bizi izləyin

Ekopublika.az

“Bank Technique”: qəfil və müəmmalı dönüş...

“Texnikabank”ın (“Bank Technique”) Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev yenidən bu banka rəhbər gətirilib. O, bu gündən - oktyabrın 27-dən etibarən işə başlayır.

Publika.az xatırladır ki, E.Əliyev, eləcə də ətrafındakı qrup bir müddət əvvəl Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunub. MTN əməkdaşları hətta 2012-ci ildə onu həbs də etmişdilər. Bundan sonra rəhbəri olduğu bank “Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Amma bankdakı piramida şəklində maliyyə fırıldaqlarına baxmayaraq, E.Əliyev həbsdə uzun müddət qalmadı. 9 aylıq həbsdən sonra “xəstəliyi” ilə əlaqədar azadlığa buraxıldı. Elə həmin ərəfədə də bankın adı dəyişdirildi.

Nəzərə çatdıraq ki, E.Əliyevin rəhbərlik etdiyi vaxt “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin Bakı filialında 100-ə yaxın əmanətçinin banka qoyduqları vəsaitlərin hesaba qoyulmaması və mənimsənilməsi faktı da aşkarlanmış və cinayət işi açılmışdı. Nə qədər təzadlı olsa da, E.Əliyev bu məsələdə də yaxasını geri çəkir. Qeyd edir ki, Müşahidə Şurasının sədri kimi o, 3 il 1 ay bankın Bakı filialını nəzarətsiz buraxıb. Hansı ki, bu da bank sistemində rast gəlinməyən praktikadır.

Başqa bir tərəfdən, E.Əliyevin yalanını elə sözügedən filialın iş üzrə təqsirli bilinən keçmiş müdiri Zal Yusifov da istintaqa ifadələrində ifşa edib. Belə ki, Yusifov bildirirdi ki, 2004-cü ildən 2007-ci ilin sonuna qədər banka qoyulmuş pulların təxminən 7 milyona qədəri Etibar Əliyevə verilib. E.Əliyev Türkiyədə otel və binalar tikdirdiyini və bunun üçün ona pul lazım olduğunu bildiribmiş.

Z.Yusifovun ifadəsində konkret olaraq deyilir: "22 avqust 2008-ci il tarixdə kassada qalan 2 494 932,09 manat pulu mən götürməmişəm. Həmin pul mən işdən çıxandan 7-8 ay əvvəl kassa qalığı kimi sənədlərdə göstərilib. Pul isə faktiki olaraq kassada olmayıb. Bu barədə də Etibar Əliyevin şəxsən özünün xəbəri var idi və bu pulların özü tərəfindən ödənməsinə problemsiz baxırdım... 2008-ci ilin avqust ayında mən Etibar Əliyevə müraciət edib dedim ki, əmanətçilərə faizlər verə bilmirəm, onların pullarını qaytarmaq lazımdır. Həmin pullar isə qaytarılan kreditlər vasitəsilə ödənilməli idi. Əmanətçilərin qoyduqları pulların təxminən 90%-i sənədləşdirilmiş, qalan 10 %-i isə Etibar Əliyevin göstərişi ilə sənədləşdirilməmiş yəni, balansdan çıxarılmışdı”.

Xatırladaq ki, bu məcrada məhkəmə çəkişmələri hələ davam edir. Əmanətçilər isə hələ də pullarını ala bilməyiblər. İndi sual doğuran məsələ isə odur ki, bankir kimi yüzlərlə əmanətçini aldadan, 38 milyon manata yaxın pul mənimsəyən Etibar Əliyev yenidən həmin bankın rəhbəri kimi müştərilərdə hansı etibarı qazanacaq?

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm